Pullarımızı "çirklənməyə" qoymayan - PLASTİK KARTLAR

Təxminən 20-30 il əvvəl nağd ödəniş etmədən nəyisə satın almağın mümkün olacağını bir-çoxumuz təsəvvür belə etmirdik. Ancaq bu gün ölçüsü kağız əsginaslardan da kiçik olan ödəniş kartları (plastik kartlar) vasitəsilə istədiyimiz məhsulu və ya xidməti satın ala bilirik. Mübağiləsiz demək olar ki, ödəniş kartları həyatımıza daxil olan ən faydalı yeniliklərdən biridir.

Nağd ödəniş etmədən alış-veriş etməyimizə imkan verən ödəniş karları ilk dəfə 19-cu əsrin ikinci yarısında Amerika Birləşmiş Ştatlarında (ABŞ) ortaya çıxıb. İlk ödəniş kartı 1854-cü ildə "Hotel Credit Letter Company" adlı şirkət tərəfindən istifadəyə buraxılıb. Təbii ki, o zaman istifadə olunan ödəniş kartları müasir kartlardan fərqli olaraq məhdud imkanlara sahib olub. Məsələn, haqqında bəhs etdiyimiz ilk ödəniş kartının imkanlarından yalnız bir-neçə turizm şirkəti faydalana bilirmiş. Müasir ödəniş kartlar isə ötən əsrin ortalarında meydana çıxıb. O zamanlar elektron texnologiya geniş şəkildə tətbiq olunmadığı üçün insanlar nağd ödəniş əvəzinə imzalı kağızlardan istifadə edirdilər. Eyni zamanda o dövrdə ödəniş kartına sahib olmaq hər kəsə nəsib olmurdu. Lakin, ötən əsrin 90-cı illərində İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) sahəsində baş verən inqilabi yeniliklər ödəniş kartlarından istifadəni də kütləviləşdirdi. Təxmini hesablamalara görə bu gün dünyada 1,5 milyard ödəniş kartı mövcuddur. Hazırda inkişaf etmiş ölkələrdə alış-verişin təxminən 80-85%-i ödəniş kartları vasitəsi ilə aparılır.

Araşdırmalara görə, 2016-cı ildə dünya üzrə kredit və debet kartları ilə ödənişlərin dövriyyəsi 23,2 trilyon dollar təşkil edəcək. Cari ilin sonuna nağd alış-verişin dövriyyəsi isə 22,6 trilyon dollar olacaq. Beləliklə, tarixdə ilk dəfə nağdsız ödəniş dövriyyəsi nağd alış-veriş həcmini üstələyəcək. Tədqiqatın nəticələri göstərir ki, 2002-ci ildən etibarən nağd ödənişlərin həcmi azalmaqdadır, kredit və debet kartları ilə ödənişlərin dövriyyəsi isə artır. Bildirilir ki, Asiya - Sakit Okean regionunda bu il nağdsız ödənişlərin həcmi 1,7 trilyon dollar artacaq. Şimali Amerikada isə 187 milyard dollarlıq artım gözlənilir.

POS-terminallar vasitəsilə 638 min nağdsız ödəniş əməliyyatı həyata keçirilib

Bəs, bu sahədə ölkəmizdə vəziyyət necədir? Mərkəzi Bankın açıqladığı sonuncu hesabatda (2016-ci ilin ilk III rübü) göstərilir ki, bu ilin sentyabr ayında Azərbaycanda POS-terminallar vasitəsilə 51 milyon manat həcmində 638 min nağdsız ödəniş əməliyyatı həyata keçirilib. ötən ilin eyni ayı ilə müqayisədə ödənişlərin həcmində 50% artım, sayında isə əksinə 24% azalma müşahidə olunub.

POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmi ötən ilin ilk 9 ayı ilə müqayisədə 23% artaraq 2016-cı ilin yanvar-sentyabr aylarında 362 milyon manata çatıb. Bankomatlar vasitəsilə nağdsız ödənişlərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,5% azalaraq sentyabrda 28 milyon manat, sayı isə 53% artaraq 81 min ədəd olub. Hesabata əsasən, cari ilin yanvar-sentyabr aylarında ATM-lər vasitəsilə nağdsız ödənişlərin həcmi 3% artaraq 240 milyon manat təşkil edib.

Beləliklə, ATM və POS-terminallar vasitəsilə yanvar-sentyabr aylarında cəmi nağdsız ödənişlərin həcmi ötən ilin eyni dövrünə nisbətən 14,2% artaraq 602 milyon manata çatıb.

Nağsız ödənişlərin sayı artsa da ödəniş kartlarının sayı azalıb

2016-cı ilin avqust ayında iyul ayı ilə müqayisədə ödəniş kartlarının sayı 158 min ədəd azalaraq 5 milyon 270 min ədədə düşüb. İlin əvvəlindən ödəniş kartları 389 min ədəd, ötən ilin iyun ayından bəri isə 818 min ədəd azalıb. Qeyd edək ki, 2015-ci ilin iyun ayında Azərbaycanda cəmi ödəniş kartlarının sayı 6 milyon 88 min ədədə qalxmışdı. Avqustda sosial kartlar 134 min ədəd azalaraq 2 milyon 363 min ədədə, kredit kartları 16 min ədəd azalaraq 728 min ədədə, debet kartları 13 min ədəd azalaraq 648 min ədədə düşüb. Əməkhaqqı kartları isə 5 min ədəd artaq 1 milyon 531 min ədədə yüksəlib. 2015-ci ilin Yanvar ayında kredit kartlarının sayı 1 milyon 322 min ədədə qalxmışdı. Ötən müddət ərzində kredit kartlarının sayı 594 min ədəd azalıb. Təkcə 2016-cı ilin 8 ayı ərzində kredit kartlarının sayı 282 min ədəd azalıb. Ötən ilin 8 ayında kredit kartlarının sayı 141 min ədəd azalmışdı.

Cəmi bir neçə saniyə ərzində kredit götürmək imkanı

Ölkəmizdə insanların ödəniş vasitəsi kimi kartlardan daha az istifadə etməsinin bir çox səbəbi var. Əsas səbəblərdən biri və bəlkə də birincisi odur ki, insanlar ödəniş kartları barədə, bu kartların faydaları barədə kifayət qədər məlumatlı deyillər. Qeyd etdiyimiz kimi, döriyyədə olan ödəniş kartlarının sayı çox olsa da bunların böyük əksəriyyatini debat kartlar təşkil edir. İnsanların əksəriyyəti isə debat kartlardan ancaq əməkhaqqı və sosial müavinətləri nağd vəsaitə çevirmək üçün faydalanırlar. Nağsız ödənişlərdə əvəzsiz vasitə olan digər bir ödəniş kartı - kredit kartından istifadə edənlərin sayı isə olduqca azdır. Məlumat üçün qeyd edək ki, debat kartlardan fərqli olaraq kredit kartları hesabda kifayət qədər pul olmadıqda belə əlavə vəsait almağa imkanı verir. Ümumiyyətlə ödəniş kartlarının, əsasən də kredit kartının bir sıra üstünlükləri vardır ki, bu üstünlüklərin bir-neçəsini aşağıdakı kimi sıralamaq mümkündür:

- Siz üzərinzdə nağd vəsait gəzdirmirsiniz

- Pulunuzun itməsi, oğurlanması kimi təhlükələrdən uzaqsınız

- Gömrükdən keçərkən pul vəsaitlərinizi bəyan etməyinizə ehtiyac qalmır

- Cəmi bir neçə saniyə ərzində kredit götürmək imkanınız olur

- Heç bir yerə getmədən oturduğunuz yerdə onlayn ödəniş etmək imkanına sahibsiniz

Onu da bildirək ki, kredit kartından istifadənin təkcə kart sahibinə faydaları olmur. Eyni zamanda vətəndaşların kredit kartından istifadəsi dövlət üçün də əhəmiyyətlidir. Nağdsız ödənişlər "çirkli pulların" dövriyyəsini azaldaraq gizli iqtisadiyyatın "inkişafına" mane olur. Eyni zamanda ödəniş kartları vergidən yayınmanın qarşısını aldığı kimi dövlətləri kağız əsginaslar və metal sikkələr hazırlamaq zəhmətindən və xərcindən azad edir. Ödəniş kartlarından istifadə zamanı pul vəsaitləri banklardan kənara çıxmadığı üçün bankların likvidlik problemi də (nağd vəsaitə olan ehtiyac) olmur. Nəticədə bu amil bank faizlərinin aşağı olmasına gətirib çıxarır.

Kredit kartından düzgün faydalanmasaq...

Bir məsələni də qeyd edək ki, kredit kartının faydalarından düzgün istifadə edilmədiyi təqdirdə həm kart sahibi, həm də banklar zərər görə bilir. Bəzən insanlar plansız şəkildə alış-veriş edirlər. Hesablarında olan pul vəsaitlərini qısa müddətdə xərcləyib qurtarırlar. Geri qaytarmağa imkanları olmadığı halda kredit götürürlər. Nəticədə insanlarn banklar qarşısında borclu vəziyyətə düşür. Təcrübə göstərir ki, bir çox hallarda banklar kredit borclarını geri ala bilmirlər. Belə vəziyyət isə bankların effektiv fəaliyyətinə mane olur.

Yeniavaz.com

DİGƏR XƏBƏRLƏR

Top