Azərbaycanda baş verən ana ölümlərinin sayı və səbəbləri açıqlanıb

Bu il Azərbaycanda baş verən ana ölümlərinin sayı və səbəbləri açıqlanıb. Səhiyyə Nazirliyin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib ki, yanvar ayının 1-dən bu günə qədər ölkədə 4 ana ölümü qeydə alınıb. Ana ölümləri Tovuz, Goranboy, Ağcabədi rayonları və Bakının Qala qəsəbəsində baş verib. Tovuzda qeydə alınan ana ölümünün səbəbini açıqlayan S.Məmmədova qeyd edib ki, bu hadisə ana həkimə gec müraciət etməsi nəticəsində qeydə alınıb: “Belə ki, qadın qeydiyyata gec düşüb, lazımi olan həcmdə müayinələrdən keçməyib. O, xəstəxanaya daxil olanda mərkəzi cift gəlişi olub və cift düzgün yerləşməyib. Həkimlər onu daha yüksək üçüncü səviyyəli doğuşayardım müəssisəsinə göndərməyə cəhd ediblər. Bu zaman xəstənin vəziyyəti elə ağır və fəsadlaşmış formada olub ki, onu gətirib çatdırana qədər qanaxma baş verib. Əməliyyatın aparılmasına, lazımi səviyyədə qanın vurulmasına baxmayaraq, fəsadlaşmadan sonra qadının bədəni yenidən bərpa oluna bilməyib, nəticədə ölüm baş verib”.

Komissiya sədri vurğulayıb ki, Goranboyda baş verən ana ölümünün səbəbi isə inkişafdan qalmış hamiləlik olub. Qadında əvvəllər disfunksiyanın olduğunu deyən S.Məmmədovanın sözlərinə görə, qadın hamilə olduğunu üçüncü həftədə test yoxlaması zamanı bilib: “Bəzən test yoxlanışı inkişafdan qalmış hamiləliyi müsbət göstərici kimi qeydə alır. Qadının daxilində uşaq inkişaf etməsə də, döl yumurtası inkişaf etdikdə xüsusi hamiləlik hormonları ifraz etmiş olur. Ona görə də testlərdə nəticə zəif də olsa müsbət göstərilir. Bu qadın inkişafdan qalmış olsa da, hamilə olduğunu zənn edib. Həkimə yalnız qanaxma ilə müraciət edib. Həkim yardım etmək istəyib, narkoz verilib. Lakin qadın narkozdan ayılmayıb”.

S.Məmmədova əlavə edib ki, Qala qəsəbəsindəki ana ölümü evdə baş verən doğuş zamanı olub. Komissiya sədrinin sözlərinə görə, həmin qadın həkimə bir dəfə müraciət edib: “İki həftədən sonra qadının evdə sancısı tutub. Qohumları isə onu vaxtında həkimə gətirmək əvəzinə tam açılışın olmasını gözləməyi məsləhət biliblər. Əvvəldən anemiyası olan həmin qadın həkimə vaxtında müraciət etməyib, müalicə almayıb. Sancını sona kimi gözləyib, ciftin vaxtından əvvəl qopması baş verib. Bu da qanaxma ilə nəticələnib və ölüm qeydə alınıb”.

Komissiya sədri qeyd edib ki, Ağcabədidəki ana ölümünə ağır preklamsiya səbəb olub. Həmin qadının böyrəyində problemin olduğunu deyən S.Məmmədova bildirib ki, doğuşdan sonra onun böyrəyi fəaliyyətini dayandırıb: “Zahılığın 34-cü günündə qadın böyrək ağrısı ilə həkimə müraciət edib. Məlum olub ki, 10 günə yaxındır onun böyrəyi süzmür. Xəstə dərhal Respublika Klinik Xəstəxanasına göndərilib. Ona yardım göstərilsə də, dializə qoşulsa da xilas etmək mümkün olmayıb”. Komissiya sədri vurğulayıb ki, ölən anaların hamısının yaşı 30-dan yuxarı olub və bu, onların təkrar hamiləliyi olub.Apa

DİGƏR XƏBƏRLƏR

Top