"Adını bilmədiyim gül"ə

Novruz günlərində yaranmış fürsətdən bəhrələnərək bir neçə kitab mütaliə etdim. Onlardan biri haqqında söz açmaq qərarına gəldim. Bu, gənc şairə, Yazıçılar Birliyinin üzvü Firəngiz Əhmədovanın "Elm və təhsil" nəşriyyatında nəşr olunmuş "Adını bilmədiyim gül" kitabıdır.

Kitabı vərəqlədikcə əmin oldum ki, Firəngiz xanımın ürəyi şeirlə, sözlə doludur. Bu şeirlər sanki ondan ixtiyarsız doğulur, sonra da hər könülə yol tapır. Əmin oldum ki, o, yaşantılarını özünəməxsus bir formada dilə gətirir. Elə bu səbəbdən də o, kimsəni təqlid etmir. Yəni özünəməxsus könül çırpıntılarını elə özünəməxsus, əgər belə demək mümkünsə, çırpıntılarla söz mülkünün sakinlərinə çevirir.

Döymə bu gün qapımızı,

Cəftəmizin kefi yoxdur.

Bu həsrəti hara qoyum?

Evimizin rəfi yoxdur.

Və yaxud:

Lap bir az içimi çölümə töküb,

Qırılan qəlbimi yamaram hər gün…

Əmin oldum ki, onun yazılarında bir nəğmə, mahnı ab-havası var. Bu mənada onun bəzi şeirlərini hər şeydən əvvəl, kənd mühitində yaşayan, işi başından aşıb-daşan Firəngiz xanımın elə iş başındakı pıçıltılarının bəhrəsi kimi də qəbul etmək olar:

Sənin həyatında cücərən ağac,

Mənim həyatımda quruyub qalıb…

Firəngiz xanım şeirlərində həm də bir rəsssam təəssüratı yaradır:

Səhərlər günəşin əlin tuturam,

Axşamlar ay tutur mənim əlimdən.

Yad əllər toxunan təzə gəlintək

Utana-utana gedirəm evə…

Və bu sevgidən qaynaqlanan bir qorxu: Qorxuram cürbəcür ulduzlar doğum…

Əmin oldum ki, o, hər gün poeziya aləminə hesabat verməyə çalışır. Yeri gəlmişkən, eşitdiyimə görə, Firəngiz xanım ixtisasca əməliyyatçı mühasibdir. Mühasiblərin isə bütün iş günü rəqəmlərlə oturub-durduqlarını, onların nazı ilə oynadıqlarını hər kəs bilir. Bu mənada Firəngiz xanım həm rəqəmlərlə, həm də sözlərlə baş-başadır. Lakin mənim aləmimdə onun söz aləmi rəqəmlər aləmindən yuxarıda dayanır:

Çiyninin üstündən boylanan gözəl,

Əllərin əlimdə, gözün hardadır?

Bu aspektdən fikrimizi mühasibatçıların təbirincə davam etsək, onun hər bir şeiri səhmdir, istiqrazdır, vekseldir, həm də kapitalıdır. Mənfəəti isə ürəklərdir. Hə, bir də yeri gəlmişkən, bu yerdə balansdan ("balans" latın sözüdür, "bislanx" sözünü göstərir, yəni bis-iki, lanx-tərəzinin bir-birinə bərabər olan iki hissəsi) söz açmasam, doğru olmaz. Mənə belə gəlir ki, Firəngiz xanım poeziya aləmində də balans yaratmağa çalışır. Lakin hiss olunur ki, tərəzinin poeziya qoyulmuş qolu o biri qolu aşağı dartrı. Bu yerdə bir qarğış da, məncə, yerinə düşərdi: qoy Firəngiz xanımın kreditor borcları (təşkilatın digər hüquqi və fiziki şəxslərə olan borc məbləği) yox, şeirsevərlərə həmişə şeir borcu olsun.

Yeri gəlmişkən, redaktor Zakir Məmməd "Adını bilmədiyim gül"ün ön sözündə şairənin şeirlərinin poetik məziyyətlərindən ustalıqla söz açdığını görə, mən bu sahəyə baş vurmaq istəmədim. Amma bir şeyi qeyd etmək istərdim. Firəngiz xanım əsasən heca vəznində yazır. Hecanın isə öz qanunları var. Bununla bağlı fikrimi isə Bəxtiyar Vahabzadənin bu sözləri ilə Firəngiz xanıma çatdırmaq istərdim: "Biz ustadlarımızdan öyrənmişik ki, şəkilçilər deyil, kök qafiyələnməlidir, gənclərə də tövsiyəmi belədir".

Bəli, müəllif kitabının adını "Adını bilmədiyim gül" adlandırıb. Mən isə bu yazını "Özünü görmədiyim şairə" qoymaq istədim. Amma son anda fikrimdən daşındım. Axı şairləri onların əsərlərindən tanımamaq olarmı?

Qvami Məhəbbətoğlu

DİGƏR XƏBƏRLƏR

Top