Musiqili Teatr gələn ay xüsusi repertuar əsasında fəaliyyət göstərəcək

Azərbaycan Dövlət Musiqili Teatrı may ayında ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı hazırlıqlarını başa çatdırıb. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Dövlət Musiqili Teatrı İslamiada ilə əlaqədar xüsusi tədbirlər planı hazırlayıb. Bu mənada Musiqili Teatr gələn ay xüsusi repertuar əsasında fəaliyyət göstərəcək: "May ayında teatrımızda 26 tamaşanın nümayişi nəzərdə tutulur. Mayın 5-dən 30-na kimi demək olar ki, hər gün 2 tamaşa tamaşaçılara - qonaqlara, turistlərə, yarış iştirakçılarına təqdim olunacaq. Nümayişini planlaşdırdığımız səhnə əsərlərinin siyahısına klassik, müasir və uşaq tamaşaları daxildir. Gələn ay ölkəmizə, xüsusilə də idman yarışlarının keçiriləcəyi paytaxtımıza dünyanın müxtəlif ölkələrindən çoxsaylı qonaqların - turistlərin, azarkeşlərin gəlməsi gözlənilir. Bunu nəzərə alaraq repertuarımıza ingilis dilinə tərcümə olunmuş bir sıra əsərləri daxil etmişik. Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun", "Ər və arvad", Ə. Haqverdiyevin "Kimdir müqəssir?", O. Kazimi və R. Heydərin "Qızıl toy", R. Hacıyevin "Talelər qovuşanda" və başqa əsərlər ingilis dilində tərcümə sətirlər - qaçan titrlər vasitəsilə əcnəbi qonaqlarımıza təqdim olunacaq".

Qeyd edək ki, Dövlət Musiqili Teatrı artıq bu təcrübədən istifadə edib.

DİGƏR XƏBƏRLƏR

Top