Xalça muzeyində "Təsadüf"

Azərbaycan Xalça Muzeyində Azərbaycanın Əməkdar rəssamı İnna Kostinanın "Təsadüf" adlı fərdi sərgisi açılıb. Sərgidə 48 ədəd batika nümunəsi təqdim olunub. Bəri başdan qeyd edək ki, bu əsərlər rəssamın isti və soyuq batika texnikaları ilə yaratdığı "Simurq" və "İstidir, qaqaş" silsilələrindən olan rəsm nümunələrinin elementləri əsasında ərsəyə gəlib.

Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikovanın sözlərinə görə, batika sənəti dünyanın ən qədim tətbiqi sənət növlərindən biridir və müxtəlif texnikaları ilə seçilir: "Azərbaycanda batika kəlağayı sənətində çox qədim dövrlərdə inkişaf edib. Azərbaycan Xalça Muzeyinin kolleksiyasında çox gözəl, əsrarəngiz kəlağayılar da toplanır. Bu mənada "Təsadüf" adlı sərginin məhz Azərbaycan Xalça Muzeyində açılması heç də təsadüfi deyil".

Yeri gəlmişkən, onu da qeyd edək ki, sərginin açılış mərasimində AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA müxbir üzvü, professor Ərtəqin Salamzadə, Azərbayca Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, professor, Azərbaycanın əməkdar xadimi Afaq Məmmədova da sərgi ilə bağlı öz təəsüratlarını bölüşüblər. Bildirilib ki, sənətin sirlərini tələbələrinə ürəkaçıqlığı ilə öyrədən İnna Kostinanın "Təsadüf" sərgisində yer alan əsərlərdə biz təsadüfü yox, həyatın məqamlarını görürük. Əsərlərə baxanda rəng çalarlığının müxtəlifliyini görürük. Rənglər bir-birinə təzad təşkil etsə də, kompozisiya daxilində vəhdət yaradır. Rənglərin seçimi, incə bənövşəyidən tutmuş tünd çalarlaradək - bu bizim yaşadığımız həyatdır. Bütün türk xalqlarında Simurq pozitiv, sabaha inam yaradan obrazdır. İnna Kostinanın əsərlərində o, müxtəlifdir. Bəzi şəkillərdə Simurq bakirədir, üzünü tutur, digər şəkillərdə isə mərd türk obrazıdır. Vurğulanıb ki, Simurq böyük sirlərlə dolu obrazdır. Simurq haqqında əfsanə və miflər bütün türk dünyasında mövcuddur. İnna Kostinanın bu silsilədən olan əsərlərində bir uçuş hissiyyatı da var. Buna batika texnikasında nail olmaq, həqiqətən, hər rəssamın işi deyil.

Sərgi mayın 2-dək davam edəcək.

Məlumat üçün bildirək ki, İnna Kostina indiyədək bir sıra beynəlxalq müsabiqələrin laureatı olub. O, fərqli üslubu ilə tanınır və "batik" texnikası ilə ipək üzərində rəsm işləyən ən yaxşı mütəxəssislərdən biridir. Rəssamın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Müasir İncəsənət Muzeyi, Rusiya Federasiyasının Tomsk vilayətinin İncəsənət Muzeyi, "Old Gallery" qalereyası, Gürcüstandakı Karvasla Muzey Mərkəzi və İtaliyadakı "Il Leone" İncəsənət Mərkəzində sərgilənir. Rəsm əsərlərinin çoxu Azərbaycanda və dünyanın 25-dən çox ölkəsində şəxsi kolleksiyalarda saxlanılır.

Qvami

DİGƏR XƏBƏRLƏR

Top