Kinomuzun Gülbənizi

Bu gün Azərbaycanın görkəmli kino rejissoru, Əməkdar incəsənət xadimi Gülbəniz Əzimzadənin (1947 - 7.12.2006) anadan olmasından 70 il ötür.

Gülbəniz Əzimzadə Bakıda ziyalı ailəsində anadan olub. Atası Yusif Əzimzadə yazıçı, anası Gülnaz Salamova isə rəssam idi. Səkkizinci sinfi bitirdikdən sonra o, Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxuyub. 1969-1974-cü illərdə isə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. G. Əzimzadə 1974-1998-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-rejissor işləyib. Filmləri bir sıra kinofestivallarda mükafatlara layiq görülüb.

Onun Anarın "Dantenin yubileyi" povesti əsasında quruluş verdiyi eyniadlı film 1978-ci ildə ekranlaşdırılıb və maraqla qarşılanıb. G.Əzimzadə "Nəğmə dərsi" ("Ömrün səhifələri" kinoalmanaxı), "Ötən ilin son gecəsi", "İmtahan" (Anarın "Şəhərin yay günləri" pyesinin motivləri əsasında), "Qətl günü" (Yusif Səmədoğlunun eyniadlı romanı üzrə) kimi maraqlı filmlərin quruluşçu rejissorudur. Bir jurnalist kimi Gülbəniz xanımdan müsahibə alarkən, o, beş il "Qətl günü"nün ekran variantı üzərində çalışdığını və zəhmətinin hədər getmədiyini söyləmişdi. Onun "Müqəddəs oda yanaram" və "Ümid" adlı yeni dövr filmlərində Qarabağ müharibəsinin gətirdiyi faciələr və insanın həyatda yerini axtarması kimi mühüm mövzular əksini tapıb.

Gülbəniz Əzimzadə uşaq filmlərinin rejissoru kimi də tanınıb. "Avqust gələndə", "Qaladan tapılan mücrü", "Təkcə adanı özünlə apara bilməzsən" filmləri sənətkarın uşaqlarla işləmək bacarığının gözəl bədii nümunələridir. Yeri gəlmişkən, əsas mövzusunu insana və təbiətə məhəbbət təşkil edən "Təkcə adanı özünlə apara bilməzsən" bədii filmi ona böyük uğurlar qazandırıb.

Məlumat üçün bildirək ki, Gülbəniz xanım həm də Həsən Seyidbəylinin çəkdiyi Nəsimi filmində rejissor assisenti olub. O bir sıra filmlərin ssenari müəllifi kimi də çıxış edib. Son illər özünün yaratdığı "Lümyer-film" studyasında çalışıb.

Kino rejissoru kimi çətin peşəni zərif qadın çiyinlərində sonadək - keyfiyyəti kəmiyyətə qurban vermədən daşıyan Gülbəniz Əzimzadə 2006-cı ilin dekabrında uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. Dəyişməyən isə onun yaratdığı sənət inciləridir.

Qvami

DİGƏR XƏBƏRLƏR

Top