Xəzərdən başlayan səyahətin növbəti dayanacağı Gəncə olub

Xəzər dənizindən start götürən "Bakı 2017" ümumxalq səyahət turu bu gün Gəncəyə çatıb. Azərbaycanın 15 bölgəsində baş tutacaq bu tur xalqımıza idman bayramı əhval-ruhiyyəsini bəxş etməklə bərabər, eyni zamanda həmrəylik və sevinc hissini də nəsib edəcək.

"Yeniavaz.com" xəbər verir ki, bu əlamətdar günlə əlaqədar bu gün səhər ilk olaraq Göygöl gölü ətrafında tədbir keçirilib: "Göygöl Azərbaycanın ən gözəl göllərindən biridir. Murovdağın ətəklərində yerləşən bu göl Göygöl Milli Parkının ərazisinə düşür. Burada bölgənin sub-alp ekosistemi qorunur. 1139-cu ildə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq, Ağsu çayının qarşısını kəsib bu gölü yaradıb.

Su mərasimi, piano və skripka həvəskarı Aysu Salahova, Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Zeynalov və sərbəst güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov tərəfindən göldən səhəngə su doldurulması ilə nümayiş etdirilib.

Qeyd edək ki, Bakıdan səyahətə başlayan səhəng 12 may tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq açılış mərasiminin bir hissəsi olacaq.

Azərbaycan ərazisini əhatə edən və Xəzərdən Başlayan Səyahətin növbəti dayanacağı 21 aprel tarixində Şəmkir rayonu olacaq. Xəzər dənizindən başlayan, 37 gün ərzində 3000 km-dən artıq məsafəni qət edəcək səyahət 15 bölgəni əhatə edəcək.

Vüqar Nəbiyev

DİGƏR XƏBƏRLƏR

Top