Bu gün Milli Teatr Günüdür

Azərbaycan prezidenti "Milli Teatr Günü"nün təsis edilməsi haqqında sərəncamına uyğun olaraq, 10 mart hər il respublikamızda Milli Teatr Günü kimi qeyd olunur.

144 il bundan əvvəl böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü, Əsgər ağa Adıgözəlovun (Gorani) yaxından iştirak ilə1873-cü ildə Bakıda M.F.Axundzadənin "Lənkəran xanının vəziri" komediyasının səhnəyə qoyulması ilə Azərbaycan peşəkar milli teatrının əsası qoyulub. Bundan 7 il sonra -1880-ci ildə Hacı Zeynalabdin Tağıyev Bakıda ilk teatr binası tikdirib və bu teatr xalq arasında "Tağıyev teatrı" kimi tanınıb və teatr tariximizdə yeni bir səhifə açıb. Yaxın Şərqdə ilk dəfə olaraq peşəkar teatrın Bakıda yaranması xalqımızın milli dəyərlərinin qorunmasında və təbliğində, estetik zövqünün formalaşmasında böyük rol oynayıb. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti pərakəndə fəaliyyət göstərən teatr truppalarını birləşdirərək Dövlət Teatrını təşkil edib. 1919-cu il oktyabrın 24-də Dövlət Teatrının rəsmi açılışı olub.

"Teatrımızın böyük tarixi, böyük ənənələri, gözəl nümunələri var. Milli teatr bu gün də, gələcəkdə də yaşayacaqdır", - deyən ulu öndərimiz Heydər Əliyevin sayəsində müstəqillik illərində bu sahəyə diqqət daha da artırılıb. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev də teatr sənətinin inkişafına xüsusi diqqət göstərir, bu sahədə səmərəli islahatlar həyata keçirir.

Azərbaycanın tanınmış teatrşünası, professor, Əməkdar incəsənət xadimi Məryəm Əlizadənin sözlərinə görə, milli teatrın təşkilində və təşəkkül tapmasında Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Möhsün Sənani, Fatma Qədiri, Münəvvər Kələntərli, İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli, Rza Əfqanlı, Mərziyə Davudova, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Yusif Vəliyev, Barat Şəkinskaya, Səməndər Rzayev, Leyla Bədirbəyli, Hökumə Qurbanova, Həsənağa Turabov, Nəcibə Məlikova və başqa müqtədir sənətkarların böyük rolu olub. O həmçinin bildirib ki, Azərbaycan teatr tarixində aktyor problemi olmayıb. Peşəkar aktyorlar həmişə olub və var. Amma ustad rejissorlar barmaqla sayılası qədər olub və bü gün də belədir".

DİGƏR XƏBƏRLƏR

Top