"Manatın kursunu aşağı salıb ofislərinə qayıdırlar" - Vüqar Bayramov

"Valyuta bazarımızda bu gün də dollar bahalaşdı. Deməli, "valyuta artıqlığı" olan banklar yenidən dollar alaraq tələb yaratdılar. Və bu o deməkdir ki, "valyuta artıqlığı" sadəcə termindir, əslində alqı-satqı inzibati yolla məhdudlaşdırılır". Yeniavaz.com saytı xəbər verir ki, bunu iqtsadçı alim Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, bankların əksəriyyəti vətəndaşlara dollar satmır: "Onlardan bəziləri hətta dollar da almır, amma hər hərraca gedib dollar alıb, manatın kursunu aşağı salıb ofislərinə qayıdırlar. İnanmaq istərdim ki, banklar dollarları süvenir kimi saxlamırlar. Çünki əslində, süvenir kimi saxlasaydılar, o zaman "qara bazar"da da dollar qıtlığı olardı. Mərkəzi Bank deyir ki, banklar "qara bazar"a dollar vermilər. Belə anlaşılmırmı, "qara bazar" artıq dolları birbaşa hərraclardan alır? Çünki dollar emissiya hüququ ABŞ-ın Federal Ehtiyatlar Sistemindədir, "qara bazarımızın" hələlik elə hüququ yoxdur. Onsuz da hərraclar da qapalı keçirilir, orada kimlərin dollar aldığını Mərkəzi Bank ictimaiyyətə açıqlamır".

Vüqar Bayramov bir maraqlı məqama da toxunub: "Maraqlıdır ki, hamı "qara bazar"dan danışır, amma nə Mərkəzi Bank, nə də Maliyyə Bazarlarına Nəzarət Palatası müəyyənləşdirmir ki, həmin bazara pul haradan və necə daxil olur. Və ya müəyyənləşdirsələr də real addımlar atmaq istəmir. Amma nə qədər ki, "qara bazar" fəaliyyətini genişləndirəcək o qədər hərraclarda dollara tələb yüksək olaraq qalacaq və manat dəyər itirəcək".

DİGƏR XƏBƏRLƏR

Top