"Fransadan sığınacaq istəyən gürcülərə Azərbaycan pasportunu KİM VERİR?"

"Bir müddətdir Fransada immiqrasiya idarəsində işləyirəm. Bu immiqrantların bir hissəsi, öz ölkəsində siyasi, etnik, dini və s. problem yaşadığını bildirərək Fransada sığınacaq almaq üçün müraciət edənlərdir. Son vaxtlar, Azərbaycandan gələnlərlə bağlı maraqlı tendensiya yaşanır". "Yeniavaz.com" saytı xəbər verir ki, bunu Fransada yaşayan azərbaycanlı bloqqer Elnur Məcidli sosial şəbəkədəki səhifəsində bildirib.

"7 dekabr 2016-cı ildə Avropa Parlamenti və Avropa Birliyi ilə Ukrayna və Gürcüstan arasında qarşılıqlı viza rejiminin ləğvi ilə bağlı razılaşma imzalandıqdan sonra Fransaya gələn gürcü əsilli Azərbaycan vətəndaşlarının sayı artmağa başlayıb. Gürcüstan ilə sərhəd rayonlarımızda, xüsusən, Qaxda gürcülərin milli azlıq kimi yaşadığını bilirik, lakin onlar kifayət qədər Azərbaycan və rus dillərində danışa bilirlər. Fransaya gələn Azərbaycan "gürcüləri" isə, əllərində Azərbaycan pasportu olmasına baxmayaraq, nə bizim dilimizdə, nə rus dilində danışa bilirlər. Təsəvvür edin ki, 20-25 il və daha artıq müddət Azərbaycanda yaşayasan və bu ölkənin dilini heç primitiv səviyyədə belə bilməyəsən, bu inandırıcı görünmür. Daha öncə bənzər hadisələrlə qarşılaşmışam, məsələn, bəzi çeçenlərin özünü gürcü, bir çox erməninin də özünü gürcü kimi təqdim etdiyini bilirəm".

Elnur Məcidli deyib ki, son razılaşma qüvvəyə mindikdən sonra Ukrayna və Gürcüstan vətəndaşları Fransada və digər Avropa Birliyi ölkələrində sığınacaq üçün müraciət edə bilməyəcəklər: "Ermənistan vətəndaşlarının da artıq bir neçə ildir, müraciətləri qəbul olunmur və yaxud mənfi cavab verilir, proses öz ölkəsinin vətəndaşlığından imtinaya (apatrid) qədər gedir. Beləliklə, Fransaya yenicə axını başlamış bu immiqrantların gəliş şəkili kifayət qədər şübhəlidir.

Məsələn, Azərbaycan gürcüsü olduğunu və 20 il bu ölkədə yaşadığını iddia edən bir müraciətçinin dilimizi bilməməsi bir kənara, qısa bir müsahibə ilə Azərbaycana bələd olmadığını, ümumiyyətlə, gündəlik məişət, mədəni mövzulardan belə bixəbər olduğunu görmüş oluruq. Əvəzində isə, əlində Şəki şəhərində verildiyi yazılan Azərbaycan pasportu var. Artıq bu hadisə, bir neçə dəfə təkrarlanıb, mənə elə gəlir ki, ölkə daxilində dövlət resurslarından istifadə edərək xarici millətlərə ölkə pasportumuzu satan cinayətkar qrup formalaşıb. Daha öncələr Azərbaycan pasportu ilə gələn pakistanlı belə görmüşəm! Ancaq bu hadisələrin intensivləşməsi, dövlətin milli təhlükəsizlik atributlarından sayılan pasportun bu gün qanundan kənar kriminal alverin predmetinə çevrildiyini göstərir. Bu mövzunun araşdırılmasını xahiş edirəm, əminəm ki, ortaya ciddi informasiyalar çıxacaq. Bu həm də ölkənin təhlükəsizlik məsələsidir, düşmən və ya rəqib ölkənin vətəndaşının belə, asanlıqla milli pasportumuzu əldə etmə təhlükəsi yaranmasından xəbər verir".

DİGƏR XƏBƏRLƏR

Top