Yazıçılar Birliyinin binasında qalmaqal - Anarla görüşmək istəyən şairi döyüblər?

Fəzail İsmayıl: “Hazırda xəstəxanada yatıram, Rauf Aslanovun başıma vurduğu zərbələr məni ölüm həddinə çatdırıb”

Rauf Aslanov: “Mən ağır əməliyyatdan çıxmış adamam, ona barmağımı da vura bilmərəm, tikişlərim sökülər, özüm xəstəxanalıq olaram”

Azərbaycan Yazıçılar Birliyinin üzvü, 60 yaşlı şair Fəzail İsmayıl üzvü olduğu qurumun binasında ağır fiziki təzyiqə məruz qalıb.

"Yeniavaz.com" xəbər verir ki, bu barədə musavat.com-a F.İsmayıl özü bildirib. Onun sözlərinə görə, hadisə mart ayının 17-də, saat 16.30 radələrində baş verib. Dediyinə görə, AYB-yə həm sədr Anarın bahar bayramını təbrik etməyə, həm də yaxınlaşmaqda olan yubileyi ilə bağlı danışmağa gedibmiş: “Amma Anar müəllimin müşaviri Rauf Aslanov onunla görüşməyimə imkan vermədi. Mən bundan öncə də 7-8 dəfə Anar müəllimin qəbuluna getmişəm. Amma hər dəfə də bu adam məni təhqir edib yollayıb. Bu dəfə də eyni şey baş verdi. Mənimlə söyüş söyərək danışmağa başladı. Heç gözləmirdim. Amma az keçmədən gözləmədiyim vəziyyətdə zərbələrlə vurdu. Başıma, ənsəmə. Yumruqla, kitabla... Gözümdə də korluq əmələ gəldi. Oranın üç qadın və bir nəfər boylu-buxunlu işçisi məni tutdular, otaqdan çıxardılar. Amma ona qədər mən 3-5 dəqiqə boyunca o zərbələri almışdım. Həmin adamlar da dedilər ki, Rauf Aslanov xəstədir, ona fikir vermə. Bilirsiz, bu adam dövlətin biz şair-yazıçılara verdiyi pulu yeyib harınlayanlardandır. Hətta mən ona bu dava zamanı dedim ki, mən hər zaman dövlətin tərəfində dayanmışam. O da qayıtdı ki, “tüpürüm sənin şeirinə də, poemana da. Mən sağ olduqca sən bu dövlətdən təqaüd almayacaqsan. Axırda da dedi ki, bir də bura gəlsən, leşin çıxacaq””.

F.İsmayılın sözlərinə görə, başından aldığı kəskin zərbələrin nəticəsində həmin gün səhhəti pisləşib və qusmağa başlayıb. Ardınca isə təzyiqi yüksəlib: “Evə təcili yardım gəldi. Sonra həkimə getdim. Sonradan əhvalım lap pisləşdi. Damarımdan qan götürdülər. Həkimlər mənə ev şəraitində qalmağımın səhhətimi pisləşdirəcəyini dedilər. Mən də "Semaşko"ya gəldim. Hazırda neyrocərrahiyyə şöbəsində müalicə olunuram”.

DİGƏR XƏBƏRLƏR

Top