Amerikanı yenidən kəşf etmək...

ABŞ dünyada turistlərin ən çox ziyarət etdiyi ölkələrdən hesab olunur. Zəngin tarixi keçmişə sahib olmamasına rəğmən hər il milyonlarla insan ABŞ-ın müxtəlif şəhərlərinə səfər edirlər. Dünyanın ən böyük iqtisadiyyatına sahib olan bu ölkə müasir memarlıq nümunələri ilə hər zaman dünya turistlərinin diqqət mərkəzində olub. Təsadüfi deyil ki, ötən ilin nəticələrinə görə, dünyada ən çox turist qəbul edən 10 məkandan 9-u ABŞ-da yerləşir. Təkcə Las-Veqas şəhərindəki əyləncə mərkəzlərini ötən il 39,7 milyon turist ziyarət edib. Müqayisə üçün bildirək ki, bu ölkəmizə səfər edən turistlərin sayından təxminən 20 dəfə çoxdur. ABŞ turistlərin gözündə maraqlı edən təkcə ayrı-ayrı məkanlar deyil, həm də amerikalıların həyat tərzi və bu ölkədə mövcud olan qəribəliklərdir. Belə qəribəliklərdən biri də ABŞ-ın ayrı-ayrı ştatlarının qanunvericiliyi ilə bağlıdır. Dünyanın super dövlətini təşkil edən 50 ştatın hər birində hazırda qüvvədə olan qəribə, bəzən də əcaib qanunlar və yasaqlar var. İngilis yazıçısı Enni Morqan ştatların yerli qanunvericiliklərini araşdıraraq absurd yasaqların siyahısını hazırlayıb. "Yeniavaz.com" maraqlı olacağını nəzərə alaraq bunlardan bəzilərini sizlərə təqdim edir:

Alabama - Burada saxta bığ vurub kilsəyə getmək və camaatı güldürmək olmaz.

Alyaska - Sığın ovunda olan adamın qulağına nə isə pıçıldamaq olmaz.

Arizona - Kaktus kəsəni 25 il həbs gözləyir.

Arkanzas - Ştatın adını yanlış söyləmək olmaz.

Kaliforniya - Hamamda portağal yemək qadağandır.

Kolorado - Tozsoranı qonşuya vermək olmaz.

Konnektikut - Masanın üzərinə atıldığı zaman bir yerdə durmayan duzlu xiyarı satmaq olmaz.

Delaver - Mərclə evlənmək olmaz.

Vaşinqton - Kiminsə dueldən imtina etdiyinə görə onu qorxaq adlandırmaq olmaz.

Florida - Avtomobil dayanacağında fil saxlayan maşın sahibi kimi pul ödəməlidir.

Corciya - Vitrindəki manekenin paltarını çıxarıb geyinmək qadağandır.

Havay - Qayıq sürə bilməyənlər cərimələnir.

Aydaho - Kişi sevdiyi qadına çəkisi 12 kq-dan az konfet qutusunu hədiyyə edə bilməz.

İllinoys - Fransız pudeli cinsli köpəyi operaya aparmaq olmaz.

İndiana - "Pi" əmsalı bütün dünyadakı kimi 3,1415 yox, 4-ə bərabərdir.

Ayova - Bir qolu olmayan pianoçular pulsuz ifa etməlidirlər.

Kanzas - Zolaqlı kostyum geyinən kişilərə bıçaq atmaq olmaz.

Kentukki - Hər sakin heç olmasa, ildə bir dəfə çimməlidir.

Luiziana - Protez dişlərlə kimisə dişləmək cinayətdir.

Men - Yanvarın 14-dən sonra evdə bəzəkli yolka saxlamaq cinayətdir.

Merilend - Qabyuyanı yumaq qadağandır.

Massaçusets - Maşının arxa oturacağında qorilla daşımaq yasaqdır.

Miçiqan - Ərin icazəsi olmadan qadın saçlarını kəsərək qısalda bilməz.

Missisipi - İtə "it paltarı" geyindirməmiş küçədə gəzdirmək qadağandır.

Missuri - Uşaqların dükandan oyuncaq almaları qadağandır.

Montana - Ərə gəlmiş məktubu arvadın oxuması qadağandır.

Nebraska - Şorba bişməyən barda pivə satıla bilməz.

Nevada - Bığlı kişilərin qadınları öpmələri yasaqdır.

Nyu-Hempşir - Qumar borcunu ödəmək üçün əyindəki paltarı çıxarıb satmaq yasaqdır.

Nyu-York - Liftdə olanda danışmaq, əlləri cütləyib liftin qapısı tərəfə baxmamaq qadağandır.

Şimali Dakota - Ayaqqabılı yatmaq olmaz.

Oklahoma - Başqasının buterbrodunu dişləmək yasaqdır.

Rod-Aylend - Kiminsə ayağını dişləmək cinayətdir.

Texas - Otelin ikinci mərtəbəsindən öküzə atəş açmaq olmaz.

Yuta - Süd içməmək yasaqdır.

Vermont - Qadın protez diş taxmaq üçün ərindən yazılı icazə almalıdır.

Virciniya - Qadını qıdıqlamaq olmaz.

P.S. Qeyd edək ki, ABŞ ştatlarının yerli qanunvericiliyində mövcud olan bu höküm və qadağaların əksəriyyəti faktiki olaraq icra olunmur. Həttə əksər amerikalıların özlərinini belə bu əcaib qərarlardan xəbərləri yoxdur.

Yeniavaz.com

DİGƏR XƏBƏRLƏR

Top