"Soyuq Əllər, İsti Ürək"

Fəvvarələr meydanında "Nargis Fund"un rəhbərliyi və "Amapola Exclusive Events" təşkilatı dəstəyi ilə növbəti, dördüncü "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası açılıb. Yarmarka 2017-ci il yanvarın 15-dək davam edəcək. Ənənəyə görə, tədbirdə toplanmış vəsait xeyriyyə məqsədləri üçün istifadə olunacaq. "Nargis Fund" yarmarkanın sponsorları - Azərbaycan Beynəlxalq Bankı, "Amapola Exclusive Events", "Caspian Drilling Company", SEBA (Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası), "Azərişıq", "Elevatione", "Norm", "Fresh Catering" ilə birlikdə ehtiyacı olan uşaqlara (müalicə, cərrahiyyə əməliyyatı və sair) kömək göstərəcək.

Yarmarkanın əsas qonaqları uşaq evlərinin sakinləri olacaq. Onları tanınmış adamlarla görüşlər, sevimli ifaçıların çıxışları, ənənəvi suvenirlər, şirniyyatlar və sponsorların hədiyyələri, sürprizlər və çoxsaylı əyləncələr gözləyir.

Xeyriyyə yarmarkası Fəvvarələr meydanındakı kiçik taxta evlərdə təşkil edilib. Burada doğmalar və yaxın adamlar üçün Yeni İl hədiyyələri, suvenirlər, kitablar, geyim və şirniyyat almaq, bununla da ehtiyacı olan uşaqlara böyük sevinc bəxş etmək olar. Satışa yalnız müxtəlif şirkətlərin məhsulları deyil, həm də internat məktəblərinin yetirmələri tərəfindən hazırlanan məmulatlar çıxarılıb.

Yarmarka günlərində keçiriləcək əyləncəli proqramlarda Şaxta Baba və Qar Qız, habelə sevimli nağıl qəhrəmanlarını da görmək mümkün olacaq. Bu barədə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən məlumat verilib.

DİGƏR XƏBƏRLƏR

Top