"Bir eşqin nəticəsi"

Mingəçevir Dövlət Dram Teatrında Milli Teatr Günü münasibəti tədbir keçirilib. "Yeniavaz.com"un xəbərinə görə, direktor müavini Vüsal Məmmədov Mingəçevir teatrının fəaliyyətinə kiçik ekskursiya edib. Daha sonra bir qrup aktyor və aktrisaya teatrın direktoru Səxavət Məmmədov tərəfindən fəxri diplomlar təqdim olunub. 51 il səhnə fəaliyyəti olan Əməkdar artist Ella Yaqubova, həmçinin Əməkdar artist Akif Mirabov, teatrın rəssamı Yusif İmamverdiyev və ali dərəcəli aktyor Nəsibxan Əliyev onlara göstərilən diqqət və qayğıya görə şəhərin, teatrın rəhbərliyinə, eləcə də tamaşaçılara öz dərin minnətdarlığını bildiriblər. Yeri gəlmişkən, onu da qeyd edək ki, Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədov Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sərəncamı ilə "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunub.

Təltiflərdən sonra teatrın baş rejissoru Xəzər Gəncəlinin görkəmli yazıçı-dramatuq, maarifçi Süleyman Sani Axundovun "Bir eşqin nəticəsi" komediyası əsasında hazırladığı eyniadlı tamaşa sənətsevərlərə təqdim olunub.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top