"Hər bir əsərdə Xocalı soyqırımının ağrıları yaşanır"

Tariximizə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı rəssam və heykəltəraşlarımız tərəfindən kifayət qədər canlandırılıbmı? Bu sualımıza aydınlıq gətirən Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin sözlərinə görə, rəssamlarımız Xocalı faciəsi ilə bağlı bir-birindən maraqlı əsərlər ərsəyə gətiriblər. Belə ki, Xalq rəssamı, tanınmış heykəltəraş Xanlar Əhmədov Xatın dəhşətinə bərabər tutulan Xocalı qətliamına bədii münasibətini elə hadisənin ilk ildönümündə sərgiləyib. O, bir ildə bütün digər yaradıcı işlərini kənara qoyaraq Xocalı mövzusunda bədii cəhətdən çox tutumlu sayıla biləcək əsərlər (25 heykəltəraşlıq kompozisiyası) ərsəyə gətirib. Rəssam Nazim Məmmədov bu mövzuda əlliyə yaxın əsər ərsəyə gətirib, onları faciənin 10 illiyi günlərində Azərbaycan Milli İncəsənət Muzeyində "Xocalı harayı" adlanan fərdi sərgisində nümayiş etdirib və elə həmin əl işlərini də bu sənət ocağına hədiyyə edib. Tanınmış rəssam Vaqif Ucatayın elə hadisənin baş verməsindən az sonra işlədiyi "Xocalı" plakatı öz orijinallığı ilə seçilib. Əsərdə sinəsinə xəncər sancılmış körpə və "Xocalı. 1992" sözləri yer alıb. Qanına qəltan olunmuş körpə təsvirinin doğurduğu nifrəti sözlə ifadə etmək mümkünsüzdür. Əməkdar rəssam Adil Rüstəmovun 2010-cu ildə təşkil olunmuş "Qarabağ şikəstəsi" adlı sərgisində nümayiş olunan otuza qədər qrafik lövhədə bu faciə daha təsirli formada tamaşaçılara çatdırılıb. Təbii ki, bu mövzudan söz açarkən hər il paytaxtımızda faciəni anım mərasiminin keçirildiyi meydanda ucaldılan "Ana kədəri" abidəsindən (Aslan Rüstəmov, Mahmud Rüstəmov və Teymur Rüstəmov) söz açmamaq mümkün deyil. Bu əsərdə heykəltəraşlar günahsız insanların ağrılı yaşantılarını ifadə etməyə nail olublar.

İstedadlı fırça ustası Asif Azərellinin "Belə də haqsızlıq olar?" (2011) tablosunu erməni daşnaklarının Azərbaycan mədəniyyətinə yönəli vəhşilikləri özünün çox ifadəli əksini tapıb. Üfüqi kompozisiyada işğalçı erməni əsgərinin ayaqları və onun ətrafına səpələnmiş maddi-mədəniyyət nümunələrimizin, Qarabağın muğam ifaçıları ilə bağlı atributların (tar, kamança, qaval, xanəndələrin fotoları və s.) təsvirləri kifayət qədər diqqətçəkən və yağı düşmənə qarşı nifrət hissləri oyadıcıdır. Respublikanın əməkdar rəssamı Fərman Qulamovun "Vəhşilik" tablosunda da Xocalıda baş verən qətliam özünün obrazlı ifadəsini tapıb.

Gənc rəssam Günay Mehdizadənin son vaxtlar yaratdığı "Xocalı" tablosunu məna-məzmun yükünə görə bu mövzuda yaradılan ən təsirli əsərlərdən saymaq olar".

Bu mövzuda kifayət qədər əsərlərin yarandığını vurğulayan Ziyadxan müəllim bildirdi ki, hər bir əsərdə bu faciənin, soyqırımın ağrılarını yaşamaq mümkündür: "Amma hesab edirəm ki, sənət adamlarımız, o cümlədən rəssamlarımız bundan sonra da bu mövzuda axtarışlarını davam etdirməlidirlər".

Qvami

DİGƏR XƏBƏRLƏR

Top