"Repertuarda Rüfət Əhmədzadənin adına rast gəlmədim"


Bu gün tanınmış satirik şair Rüfət Əhmədzadənin anadan olmasından 84 il ötür... "Kirpi" satirik jurnalında ömrünün sonuna kimi çalışmış bu şəxs "Sizin ilə gülə-gülə", "Bildirçinin bəyliyi", "92 dəqiqə gülüş", "Hələlik" komediyaları, "Sonuncu məhəbbət" filmi, "Gülüş sanatoriyası", "Şirbalanın məhəbbəti" televiziya tamaşaları, eləcə də yüzlərlə satirik televiziya novella-səhnəcikləri, satirik şeirləri ilə mənim yaddaşıma həkk olunub. Lakin o özünü heç vaxt dramaturq kimi qələmə verməzdi. Tanınmış satirik şair Rüfət Əhmədzadənin oğlu, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə də bizimlə söhbətində bunu vurğuladı: "Üstəlik, ona dramaturq deyə müraciət edənlərə də etirazını bildirərdi. Sadəcə, mən şairəm deyərdi". Qeyd edək ki, ürəyindəkiləri satiranın diliylə çatdıran Rüfət Əhmədzadənin sağlığında 11 kitabı nəşr olunub. 12-ci kitabı isə 2012-ci ildə övladları tərəfindən hazırlanıb.
Rəşad bəy həmçinn bildirdi ki, Rüfət Əhmədzadə Emin Sabitoğlu, Hacıbaba Bağırov (Allah onlara rəhmət eləsin) yaxın dost idi: "Emin Sabitoğlunun atamın sözlərinə bəstələdiyi mahnıların 15-ə yaxınını Zeynəb xanım Ələkbərova ifa edib. Tamaşaya qoyulmuş əsərlərinin isə baş rollarını Hacıbaba Bağırov canlandırıb". Yeri gəlmişkən, onu da qeyd edək ki, hələ də bir çoxu bilmir ki, sevə-sevə dinlədiyimiz "Sıravi Əhməd" mahnısının sözləri də Rüfət Əhmədzadəyə məxsusdur.
Rüfət Əhmədzadə sakit, mülayim bir insan idi. Məhz mən onun simasında bütün satira ustalarının hamısının mülayim olduqları qənaətinə gəlmişdim. Bu mənada o bizim satiraları şəxsiyyətlər kimi mənə tanıtmışdı.
Bəli, onun qələmi kəskin idi. Təbii ki elə buna görə onu sevməyənlər də vardı. Şair isə onlara belə cavab verirdi:
Deyə bilməz mənə bir kimsə ki, baxtım yoxdur,
Eşqimin şahı mənəm, çox da ki, taxtım yoxdur.
Sevməyənlər məni, hərçənd deyirlər: "öl də!"
Bilməyirlər ki, daha ölməyə vaxtım yoxdur.
...Mən bu sətirləri pıçıldaya-pıçıldaya Azərbaycan Dövlət Musiqili Teatrının repertuarını bir daha nəzərdən keçirdim. Lakin bir zamanlar bu teatr ocağının repertuarını bəzəyən onun komediyalarının heç birinin adına rast gəlmədim. Güman edirəm ki, rejissorlarımız Rüfət Əhmədzadənin günümüzlə səsləşən əsərlərinə yenidən müraciət etməklə sənətsevərlərə yeni bir töhfə bəxş etmiş olarlar.
Rüfət Əhmədzadə 1988-ci il dekabrın 15-də 55 yaşında vəfat edib.

DİGƏR XƏBƏRLƏR

Top