Çoban ifaçı nazirin iş təklifini rədd etdi: "Mən peşəkar ifaçı olmaq istəyirəm"

Qoyun otararkən ifasını əks etdirən videogörüntü sosial şəbəkədə yayımlanandan sonra məşhurlaşan Neftçala sakini Pərvin Səfərovla bağlı məlumat vermişdik. Bir sıra saytlarda P. Səfərova Mədəniyyət və Turizm Nazirliyi tərəfindən vəzifə verildiyi barədə məlumatlar yer alıb. Məsələni aydınlaşdırmaq üçün P. Səvərovla əlaqə saxladıq.

İfaçı "Yeniavaz.com" saytına açıqlamasında dedi ki, aprel ayının 2-i Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri gəlib onunla görüşüblər: "Salyanda bir tədbir var idi, ora apardılar. Tədbirlər mənim üçün adi gəlir, yeni bir şey deyil. Tədbirdə də çıxış etdim. Vəzifə məsələsində gəldikdə isə "sənin barəndə bir şey fikirləşərik", - dedilər. Mən dövlətdən dəstək gözləyirəm. Onlar dedilər ki, bu məsələ birbaşa Nazirliyin təşəbbüsü ilə həyata keçirilir. Nazirliyin nümayəndələri sonra mənə zəng vurub dedilər ki, sənin barəndə təyinat göndərmişik, birinci gün mədəniyyət şöbəsində işlə təmin olunacaqsan. Mən də onlara iş istəmədiyimi bildirmişəm. Təhsil almaq istəyirəm, peşəkar ifaçı olmaq istəyirəm. Nazirlik nümayəndələrinin mənə təklif etdiyi işin nə olduğunu bilirəm. Yerli kənd mədəniyyət evində "bədii rəhbər" və ya hansısa işlə təmin edəcəklər. Burada ifam üçün, sənətimdə inkişaf üçün heç bir perspektiv görmürəm. Sadəcə işlə təmin olundum, elə də qalacaq. Mən peşəkar ifaçı olmaq istəyirəm. Əgər mümkündürsə, təhsil alım, mümkün deyilsə, o işi istəmirəm".

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top