"Görüş"dəki Çayçı - Məmmədəli Vəlixanlı

"Axı mən bir şeydən qorxuram, sədrimiz nə deyəcək?"

"Heç dəxli var? A balam, kişi öz qarnına doldurur də... sənin ki, qarnıva doldurmur".

"Öz aramızıdır, Əbülfəz, nə sənə yaraşan qızdır".

"Mən ölüm, mənə yox də..."

"Əgər, aeroplanla gəlsələr, gərək indi göydə olsunlar".

"Yaxşı, Əbülfəz, gəlsənə Şıxəlinin də borcunu verəsən. Yazığı axır zamanlarda arvad yaman sıxışdırır e... Heç cibxərcliyi də vermir".

"Yox, bir qaşqaldaq"...

Bu ifadələr Azərbaycan və Özbəkistan pambıqçılarının ənənəvi dostluğuna həsr edilmiş "Görüş" filmindəki (1955) Çayçıya məxsusdur. Tofiq Tağızadənin çəkdiyi bu filmdə həmin rolu Xalq artisti Məmmədəli Vəlixanlı canlandırır. Bu gün onun anadan olmasından 118 il ötür.

...Milli teatrımızın ilk peşəkar aktyorlarından biri olmuş CahangirZeynalov 1912-ci ildə Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasını tamaşaya qoyarkən Bədəl rolunu Məmmədəli Vəlixanlıya tapşırmaqla onun həyatında yeni bir səhifə açıb. Daha sonra o, Milli Dram Teatrının dram tamaşalarında kiçik rollarda səhnəyə çıxıb. Eyni zamanda Bakı Teatr Texnikumunda təhsilini davam etdirib.

Məmmədəli Vəlixanlı "Lənkəran xanının vəziri" (Mirzə Həbib), "Hacı Qəmbər" (Hacı Qəmbər), "Xoşbəxtlər", "Əliqulu evlənir" və "Nişanlı qız" (Mirzə Qərənfil, Mindilli, Xəlil), "Həyat" (Pardon Qurbanəli), "Müfəttiş" (Osip) komediyalarındakı rolları ilə tamaşaçı sevgisini qazanıb. "Səyavuş" (Kosa), "Qış nağılı" (Avtolik), "On ikinci gecə" (Ser Endri), "Maqbet" (Qapıçı), "Cavanşir" (Saran), "Cehizsiz qız" (Robinzon), "Pəri cadu" (Əmrah), "Qaçaqlar" (Vurm), "Qaçaq Nəbi" (Mürsəl kişi), "Dumanlı Təbriz" (Dərviş) və digər pyeslərdəki obrazlara da səhnə həyatı bəxş edib.

Aktyor haqqında daha dolğun məlumat almaq məqsədi ilə sənətkarın qızı, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, AMEA-nın həqiqi üzvü Nailə Vəlixanlıya müraciət etmək istədik. Lakin onunla əlaqə saxlaya bilmədik. Odur ki, Nailə xanımın bir neçə il öncə atası barədə dediklərindən yaddaşımızda qalanlarla təsəlli tapmağa çalışdıq: "Ailənin yeganə övladı olmuş atamın səhnə həyatından əvvəl ailədə mehribanlığı, övladlarına məhəbbəti yadıma düşür. Aktyorluq sənəti insana ilahidən gəlmədir. Atam danışardı ki, səhnədə ilk rolu "Səfa" mədəni maarif cəmiyyəti nəzdindəki məktəbdə oxuduğu zaman Şəmsəddin Saminin "Gaveyi-ahəngdar" pyesində Gavənin kiçik oğlu obrazı olub. Komediya janrında daha çox oynamağına baxmayaraq, evdə deyərdik ki, atamız səhnədə komik, həyatda isə dramatikdir. Biz onu həyatda heç vaxt tragik obrazda görmədik. Zarafatcıl, amma sözü yerində deyən bir insan idi. Görkəmli dramaturq Cəfər Cabbarlı öz əsərlərində atama xüsusi rollar yazarmış".

Nailə xanım həmçinin demişdi: "Bir neçə dəfə filmə dəvət alsa da, sanki qismət olmurdu. 1955-ci ildə "Görüş" filmində çəkildi. Xəstəliyindən əvvəl "Uzaq sahillərdə" filmində təsdiqlənmişdi. Amma xəstəliyi imkan vermədi. Yüksək təzyiqdən əziyyət çəkirdi. Teatrda son obrazını Sabit Rəhmanın "Əliqulu evlənir" (Xəlil) tamaşasında canlandırdı".

Yeri gəlmişkən onu da qeyd edək ki, Məmmədəli Vəlixanlı "Mahnı belə yaranır" (1957) filmində (rejissorlar -Rza Təhmasib, Mikayıl Mikayılov) Dağıstanın xalq aşığı Süleyman Stalskinin həyat və fəaliyyətinə həsr olunmuş filmdə Bədirxan obrazını da ekrana gətirib.

O, 12 aprel 1969-cu ildə, 62 yaşında dünyasını dəyişib.

Qvami

DİGƏR XƏBƏRLƏR

Top