Türkiyədən AŞPA-ya qarşı ilk addım: alman deputatın səfəri ləğv edildi

Türkiyə hökuməti almaniyalı deputat Bernd Fabritiusun ölkəyə səfərini ləğv edib. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, deputat Avropa Şurasının tapşırığı ilə Türkiyəyə səfər etməli idi. Almaniyanın Xristian-Sosial İttifaqı partiyasının millət vəkili olan B. Fabritius öncədən planlaşdırılmış səfərin az müddət qalmış ləğv edildiyini bildirib: “Bu addımı məyusluqla qarşılayıram və Türkiyə hökumətini ləğv qərarını geri götürməyə çağırıram”.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) B. Fabritiusa “Türkiyənin hüquq dövləti prinsiplərinə sadiqliyini yoxlaması” üçün noyabr ayında səlahiyyət verib. Deputat may ayının əvvəllərində Türkiyənin ədalət naziri və Konstitusiya Məhkəməsinin sədri ilə də görüşməli idi. B. Fabritius səfərin ləğv edilməsindən sonra verdiyi açıqlamada bəyan edib ki, əlaqələr kəsilməməlidir və ən qısa müddət ərzində konstruktiv dialoq qurulmalıdır.

Xatırladaq ki, AŞPA aprelin 25-də Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi prosedurana qaytarılmasına böyük çoxluqla səs verib. Qətnamədə qeyd edilir ki, AŞPA Türkiyədəki hadisələrin monitorinqini və onun bu məsələ üzrə ölkədəki bütün qüvvələr ilə dialoqunu möhkəmləndirmək və fəallaşdırmaq istərdi: “İnsan haqlarına, demokratiyaya və qanunun aliliyinə hörmətə münasibətdə dərin narahatlığın baxılmasını təmin etmək üçün AŞPA mövcud məsələlər məqbul həll edilmədiyi müddət ərzində Türkiyəyə qarşı monitorinq prosedurunu bərpa etməyə qərar verib”. Türkiyə Xarici İşlər Nazirliyi AŞPA-nın bu qərarının siyasi olduğunu əsas gətirərək onu haqsız hesab etdiyini və qınadığını bəyan edib. Nazirlik bu qərarın AŞPA ilə əlaqələri yenidən nəzərdən keçirməyə vadara edəcəyini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top