"Adını bilmədiyim gül"

Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda gənc şairə Firəngiz Əhmədovanın "Adını bilmədiyim gül" kitabının təqdimatı keçirilib. "Qobustan" jurnalının baş redaktoru, yazıçı-tərcüməçi, AYB Quba bölməsinin sədri Vaqif Əlixanlı şairənin kitabından ətraflı söz açıb. Onun sözlərinə görə, Firəngiz xanım özünəməxsus könül çırpıntılarını elə özünəməxsus şəkildə də oxucusuna çatdıran bir şairədir. O eyni zamanda Quba ədəbi mühiti barədə də tədbir iştirakçılarına məlumat verib.

Tədbirdə Karabük Universitetinin dosenti Ali Asker Firəngiz xanımın yaradıcılığı ilə sosial şəbəkələrdən tanış olduğunu və onun poeziya aləmini mütəmadi izlədiyini söyləyib. Tərcüməçilik fəaliyyəti də məşğul olduğunu vurğulayan Ələsgər müəllim şairənin bir neçə şeirini türkcəyə uyğunlaşdıracağını və nəşr etdirəcəyini də bildirib. Onun bu addımı sonrakı çıxış edənlər tərəfindən təqdir olunub.

Şair-publisist Cabir Albantürk Azərbaycan Yazıçılar Birliyinin üzvü Firəngiz Əhmədovanın "Adını bilmədiyim gül"ünün məziyyətləri ilə yanaşı, şairənin bəzi şeirlərindəki nöqsanlarından söz açıb. Çıxışının sonunda isə Cabir Albantürk şairənin bu kimi qüsurları qısa zaman kəsiyində aradan qaldıracağını əminliklə vurğulayıb.

"Ulduz" jurnalının baş redaktoru, Qulu Ağsəs də bu kimi qüsurların aradan qaldırılmasında elə bir problem görmədiyini qeyd edib.

Şair Qəşəm Nəcəfzadə Firəngiz Əhmədovanın poetik tapıntılarından söz açarkən qeyd edib ki, şairə bu kimi axtarışları, əldə etdiyi kəşfləri ilə məni hətta təəccübləndirə bilib: "Güman edirəm ki, Firəngiz xanım bu sahədəki axtarışlarını indən belə də səylə davam etdirəcək və çox qələm sahibini heyrətləndirəcək".

Şair Oqtay Rza da "Adını bilmədiyim gül"ün ünvanına xoş sözlər ünvanlayıb. Lakin o, şairəyə öz iradını belə bildirib: "Qızım, yaxşı olardı ki, poeziya aləmində bir təxəllüsün də olsun. Bununla sən həm də soyad sonluğundakı "ov"dan qurtulmuş olarsan".

Daha sonra çıxış edənlər - yazıçılar Kərim Dünyamalı, Rövşən Yerfi, şair Faiq Balabəyli, şairələr - Aləmzar Sadıqova, Narıngül Babayeva, həmçinin şairənin sinif yoldaşı İlkin Balayev və başqaları müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.

Qvami Məhəbbətoğlu

DİGƏR XƏBƏRLƏR

Top