15 ildir anasının yolunu gözləyir - Mingəçevirdə

Biz Talehlə Mingəçevirdəki uşaq nevroloji sanatoriyasının qapısının ağzında qarşılaşdıq. Taleh yol gözləyən adama oxşayırdı. Boğuq səslə aramsız gəlib–keçənlərdən “bəlkə anam da burdan keçdi” deyirdi. Bir anlıq ayaq saxlayıb soruşduq ki, anan hardadır? Taleh bildirdi ki, 15 ildir anasının yolunu gözləyir: “Amma anam məni atıb. 15 ildir ki, uşaq evinin soyuq divarları arasımdayam. Adımı Taleh qoydular, amma mənim taleyim üzümə gülmədi”.

Biz Talehdən soruşduq ki, burada sənə necə baxırlar? O, dinmədi, başını aşağı salıb ağladı.

Öyrəndik ki, onun ən böyük arzusu anasına qovuşmaqdır: “Burada bizə hər cür qulluq var. Amma mən bu divarların arasında sıxılıram. Arabir burdakı işçilər bizi öz evlərinə aparırlar. Mən onlara gedəndə heç bura qayıtmaq istəmirəm. Ev, ana nə qədər gözəl bir hissdir. Bəlkə də siz məni anlaya bilməzsiniz. Mən xəyal qurmağı da xoşlayıram. Hərdən tək bir otağa çəkilib, özlüyümdə anamla danışıram. Bilirsiz mən onu nə qədər istəyirəm”.

Məsələ ilə yaxından maraqlanmaq üçün sanatoriyanın baş həkimi Fəxrəntac Hüseynova ilə görüşdük. Fəxrəntac xanım bildirdi ki, Taleh 1 yaşından burada müalicə alır: “Talehi anası bura gətirəndə uşaqda nevroloji xəstəlik var idi və bu səbəbdən aşağı ətrafları hərəkətsiz idi. Biz onu müalicə etdik, müalicədən sonra o, 3 yaşında yeriməyə başladı. Amma nevroloji problemi hələ qalmaqdadır. O da ondan irəli gəlir ki, bu uşaq ev, ana istəyir. Ana yanında olmadığından, stresdən bu hallar baş verir”.

Bəs niyə görə ana bu uşağı bura atıb gedib? Həkim bildirdi ki, anası həyat yoldaşı rəhmətə gedəndən sonra bu uşaqla tək qalıb: “Küçələri süpürməklə dolanırdı. Işə gedəndə yayda, qışda özü ilə aparırmış. Asfaltın üstünə qoyub, küçələri süpürürmüş. Beləliklə, bu uşaq ana işini qurtarana qədər daşın üstündə qalırmış. Qadın uşağı bizə gətirdəndə sağalacağına ümidimiz yox idi. Amma səyimiz nəticəsində Taleh yaxşı oldu. Sonradan onun anası arxasınca gəlmədi. Biz onu axtardıq. Dedilər ki, Şəkiyə, yaşlı bir kişiyə ərə gedib. İnanırsız, biz onu qapının, pəncərənin ağzından içəri gətirə bilmirik. Elə deyir ki, bəlkə anam gəldi. Bu yaxınlarda anası gəlib çıxdı. Amma övladına sahib çıxmadı. Həyat yoldaşı pensiya alanda ona bir-iki manat pul verir ki, get arada uşağını gör, amma bura gətirmə. O qadın bura gələndə inanırsınız Taleh ona necə yalvarır ki, məni də özünlə apar. Qadına dedik ki, heç olmasa tətil günlərində gəl, bu uşağı apar bir-iki gün sizinlə qalsın, amma gəlmədi”.

Fəxrəntac xanım onu da dedi ki, Talehi şəhərdəki köçkün məktəbinin 8–ci sinifində oxuyur: “Biz Taleh kimi uşaqları 16 yaşına qədər burada saxlaya bilirik. Ona görə də bu kimi uşaqların gələcəyini nəzərə alıb, belə uşaqları sənətə yiyələndiririk. Taleh də bərbər uştasının yanında şagirddir. Bir iş adamı var, belə uşaqların təhsil, sənət almasında bizə təmənnasız kömək edir”.

Biz sanatoriyadan çıxanda Taleh bizimlə bir ismarıc da göndərdi.Dedi ki,əgər anamı görsəniz deyin gəlib məni aparsın. Sabah belə analar qocalanda, efirlərə çıxıb oğul axtarıram deyəndə görəsən belə oğullar elə anaları bağışlayacaqmı?

DİGƏR XƏBƏRLƏR

Top