Sabiq məmur dövlətə dəyən ziyanı ödəmək üçün əmlakını satır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbsdə olan sabiq Aparat rəhbəri Vidadi Zeynalovun dövlətə dəyən ziyanı ödəmək üçün satışa çıxarılmasını istədiyi əmlakının ümumi dəyəri məlum olub.

Vəkil Bəylər Məmişov açıqlamasında deyib ki, Bakının Nərimanov və Nəsimi rayonlarında yerləşən, biri yaşayış, ikisi isə qeyri-yaşayış obyekti olan əmlakın ümumi dəyəri ekspert rəyinə görə 12 milyon manat təşkil edir.

Qeyd edək ki, bu gün məhkəmə iclasında V. Zeynalovun vəkili Bəylər Məmişov dövlətə vurulan ziyanı ödəmək üçün sözügedən əmlakın üzərindən həbsin götürülməsi və əmlakın satışa çıxarılması barədə vəsatətlə çıxış edib. Məhkəmə Kollegiyası isə vəsatəti hazırkı mərhələdə baxılmamış saxlayıb.

Xatırladaq ki, Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov, birliyin baş mühasibi Anar Mustafayev, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.apa

DİGƏR XƏBƏRLƏR

Top