"Ölümündən sonra o bizə sarı gəlir"

"Azərbaycan" jurnalında, "Gənclik" nəşriyyatında, Azərbaycan Yazıçılar Birliyində çalışmış, "Ulduz" və "Qobustan" jurnallarına rəhbərlik etmiş şair, Rəsul Rza mükafatı laureatı, Əməkdar incəsənət xadimi, mərhum şair Ələkbər Salahzadənin anadan olmasından 76 il ötür. Belə bir gündə onun xatirəsini anmaq məqsədilə bir neçə tanınmışa müraciət etdik.

Tanınmış şair, Azərbaycan Yazıçılar Birliyini üzvü Ramiz Qusarçaylı Ələkbər Salahzadəni böyük şair adlandırır: "Mən deyərdim ki, şeirimizin nəhəng simalarındandır. Onunla məni birləşdirən məqamlar çoxdur. Əvvəla, ona çox yaxın olmuşam. O hələ "Ulduz" jurnalında fəaliyyətə başlamamışdan öncə dəfələrlə bizim kənddə olub. "Ay işığı"nda qonaq kimi iştirak edib. "Ay işığı" ədəbi məclisinin məşğələlərində Ələkbər müəllimin şeir haqqında dedikləri, mülahizələri örnək olardı... Bizim əyalət yazarları ondan çox şey öyrənərdi. Ələkbər Salahzadə heç nədən hər şey yarada bilirdi. Mən şəxsən ondan poeziya ilə bağlı çox şey öyrənmişəm. Bu mənada o, mənim üçün bir məktəb olub. Onu da deyim ki, Ələkbər Salahzadə şeirimizin sərbəst vəzninə bir yenilik gətirib. Belə ki, o, sərbəst şeirə ayrıca sərbəstlik bəxş edib.

Onun qəlbi saf, qələmi saf, ilhamı olduqca saf idi. Şeirlərində bir dənə xoşagəlməz sözə rast gəlmək mümkün deyil. O, sözü, əgər belə demək mümkünsə, çox ustalıqla yonub yerinə qoyurdu. Ələkbər Salahzadənin sözlə oynamağı, sözü cilalamağı, sözün üstündə zərgər dəqiqliyi ilə işləməyi şairlərə örnək olub... Məhz bu kimi məziyyətlərinə görə, Ramiz Rövşən onun haqqında belə deyib: "Ələkbər Salahzadə şairlər üçün şair idi... İsa İsmayılzadə ilə Ələkbər Salahzadə poeziyaya birgə gəliblər. Ancaq bir-birilərindən tamamilə fərqlənirdilər. Ə. Salahzadənin hissləri şeirdə daha alt qatları ilə ifadə olunurdu. İ. İsmayılzadənin hissiyyatı isə nisbətən üzdə idi. Ə. Salahzadənin şeirlərində böyük ustalıq, sənət işi var idi. Onun şeirlərinin alt qatında riyazi təfəkkür güclü idi". Tanınmış şair həmçinin belə də söyləyib ki, Ələkbər Salahzadə bir damla bulaq suyudur: "O, şeiri sadəcə qafiyəyə, hecaya yükləmirdi. O, şeiri, içindən gələn, ilahi, gözəgörünməz bir ilham pərisinin gətirdiyi yükü elə çatdırırdı ki, bu yükün altına girmək hər oğulun işi deyildi. Onun sözünün yükü çox ağır idi".

Ramiz müəllim daha sonra dedi: "Lakin indiyədək boya-başa çatdığı Quba rayonunda şairlə bağlı heç bir tədbir keçirilməyib. Yeri gəlmişkən, burada bir məqama toxunmaq istərdim. Eşitdiyimə görə, görkəmli yazıçımız Anar ona dəfələrlə deyib ki, Qubanın müvafiq orqanlarına müraciət et, səninlə bağlı bir tədbir keçirsinlər. Amma Ələkbər müəllim razı olmayıb. Deyib ki, mən Qubaya niyə məktub göndərməliyəm ki? Nə yazıq ki, o, bir şair kimi həqiqi qiymətini almadı. Daha doğrusu, onun həqiqi qiymətini vermədilər. Hələ bütün bunlar azmış kimi, Ələkbər müəllimə öz doğma Cimi kəndindən həyətyanı torpaq sahəsi belə verilmədi (Mən bununla bağlı "Ərizə" şeiri də yazmışam). Özü də torpaqla bağlı müvafiq orqana onun ərizəsini mən yazmışdım, amma özünə imzalatmışdım. Mənə elə gəlir ki, əgər həmin bələdiyyənin arxivi araşdırılsa, oradan şairin həmin ərizəsini tapmaq olar.

Yadıma düşmüşkən... Qubanın tanınmış ziyalılarından olan Zakir Məmməd onunla bağlı bir məqalə yazmışdı. Həmin yazı Ələkbər müəllimin çox xoşuna gəlmişdi. Hətta demişdi ki, onu növbəti kitabımda ön söz yerinə verəcəyəm. Bilmirəm, bilirsiniz, ya yox... Ələkbər müəllimin kitablarında ön söz yoxdur. Ancaq bunu da reallaşdırmağa Ələkbər müəllimə əcəl imkan vermədi".

"Fikrim var ki..."

Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, "Qobustan" jurnalının baş redaktoru, yazıçı-tərcüməçi Vaqif Vəlixanlı Əlkəbər Salahzadə ilə bağlı belə dedi: "Ələkbər Salahzadə o qədər sadə idi ki...kənardan baxanda deməzdin ki, şairdir. Özü də Azərbaycan ədəbiyyatının modern şeirinin birincisidir. Ələkbər Salahzadə hər əsərində hərtərəfli axtarışlar aparardı. Xüsusilə dil baxımından. Tam məsuliyyətlə deyirəm ki, onun kimi yaradıcılıq axtarışları aparan olmayıb. Lakin onun haqqında sağlığında dəyərli yazılar yazılmadı. Ölümündən sonra bir neçə məqalə yazıldı. Mən bununla nə demək istəyirəm? Mənim fikrimcə, hələ bizim ədəbi tənqid, ədəbiyyatşünaslıq o səviyyəyə yetişməyib ki, onu yaxşı görə bilsin. Ələkbər Salahzadə müasirlərindən çox qabağa gedib. Ölümündən sonra o bizə sarı gəlir. Yenə deyirəm, təəssüf ki, onun qədri bilinmədi. Ona doğma kəndindən 6 sot torpaq ayrılmadı ki, özünə bir daxma tiksin.

Onu da deyim ki, Azərbaycan Yazıçılar Birliyi Ələkbər Salahzadə adına "Avanqard poeziya müsabiqəsi" keçirir (Bu müsabiqədə forma ilə bərabər fərqli poetik düşüncə tərzi də nəzərə alınır) və qalibi mükafatandırır. Amma biz çox istərdik ki, belə tədbirlərdən birini onun boya-başa çatdığı rayonunda, kəndində, təhsil aldığı məktəbdə keçirək. Nə yazıq, bizdən asılı olmayan səbəblər ucbatından hələ ki, bunu reallaşdıra bilmirik. Qubada onun adına bir məkanın olmaması da məni narahat edir. Fikrim var ki, bununla bağlı Rayon İcra Hakimiyyətinə məktubla müraciət edim".

Qeyd edək ki, Ələkbər Salahzadə 1941-ci il martın 15-də Qonaqkənd (indiki Quba) rayonunun Cimi kəndində anadan olub. Orta məktəbi Qonaqkənddə başa vurub BDU-nun filologiya fakültəsində təhsil alıb. "Azərbaycan" jurnalının ədəbi işçisi, "Tərcürmə saatı" radio jurnalının ştatdankənar redaktoru olub. Azərbaycan Sovet Ensiklopediyasında dil, ədəbiyyat, incəsənət redaksiyasında elmi redaktor, "Gənclik" nəşriyyatında tərcüməçi, sonra poeziya üzrə redaktor, Azərbaycan Yazıçılar Birliyində bədii ədəbiyyatın təbliği bürosunun direktor müavini kimi çalışıb. Sonra "Ulduz" jurnalında poeziya şöbəsinin müdiri, redaktoru olub. Daha sonra isə "Qobustan" jurnalının baş redaktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, Ələkbər Salahzadə 2013-cü il sentyabrın 1-də vəfat edib. Allah rəhmət eləsin...

Qvami

DİGƏR XƏBƏRLƏR

Top