"Ögey ana"nı bizə sevdirən SƏNƏTKAR...

Həbib İsmayılov Azərbaycan kinosunda məhsuldar işləməyib. Lakin kino tariximiz üçün çox dəyərli filmlər yaratmağa müvəffəq olub. Bu gün onun anadan olmasından 111 il ötür.

Əməkdar incəsənət xadimi Həbib İsmayılov əməli işi ilə iz qoyub sənət aləmimizdə. O, kinomuza "Ögey ana" (1958), "Böyük dayaq" (1963) bədii filmlərini bəxş etməklə bu aləmə öz sənətkar imzasını atıb. Həbib İsmayılov bu filmlərdə əsas hadisələrin fonunda kənd həyatını da o qədər canlı ekranlaşdırıb ki...

Altmış ildir ki, onun ailə-məişət mövzusunda çəkdiyi sadə dramaturji quruluşa malik "Ögey ana" maraqla izlənilir. Ələsgər Ələkbərov, Nəsibə Zeynalova, Fateh Fətullayev Həqiqət Rzayeva kimi tanınmış aktyorların iştirakı ilə ərsəyə gəlmiş bu filmdə, şübhəsiz ki, Həbib İsmayılovun ən böyük uğurlarından biri İsmayıl rolunun ifaçısı balaca Ceyhun Mirzəyevi "kəşf" etməsi olub. Sonradan kino tariximizdə daha dərin izlər qoymuş balaca Ceyhun bu uğurlu aktyor heyətini, sözün həqiqi mənasında, tamamlaya bilir, daha doğrusu, sənət hadisəsinə çevrilir. Elə rejissorun ilk bədii filmini tamaşaçıya sevdirən də odur. Rejissorun fikrincə, qarşılıqlı sevgi hər şeyə üstün gəlir. Yeri gəlmişkən, onu da deyək ki, bu filmin ssenari müəlliflərindən biri Həbib İsmayılov olub.

Xalq yazıçısı Mirzə İbrahimovun eyniadlı romanı əsasında ekranlaşdırdığı "Böyük dayaq" filmi ilə də Həbib İsmayılov öz sözünü deyə bilib. Bu filmə də o çəkilişlərə elə bir heyət cəlb edir ki... Nəticədə Həbib İsmayılov çox sanballı ekran əsəri ərsəyə gətirir. Bəli, o, aktyor seçimində udmaqla filmini urəklərə daşımağı çox yaxşı bacarırdı. Filmdə Rüstəm kişi mühafizəka olsa da gözəl ailə başçısı, səriştəli təsərrüfat rəhbəridir. Ancaq o, səhvlər buraxır, ətrafındakı dələduzlara inanır, nəticədə isə arxadan zərbə alır. Və sonda başa düşür ki, xalqdan böyük dayaq yoxdur. Rejissor bunu elə incə detallarla tamaşaçıya çatdırır ki...

Məlumat üçün bildirək ki, rejissor Həbib İsmayılov 31 dekabr 1966-cı ildə vəfat edib.

Qvami

DİGƏR XƏBƏRLƏR

Top