"Rəngli yumurtaları isə iki döyüş qumbarası ilə əvəzləmişlər"

Elimizə-obamıza yaz gəlir. İndiyədək yaza-bahara - Novruz bayramına çoxlu şeirlər yazılıb, nəğmələr qoşulub, kitablar yazılıb. Onlarda yazın ilıq nəfəsini, bənövşənin rayihəsini, torpağın ətrini duymamaq mümkün deyil. Bəs bu, təsviri incəsənətdə öz əksini necə tapıb? Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin sözlərinə görə, Novruz bayramının doğurduğu nikbin duyğuların bədiiləşdirilməsi rəssamlarımızın yaradıcılığında da geniş yer tutur: "Əgər belə olmasaydı, yəqin ki, bu bayramı özündə ehtiva edən "Novruz ensiklopediyası" yaranmazdı. Bu sənət saxlancının ilkin səhifələrini dahi fırça ustası Əzim Əzimzadənin yaratdığı qrafik lövhələr təşkil edir".

Ziyadxan müəllimin fikrincə, Xalq rəssamı Səttar Bəhlulzadənin monumental tutumlu "Azərbaycan nağılı" tablosu bu vaxta kimi bu mövzuda ərsəyə gətirilmiş ən yaddaqalan əsər sayılır: "Rəssamın "Bahar nəğməsi", "Yaşıl xalı", "Xonçalar", "Gəlin guşəsi", "Bahar gələndə", "Oyanış", "Lalələr", "Piti", "Yaşıl xalı", "Nərgizlər", "Heyva çiçəkləyəndə" və digər lövhələrində də bahar ovqatı hökm sürür".

"Azərbaycan təsviri və tətbiqi sənətində Novruz ünvanlı çoxsaylı əsərlər var", - sözləri ilə söhbətini davam etdirən Ziyadxan müəllim dedi ki, onların ən təsirlisi Qazax rayonunda yaşayan Nəcməddin Hüseynov tərəfindən ərsəyə gətirilmiş "Müharibəli Novruz" rəngkarlıq tablosudur: "Burada Qarabağ cəbhəsində əsgərlərimizin bayram süfrəsi görüntüyə gətirilib. Cəbhədəki gərgin vəziyyət əsgərlərə səməni göyərtməyə imkan vermədiyindən, onlar yaşımtıl rəngə çalan döyüş güllələrinin belinə qırmızı parça zolaq bağlamaqla onu "səməni"yə döndərmiş, rəngli yumurtaları isə iki döyüş qumbarası ilə əvəzləmişlər. Bu doğrudan da obrazlı bədii ifadəsinə görə çox gözlənilməz və təsirli bir kompozisiyadır...Tanınmış fırça ustası Vaqif Ucatayın "Novruz Pəhləvan" əsəri də kompozisiya həllinə görə bu mövzuda çəkilmiş əsərlər arasında özünəməxsusluğuna görə diqqət çəkir. Belə ki, rəssam təxəyyülünün nəticəsi olan bu qəhrəmanın bədəni oval, saçları səməni, gözləri paxlava, burnu qırmızı yumurta, yanaqları qoğal, dodaqları şəkərbura, ən nəhayət, bığları uclarında şamlar alovlanan eşmə ipdən ibarətdir... Xalq rəssamları - Arif Hüseynovun, Rasim Babayevin və Altay Hacıyevin Novruz mövzusuları da düşündürücüdür. Respublikamızın digər tanınmış sənətkarlarının da yaradıcılığında Novruz ünvanlı əsərlər mövcuddur. Bu mənada Xalq rəssamları Tofiq Ağababayevin ("Bayramınız mübarək"), Xalidə Səfərovanın ("Novruzda"), Asəf Cəfərovun ("Mənim Azərbaycanım" və "Aşıqlar"), Toğrul Nərimanbəyovun ("Bayram"), Ələkbər Rzaquliyevin ("Gəlinə bayram hədiyyəsi aparırlar"), Cəmil Müfidzadənin ("Bayram yaxınlaşanda") və Elmira Şahtaxtinskayanın ("Bayram hazırlığı") müxtəlif illərdə yaratdıqları sənət nümunələrinin adını çəkmək olar.

Qvami

DİGƏR XƏBƏRLƏR

Top