"Teatr baharı-2017" sabah başa çatır

Xəbər verdiyimi kimi, martın 13-dən 18-dək Almatıda M. Auezov adına Qazaxıstan Dövlət Akademik Dram Teatrı tərəfindən təşkil olunan ənənəvi "Teatr baharı-2017" festivalı keçirilir. Ölkəmizi bu festivalda AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov təmsil edir. Hazırda Almatıda olan Vidadi Qafarovdan aldığımız məlumata görə, festivalın açılışından sonra hər axşam bir tamaşaya baxılır: "Qazaxstanın tanınmış teatrşünalarından, rejissorlarından və biri mən olmaqla iki xarci üzvdən ibarət 8 nəfərlik münsiflər heyəti tamaşaları truppanın iştirakı ilə müzakirə edib dəyərləndirir. Bugünə kimi 3 yerli, 1 xarici müəllifin əsəri üzrə qoyulmuş tamaşaya baxmışıq. Bu gün isə daha iki tamaşaya baxıb nominasiyalar üzrə yekun qərar verəcəyik. Festival çərçivəsində martın 14-də elmi-praktiki konfransda "Aktyor sənəti - postdramatik teatrdan əvvəl və sonra" mövzusunda məruzə ilə çıxış etmişəm. Martın 15-i və 16-sı isə tələbələr və aktyorlar üçün ustad dərsləri keçdim. Festival sabah başa çatır, axşam keçiriləcək təntənəli bağlanış mərasimində həm də festival iştirakçıları mükafatlandırılacaq".

Məlumat üçün bildirək ki, 1995-ci ildən etibarən davamlı şəkildə keçirilən festival hər il teatrın görkəmli aktyorlarından birinə həsr olunur. Bu il festival SSRİ-nin xalq artisti, Dövlət mükafatı laureatı Xadişa Bukeevanın 100 illik yubileyinə həsr edilib. Festivalda teatrın ən son premyeraları nümayiş olunaraq beynəlxalq münsiflər tərəfindən qiymətləndirilir.

Qvami

DİGƏR XƏBƏRLƏR

Top