Hüquqşünas: "Vergi orqanının bank hesablarına sərəncam qoyması konustitusiyaya ziddir"

Son günlər Vergilər Nazirliyi tərəfindən hüquqi və fiziki şəxslərin bank hesablarına qoyulan sərəncamların sayında artım müşahidə olunur. Məsələ ilə bağlı "Yeniavaz.com"a müraciət edən şirkətlərdən birinin nümayəndəsi bildirir ki, vergi hesabatının kameral yoxlanması (vergi ödəyicisinin sənədləri və məlumatları əsasında yerlərə getmədən yoxlamanın keçirilməsi) zamanı uyğunsuzluq aşkarlanıb və səyyar yoxlama (sənədlərin yerində yoxlanılması) təşkil etmədən şirkətə əlavə vergilər hesablanıb. Buna etriaz edən şirkət Vergilər Nazirliyinin Apellyasiya Şurasına müraciət edib. Apellyasiya Şurasından isə bildiriblər ki, müraciətə ən yaxşı halda bir ay müddətində baxılacaq. Vergilər Nazirliyi Apellyasiya Şurasının qərarını gözləmədən şirkətin bank hesabına sərəncam qoyub. Bu isə şirkətin fəaliyyətinə ciddi maneələr törədir. Məsələ ilə bağı "Yeniavaz.com"a açıqlama verən maliyyə sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirir ki, çox təəssüf ki, Azərbaycan qanunvericiliyi buna imkan verir: "Mövcud qanunvericilik imkan verir ki, vergi orqanı hesablamış olduğu vergi məbləğini bank hesabına sərəncam qoyaraq alsın. Əgər Apellyasiya Şurası qərar çıxararsa ki, vergi yanlış hesablanıb, o zaman vergi orqanı şirkətin bank hesabından çəkdiyi vəsaiti geri qaytarmalıdır".

Hüquqşünas bildirir ki, qanunvericilikdə məsələnin bu cür tənzimlənməsi hüquqi baxımdan yanlışdır: "Belə bir qanunun olması konustitusiyaya da ziddir. Bildiyimiz kimi, Azərbaycan konustitusiyasında mülkiyyətin 3 forması - dövlət, bələdiyə və xüsusi mülkiyyət müəyyən edilib. Bu mülkiyyət formaları konustitusiyaya görə bərabərdir. Məsələn, hər hansı bir şəxs ona borclu olan başqa bir şəxsin bank hesabından borc məbləğini çıxara bilərmi. Aydın məsələdir ki, bunu üçün məhkəməyə müraciət etmək lazımdır. Yəni məhkəmə qərarı olmadan heç kim başqasının bank hesabından vəsait çıxara bilməz. Ancaq borc alan tərəf dövlət mülkiyyəti olduğu zaman vəziyyət fərqli olur. Heç bir məhkəmə qərarı və ya başqa bir qərar olmadan dövlət ona çatacaq vəsaiti bank hesabından çıxarır. Bu isə o deməkdir ki, mülkiyyət formaları arasında ayrıseçkilik edilir və bu, konustitusiyaya ziddir".

Əkrəm Həsənov onu da qeyd etdi ki, bu məsələ konustitusiyaya zidd olsa da qaninvericilikdə yer alıb: "Vergi orqanları əvvəllər də bu üsuldan istifadə edərək vergi borclarını toplayıb. Sadəcə olaraq son zamanlar bank hesablarına sərəncam qoyulması halının artması onu gösrərir ki, vergi orqanları büdcə öhdəliyini yerinə yetirməkdə çətinlik çəkir və bu vasitələrdən istifadə edərək vergiləri toplamağa çalışırlar".

DİGƏR XƏBƏRLƏR

Top