ABŞ Əfqanıstandan çıxmaq istəmir: daha 5 min hərbçi yollanıla bilər

Əfqanıstandakı ABŞ qüvvələrinin komandanı general Con Nikolson bu ölkəyə əlavə 5 min amerikalı hərbçinin göndərilməsini NATO ilə razılaşdırmaq niyyətindədir. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu təşəbbüsü Pentaqon rəhbəri dəstəkləyir və baxılması üçün mayda NATO ölkələrinin müdafiə nazirlərinin görüşündə təqdim ediləcək. C. Nikolson bildirib: “Biz Əfqanıstandan çıxa bilmərik. Bura 11 sentyabr terrorçuluğu ilə müharibənin başladığı yerdir. Buradakı uğursuzluq bütün dünyadakı terrorçuları ürəkləndirə və daha çox insan onların bayrağı ətrafına toplaya bilər. Bundan başqa, bu regiondan Avropaya miqrantların sayının artmasının şahidi ola bilərik”. Onun sözlərinə görə, hazırda Əfqanıstan hökuməti əhalinin 62 faizinə və ərazinin isə təqribən 57 faizinə nəzarət edir.

Xatırladaq ki, 1 yanvar 2015-ci il tarixindən Əfqanıstanda NATO-nin “Qətiyyətli dəstək” qeyri-hərbi missiyası fəaliyyət göstərir. Missiya çərçivəsində ölkədə təqribən 12 min hərbçi yerləşdirilib. Onların vəzifəsi Əfqanıstanın güc strukturlarına təlim keçmək və konsultasiya verməkdir.

DİGƏR XƏBƏRLƏR

Top