Hər birimiz onun "Görüş"ündə olmuşuq - bu gün onun ad günüdür

Onunla, demək olar ki, hər birimiz "Görüş"müşük, hətta onunla birgə "Qızmar günəş altında" olmuşuq, ondan "Bir qalanın sirri"ni öyrənməyə çalışmışıq, bəzən də "Sehrli xalat"ın tilsiminə düşmüşük. Üstəlik, "Əhməd haradadır?" deyib ona sual da vermişik... Bəli, o adlarını çəkdiyimiz həmin filmlərdə - "Görüş"də Əbülfəz, "Qızmar günəş altında"da Pirioğlu, "Bir qalanın sirri"ndə Rəmmal, "Sehrli xalat"da Vəzir, "Əhməd haradadır"da Əhməd kimi hər bir kinosevərə yaxın olub. O həmçinin "Şərikli çörək"də Xırdavatçı, "Bəxtiyar"da Rza, "Kölgələr sürünür"də Elmi işçi, "O olmasın bu olsun"da Bəy kimi də diqqət mərkəzimizdə olub. Onu "Mən ki gözəl deyildim"də Zeynalov, "Bizim Cəbiş müəllim"də Neftsatan, "Qərib cinlər diyarında" Qaraşad, "İstintaq davam edir"də Həsən dayı kimi də tanımışıq. O, "Bakıda küləklər əsir"in Sərnişini də olub. Yəqin, xatırladınız. Bəli, söhbət öz rollarını ilə könülləri fəth etmiş Xalq artisti Ağahüseyn Cavadovdan gedir. Bu gün bu müqtədir sənətkarın - mahir komediya ustasının (22 aprel, 1894) doğum günüdür.

Bəli, o həqiqətən, sənət aləminin xiridarı idi. Əsasən komik obrazların mahir ifaçısı olan Ağahüseyn Cavadovun yaratdığı rollara aradan bir neçə onilliklər keçsə də, sevə-sevə tamaşa edirik, onun adı çəkiləndə isə üzümüzə təbəssüm qonur. Yeri gəlmişkən, onu da qeyd edək ki, mən bu kiçik yazımda onu digər korifey sənətkarlarımızla da müqayisə etmək fikrinə düşdüm. Az sonra professor Məryəm Əlizadənin bu sözləri - "Onu öz nəslindən olan aktyorların heç biri ilə müqayisə etmək olmaz" - yadıma düşdü və elə bu səbəbdən fikrimdən daşındım. Onu da qeyd edək ki, Ağahüseyn Cavadov teatr səhnəmizdə də bir-birindən maraqlı obrazlar ərsəyə gətirib.

Aktyorun nəvəsi Könül xanımın sözlərinə görə, A. Cavadov böyük sənətkar olmaqla yanaşı, həm də mehriban, xeyirxah, təvazökar insan kimi tanınıb. Belə ki, İkinci Dünya müharibəsi dövründə aldığı maaşın hamısını fonda köçürərmiş, kimsəsiz, köməksiz insanlara qayğısını əsirgəməzmiş.

Qeyd edək ki, Ağahüseyn Xəlil oğlu Cavadov 1894-cü ildə Xırdalan qəsəbəsində doğulub. Aktyor 1931-ci ildə Əməkdar artist, 1938-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Ağahüseyn Cavadov 1981-ci ildə Bakıda vəfat edib. Məzarı ikinci Fəxri xiyabandadır.

Qvami

DİGƏR XƏBƏRLƏR

Top