"O alətlər "Koroğlu" ilə Azərbaycana gəlib"

Əməkdar incəsənət xadimi, dəfələrlə beynəlxalq musiqi müsabiqələri laueratı, istedadlı fleytaçı, filosof, professor, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının incəsənət nəzəriyyəsi və tarixi kafedrasının müdiri Telman Hacıyev ömrünün 80-ci baharına qədəm qoyub. Bir neçə gün öncə onunla həmsöhbət olub ötən günləri vərəqlədik.

...Telman Hacıyevin əlində fleyta sanki bülbül kimi cəh-cəh vurur. Elə bu səbəbdən onun çalğısına biganə qalmaq olmur. Telman müəllimin bu musiqi alətinə meyil salması isə uşaq vaxtı qonşularındakı musiqi alətlərinin bərpası ilə məşğul olan bir ustanın ona bağışladığı tütəkdən başlayıb. Daha sonra isə valideynləri ilə birgə Opera və Balet Teatrında Pyotr Zilbermanın ona fleytadan söz açması isə tütəyin bu musiqi aləti ilə əvəzlənməsi ilə nəticələnib. Amma bu da bir həqiqət ki, onun bir musiqiçi kimi yetişməyində ailə mühiti mühüm rol oynayıb: "Atam tanınmış psixoloq-alim Muxtar kişi tar, anam Səriyyə (o, bioloq idi) xanım isə qarmon çalardı. Qardaşım Elmar isə onları dəflə müşayiət edərdi. Atamın həm də yaxşı səsi vardı və dəstgahları, muğamları gözəl ifa edərdi".

Söhbətimiz 8 Mart ərəfəsinə təsadüf etdiyindən o, anası ilə bağlı bir xatirəni də bizimlə bölüşdü: "Bağda qonşum qoyun saxlayırdı, bizdə də iki qoyun vardı, 3 manat verirdi, 3 qonşunun qoyununu saxlayırdım. Onda 15-16 yaşım vardı. O pula da gedib anam üçün hədiyyə alardım. Onda "Krasnaya Moskva" ətiri çox məşhur idi və yığdığım pulla onu alaraq anamı sevindirməyə çalışardım. 8 martda anama balaca pudra alardım, anam da çox sevinərdi".

Daha sonra ağrılı-acılı olsa da, həmin illəri ömrünün ən şirin çağları olduğunu vurğulayan Telman müəllim söhbətinin bu yerində bir haşiyəyə çıxmağı da özünə borc bildi: "Bəli, fleyta qərb alətidir. Təkcə fleytanın deyil, digər bu tipli musiqi alətlərinin ölkəmizdə tanınmasında Üzeyir bəyin böyük rolu olub. Belə ki, Üzeyir bəy "Koroğlu"nu yazanda Avropa alətlərini partitaruraya salıb. Bir sözlə, o alətlər "Koroğlu" ilə Azərbaycana gəlib".

Bəli, Telman müəllim öz ifası ilə bu musiqi alətini ölkəmizdə sevdirə bilib, onu sehrinə sala bilib. Hətta Xalq artisti, professor, "Şöhrət" ordenli bəstəkar Tofiq Bakıxanov fleyta əsərlərindən ibarət "Melodiya" şirkəti tərəfindən Telman Hacıyevin ifasında plastinka da buraxıb. Telman müəllimdən söz düşəndə isə Tofiq müəllim belə deyir: "Telman təhsil aldığı Moskvada keçirilən konsertdə o qədər həvəslə ifa edirdi ki, məndə onun üçün mahnı bəstələmək həvəsi yarandı. Fleyta üçün əsərlərimin yaranmasında ilhamverici qüvvə məhz o olub. Orkestr ilə fleyta üçün ilk konsertimi ona həsr etmişəm. Sonrakı əsərlərimin də hamısını Telmanın ifasını nəzərə alaraq yaratmışam. Axı məni bu alətin xüsusiyyətləri ilə məhz Telman tanış edib. Məhz bu səbəbdən, məndə onun partiyalarında daha böyük virtuozluğa can atmaq həvəsi yaranıb..."

Fleyta üzrə ixtisasını daha sonra P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təkmilləşdirən Telman Hacıyev 1975-1976-cı illərdə SSRİ mədəniyyət nazirliyi xətti ilə Misir Ərəb Respublikasında Qahirə konservatoriyasının professoru vəzifəsində işləyib, Qahirə, İsgəndəriyyə, Naqhamadi, Xeluan şəhərlərində, bir sözlə, dünyanın 70-ə yaxın ölkəsində solo konsertlər verib. (Ümumiyyətlə, onun həyat tarixçəsində 300-ə yaxın solo konsert var). Bu solo konsertlərin hər birində o qərb klassikləri ilə yanaşı, Azərbaycan bəstəkarlarının - Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov və başqalarının da əsərlərini fleyta dili ilə fleytasevərlərə çatdırıb.

Onu da qeyd edək ki, Telman müəllimin həyat yolu heç də hamar olmayıb. Onun da, əgər belə demək mümkünsə, qabağına kötük itələyənlə olub. Lakin o bütün bunlardan sarsılmayıb. Amma dediyinə görə, bu səviyyəyə çatmasında Qara Qarayevin böyük xidmətləri olub.

Söhbətinin sonunda musiqimizin bu günü ilə bağlı Telman müəllimə sual verdik. O: "Bu gün milli musiqimizə süni şəkildə o qədər yad nəfəslər əlavə ediblər ki... Bu isə milli musqimizin deqradisiyası deməkdir", - cavabını verdi.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Telman müəllimin övladları - Vaqif və Mina onun davamçılarıdır.

Qvami Məhəbbətoğlu

DİGƏR XƏBƏRLƏR

Top