Lapşin anası və BQXK nümayəndələri ilə görüşdü

Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər etməkdə təqsirləndirilərək həbs edilib Azərbaycana ekstradisiya edilən bloqer Aleksandr Lapşinin anası Bakıya gəlib.

A. Lapşinin anası Bella Lapşina Bakıya gələrək oğlunu müdafiə etmək üçün yeni vəkillə müqavilə imzalayıb. Vəkil artıq 1 saylı Bakı İstintaq təcridxanasında A.Lapşinlə görüşüb, onun saxlanma şəraiti və səhhəti ilə də maraqlanıb. Yeni vəkilin orderi artıq istintaqa da təqdim edilib.

B.Lapşina Rusiya və Belarus səfirlikləri vasitəsilə 1 saylı Bakı İstintaq təcridxanasında saxlanılan oğlu ilə də görüşüb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri də Bakıda həbsdə olan bloger Aleksandr Lapşinə baş çəkiblər.

Bu barədə blogerin həyat yoldaşı bildirib.

“Saşanı Qızıl Xaç Komitəsinin nümayəndələri ziyarət ediblər. Saşa sağ-salamatdır, normal şəraitdə saxlanılır. Qonşusu yoxdur”, - deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycanda həbsdə olan bloger Aleksandr Lapşin üçün yeni vəkil də tutulub.

Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.apa

DİGƏR XƏBƏRLƏR

Top