Milli İncəsənət Muzeyində Əsgər Məmmədovun sərgisi açılıb

Azərbaycan Milli İncəsənət Muzeyində Moskvada yaşayan həmyerlimiz, Rusiya Federasiyasının Əməkdar rəssamı Əsgər Məmmədovun "Qadın xoşbəxtliyi" adlı fərdi yaradıcılıq sərgisi açılıb. Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan sərgidə rəssamın müxtəlif janrlarda çəkdiyi əsərlər nümayiş olunur.

... Əsgər Məmmədov 1945-ci ildə Ağdam rayonunun Mərzili kəndində dünyaya göz açıb. Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib. 1971-76-cı illərdə Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutu üzrə rejissorluq fakültəsində təhsil alıb və cizgi filmləri üzrə rejissorluq sənətinə yiyələnib. 1976-90-cı illərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çalışıb, 15-ə qədər sənədli, bədii və cizgi filminə quruluş verib. SSRİ Kinematoqrafiya Birliyinin üzvü seçilib. Gənc yaşlarından rəssamlıq fəaliyyəti ilə məşğul olan rəssam Mərzili kəndində şəxsi qalereyasını yaradıb, lakin 1993-cü ildə kəndin erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində 200-ə qədər rəsm əsəri yandırılaraq məhv edilib. Sonradan Moskvada fəaliyyətə başlayan rəssamın dəfələrlə müxtəlif ölkələrdə (Türkiyədə, Almaniyada, İsraildə, İspaniyada, Kiprdə, Latviyada və sairə) fərdi yaradıcılıq sərgiləri açılıb. Qarabağda doğulan rəssamın tar, saz, tütək kimi milli musiqi alətlərində ifaçılıq bacarığı da var. O, poeziyanın və musiqinin vurğunudur. Bütün bunlar haqqında sərgidə çıxış edənlər məlumat veriblər.

Onun sərgidə nümayiş olunan 50-dən çox əsəri rəssamın zəngin yaradıcılığından xəbər verir. Bu əsərlər füsunkarlığı ilə diqqəti cəlb edir. Rəssamın yaradıcılığında sülh, dostluq və sevgi motivləri əsas yer tutur. Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimovun sözləri ilə desək, o, müasir dünyanın aparıcı rəssamlıq məktəblərindən biri olan Rusiya akademik rəsm məktəbinin yetirməsi olsa da, Azərbaycan folklorunun, çoxəsrlik miniatür sənətinin, al-əlvan xalçalarının və bənzərsiz təbiətinin təsiri onun yaradıcılıq üslubunda aydın şəkildə özünü büruzə verir: "Rəssamın bir çox əsərləri poeziyanın fəlsəfəsi ilə fəlsəfənin poeziyasının harmoniyasından yaranıb".

Sərgi martın 10-dək davam edəcək.

DİGƏR XƏBƏRLƏR

Top