İllərdir kirayədə yaşayan yazıçı və şairlərimiz - "Kafelərdə, dizimin üstündə yazıram"

Yazıçı, şair dedikdə həssas ruhlu insan təsəvvürümüzdə canlanır. Lakin istər keçmişdə, istər bu gün qələm adamları heç də həmişə yaşadıqları şəraitdən razı olmayıblar. Bəzi yazarlar taksi sürməklə, bəziləri bənnalıq etməklə dolanıblar. Əlbəttə, bunu bütün yazıçılara aid etmək olmasa da, belə yazarlarımız az deyil. Bu dəfə qələm adamlarının yaşayış mühiti, öz evlərinin olub-olmaması, harada və necə yazmaları ilə maraqlandıq.

Murad Köhnəqala (şair): "Öz evim yoxdu, ailəmlə kirayələdiyim mənzildə yaşayıram. Maddi gəliri yalnız yazılarından aldığım qonorar hesabına olan, kirayə haqqı barədə düşünən bir yazarın halını təsəvvür eləmək elə də çətin deyil, məncə. Ancaq 20 ildən də artıq olan jurnalistlik fəaliyyətimə söykənərək bir jurnalist kimi mənzillə təmin olunmağım üçün fərdi qaydada prezident İlham Əliyevə müraciət məktubu ünvanlamışam. Ümid edirəm ki, jurnalistlər üçün tikilmiş binadan bu il mənə də bir mənzil payı düşəcək".

Aqşin Yenisey (şair): "On ilə yaxın Bakıda kirayələrdə qalmışam, ilk şeirlər kitabım çıxanda Moskvada yaşayan əmim mənə ev hədiyyə etdi, daha doğrusu, tək mənə yox, həmyaşıdım olan bütün gənc yazarlara. Mən də o evin qapısını heç vaxt yaradıcı gəncliyin üzünə bağlamadım. Ankaraya köçəndən sonra o evi satdıq, indi Ankarada kirayədə qalırıq.

Ancaq bu hüdudsuz azadlıq kirəpulundan asılı vəziyyətə düşəndə, görün onun müəllifi hansı vəziyyətə düşər. Hətta Dostoyevskiyə də katorqadan qayıdandan sonra çar arxa durmasaydı, yəqin ki, məhv olub gedəcəkdi, bir yazıçı kimi. Yazılan hər ciddi əsərin arxasında bir sakitlik, bir rifah var. Kimi bunu pulda, evdə tapır, kimi də Van Qoq kimi çöllü-biyabanlarda".

Kənan Hacı (şair): "On yeddi ildir kirayələrdə yaşayıram. Mənim bəxtim elə gətirib ki, yazılarımı dizimin üstündə, kafelərdə, kirayə qaldığım şəraitsiz, yarımzirzəmi daxmalarda yazası olmuşam. Əlbəttə, öz evim, iş otağım olsaydı, daha çox yaza bilərdim. Bu dərbədər həyat tərzi mənim yazılarıma da hopub".

Zahir Əzəmət (şair): "Kirayədə qalıram. Və bütün problemlərimin kökündə məhz evsizlik dayanır. Evsizlik təkcə yaradıcılığımı yox, gəncliyimi də uddu. Şans? Olmadı! Hardan, necə olsun ki. Ömrümüz özü boyda ümid qəbristanlığıdır".

Azad Qarədərəli (yazıçı): "Mənim öz evim var - özüm tikdirmişəm. Demək olar ki, rahatdır. Olmayanlara da arzu edirəm".

Rabiqa Nazimqızı (şairə): "Anamgillə qalıram. Kirayə qalmaq üçün maliyyə imkanlarım yol vermir. Hərçənd, yazıçı yaradıcılığı üçün təkliyə ehtiyac duyur. Ev almaq şansı görmürəm, böyük ehtimalla elə belə də ölüb gedəcəyik. Çəkilə biləcəyimiz rahat, sakit hücrəmiz olmadan".

Tərlan Əbilov (şair): "Qəza vəziyyətində olan ata evində yaşayıram. Kirayədə yaşamaq nə ki, yaradıcılığa, başqa işlərə də öz mənfi təsirini göstərir. Ev almağa hələ ki, şansım olmayıb, belə getsə, heç bundan sonra da olmayacaq".

Alpay Azər (yazıçı): "Öz evimdə qalıram, amma evdə az yazıram. Daha çox, kafedə qəhvə içə-içə yazıram hekayələrimi. Adətən, redaktəni evdə edirəm".

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top