"Bizi it yerinə qoymurlar” - Ermənistanda yaşayan yezidilər VİDEO - FOTO

1986-87-ci illərdə başlayan və 1988-ci ildə azərbaycanlıların indiki Ermənistan ərazisindən deportasiyası ilə nəticələnən diskriminasiya siyasətinə bu ölkədə yenidən start verilib. Bu dəfə hədəfdə Ermənistanda yaşayan yezidilərdir. Ermənistandakı mövcud siyasi rejim son zamanlar bu ölkədə yaşayan yezidilərə qarşı açıq şəkildə təzyiqlər etməyə başlayıb. Baş verənlərə nəzər saldığımız zaman belə görünür ki, 1987-88-ci illərdə azərbaycanlılara qarşı həyata keçirilən siyasət bu dəfə yezidilərə qarşı eyni ssenari ilə təkrarlanır: sosial problemlər, alçaldıcı təhqirlər, milli zəmində qarşıdurma, milli və dini dəyərlərdən uzaqlaşdırma, bürokratik maneələr, soyğunçuluq, əmlakın əlindən alınması, qanunsuz həbslər…

Ermənistan Yezidilər Birliyinin sədri: “Ermənistanda yezidlərin sayı sürətlə azalmaqdadır”

"Yeniavaz.com" xəbər verir ki, bu günlərdə Ermənistanda nəşr olunan gündəlik “Joğovurd” qəzetində Ermənistan Yezidilər Birliyinin sədri Əziz Tamoyanın müsahibəsi dərc olunub. Əziz Tamoyan “Joğovurd” qəzetinə verdiyi müsahibədə deyir ki, öz ailələrini dolandırmaq üçün yezidilərin iş yerləri yoxdur: “Bu gün Ermənistanda yaşayan yezidilərin sayı 50 faiz azalıbdır. İmkan olan kimi ölkəni tərk edirlər. Elektrik enerjisi və qazın qiymətinin artmasından sonar yezidilərin köçüb getməsi daha da artdı. Adamlar dözə bilmirlər. Bilmirlər bir tikə çörək pulu qazansınlar, mal qara üçün yem alsınlar yoxsa kommunal xərcləri ödəsinlər. Yezidlərin çoxu Rusiyaya və Avropa ölkələrə köçüb gedirlər. Məni təcübləndirən isə odur ki, rəsmi qurumların açıqladlığı statistik göstəricilərdə yezidilərin sayı yalandan şişirdilir. Halbuki yezidilərin 50 faizi ölkəni tərk edib və bu proses bu gün də davam edir. Bunu mən tam məsuliyyətimlə deyə bilərəm”.

Çaxır zavodu tikmək üçün yezidlərə məxssus qəbirlər dağıdılır

Armavir rayonunun Miyasnikyan qəsəbəsindəki yezidlərə məxsus məzarlıq Ermənistan Parlamentinin deputatı Hrand Qriqoryanın yaxın qohumu Seyran Qriqoryan tərəfindən dağıdılıb. Bu barədə “Sincar” Yezidilərinin Milli Birliyi tərəfindən məlumat verilib. Təşkilatın sədri Baris Tamoyan bildirib ki, Miyasnikyan qəsəbəsindəki yezidilərə məxsus məzarlıqda çaxır zavodunun inşa olunması məqsədilə yezidilərə məxssus 22 qəbir dağıdılıb. Qəsəbənin sakinləri bildiriblər ki, Seyran Qriqoryan həmin qəbirləri yenidən bərpa etməyə razılaşmır. Bu addımla bizim xalqı təhqir edirlər və beynalxalq qurumlarda Ermənistanı gözdən salırlar. “Sincar”ın üzvləri Ermənistanın müvvafiq orqanlarına müraciət ediblər ki, bu problemə diqqət ayırsınlar və günahkar şəxslər cəzalandırılaraq yezidi xalqından üzür istəsinlər. Əks halda vəziyyət nəzarətdən çıxa bilər”.

Ermənistan Parlamentinin deputatı yezidiləri necə təhqir edib…

“Sincar” Yezidilərinin Milli Birliyi bu günlərdə Ermənistan Parlamenti qarşısında etiraz aksiyası keçirib. Aksiyanın keçirilməsinin səbəbi deputat Manvel Badeyanın yezidilərə yönəlik alçaldıcı ifadələr işlətməsi olub. Belə ki, Parlamentin iclası zamanı jurnalistlərdən biri Badeyana sual verərək bildirib ki, Ermənistan televizyalarında “Kim, harda, nə zaman” verilişi hansı səbəblərdən rus dilində yayımlanır. Millət vəkili isə jurnalistin sualına belə cavab verib: “Siz doğurdanda öz sualınızla çox səviyyəsiz görünürsünüz. Əgər bu sualı küçədə dayanan bir yezidi versəydi mən buna təccüblənməzdim”. Etirazçı yezidilər bildiriblər ki, onlar Parlamentin Etika Komissiyasına müraciət ediblər, lakin həmin komissiyanın üzvləri də Manvel Badeyandan fərqlənmirlər. “Sincar”ın nümayəndəsi bildirib ki, milli azlıqlara qarşı Ermənistanda təhqirlər çox hallarda baş verir. O bildirb ki, Prezidentin mühafizəçilərindən biri bildirib ki, yezidilərin məskunlaşdığı kəndlərdə uşaq baxçası lazımsızdır və ehtiyac yoxdur.

Ermənilər yezidilərə qarşı silahdan da istifadə edirlər

Kotayk rayonunun Zovuni qəsəbəsinin milliyətçə yezidi olan sakinləri “Haykakan Jamanak” qəzetinə bildiriblər ki, onlar arxasız və müdafiəsizdirlər. Bu günlərdə həmin qəsəbədə bir qrup erməni və yezidi arasında qarşıdurma olub. Yezidilər bildirirlər ki, ermənilərin əlində silahlar olub. Toqquşma zamanı ermənilər xeyli sayda yezidini silahla atəşə tutub və onları xəstəxanaya aparıblar. Hadisə yerində isə qan ləkələri açıqa-aşkar göz qarşısındadır. Erməni-yezidi toqquşması zamanı hətta ermənilərdən biri silahla Ermənistan Yezidilər Birliyinin sədri Əziz Tamoyanı hədələyib. Toqquşmanın səbəbi isə ermənilərin yezidilərə məxsus torpaqları onlardan almaq istəmələridir. Bu yolla yezidiləri qorxudaraq həmin ərazidən uzaqlaşdırmağa çalışırlar.

Yezidi uşaqlar təhsildən kənar saxlanılır

Yezidilərin məskunlaşdığı başqa bir rayonda - Araqatstoni rayonunda isə yezidilərin təhsillə bağlı ciddi problemləri var. Rayonun Kanaşir kəndi tamamilə yezidilərin yaşadığı kənddir. Kəndin şahmat müəllimi Knayz Taşdinyan deyir ki, məktəb sovetlər dövründə - 1985-ci ildə inşa edilib: “Bu günə qədər məktəb təmir olunmayıb. Birincə dəfə kəndə gələnlər məktəbi gördükləri zaman tövlə ilə səhv salırlar”. “Məktəb olduqca təhlükəli vəziyyətdədir”, - deyən şahmat müəllimi Knayz Taşdinyan bildirir ki, şagirdlər gündə 10 dənə siçan tuturlar: “Qışda hər sinif üçün 3,7 litr neft bəs etmir, sinifləri qızdırmaq üçün. Gündə 10 litir versələr də bəs etməyəcək, xeyri yoxdur, isinməyəcək, çünki pəncərələr dağılmış vəziyyətdədir və soyuq məhs ordan içəri dolur. Biz hər il bütün dövlət orqanlarına müraciət edirik. Hətta Prezident də gəlib bu kəndə. Ona da məktəbi göstərdik. Dedi ki, kömək edəcəyik. Lakin bu günə kimi heç bir köməklik göstərilməyib. Bizə təklif edirlər ki, uşaqları qonşu kəndin məktəbinə göndərək. Lakin bilsinlər ki, heç bir yezidi istəməz ki, onun qızı gündə 10 kilometr yol getsin. Hələ yolları demirəm ki, hansı vəziyyətdədir. Uşaqlar erməni dilinin qramatikasını bilmirlər. Bəs bunlar böyüyəndən sonar necə təhsillərini artıracaqlar. Necə inteqrasiya olacaqlar. Bunu qəsdən edirlər ki, biz buraları tərk edib gedək. Onsuzda yezidilərin çoxu tərk edib gedir. Əksəriyyəti Gürcüstana gedib məskunlaşırlar”.

Yezidi uşaqlar dinlərindən və adət-ənənələrindən uzaqlaşdırılır

Yezidilərlə bağlı başqa bir narazılıq azyaşlı uşaqların təlim-tərbiyəsi ilə bağlıdır. “511 nəfər sakini olan Alagöz kəndində uşaq bağçası yoxdur”. Bu sözləri isə kənd sakini Qohar Ataşyan deyir. Onun sözlərinə görə, iki övladı var, amma heç biri bağçaya getməyib: “Bölgənin 12 yezidi kəndindən yalnız birində uşaq bağçası var. Həmin bağça isə dini (xristiyan) təmayüllüdür. Yezidlərin inancı isə “Şarfadin” dinidir və heç kim istəmir ki, öz uşağı digər dini yönümlü bağçaya getsin”. Qohar Ataşyan bildirb ki, mən çox istərdim ki, mənim uşağım yezidi dininə və adət-ənənəsinə uyğun bağçada oxusun: “ Heç olmasa iki kəndə bir bağça olsaydı yenə də yaxşı olardı. Çünki yaxın kəndlərin sakinlərinin 90 faizi yezidilərdi”.

Başqa bir kəndin, Camlı kəndinin sakini Mirazm Urusyan bildirir ki, bizim kəndimizdə heç bir bağça və digər təhsilə aid bir ocaq olmayıb: “Bizim qonşuluğumuzda Alagöz kəndidir. Aramızda 1 kilomet məsafə var. Çox istərdik ki, həmin kənddə bir bağça inşa edilsin və biz də uşaqlarımızı həmin bağçaya aparardıq”.

Yezidilər hərbi xidmətə yararsız olsalar belə cəbhə xəttinə göndərilirlər

Arakats bölgəsinin Carcakis kəndinin sakini, milliyətcə yezidi olan Tosun Amoyan adlı hərbi qulluqçunun isə səhhəti ilə bağlı ciddi problemi var. Buna baxmayaraq ona köməklik göstərilmir və hərbi xidmətə davam edir. Bununla bağlı “Sincar” Yezidilərinin Milli Birliyinin nümayəndəsi Baris Muraz Ermənistan Müdafiə nazirinə dəfələrlə müraciət edib. Baris Muraz bildirib ki, Tosun Amoyanının müalicəsi yalnız əməliyyatla mümkündür: “Onun xəstəliyini nəzərə almadan əsgərliyə aparıblar. Hal-hazırda onun vəziyyəti getdikcə ağırlaşır. Bu xəstəliyi səbəbindən Amoyan əlində silahı belə saxlaya bilmir. Amma hal-hazırda döyüş bölgəsində, postda xidmətini davam etdirir”.

Baris Muraz bildirir ki, biz onun həyatı ilə bağlı narahatıq: “Çünki döyüş başlasa o müdafiə oluna bilməyəcək. Biz nazirə müraciət edənə qədər Amoyanı bir dəfə -2016-cı ildə Vartenis rayonunun hərbi hospitalına aparıblar. Lakin nəticəsiz olub. Orda bildiriblər ki, onlar burada belə ağır əməliyyatı apara bilməzlər. Ancaq buna baxmayaraq əsgəri yenidən hərbi hissəyə göndəriblər”.

Əsgərin atası Rzqan Amoyan isə bildirb ki, oğlunun əllərində problemlər var və o əllərini qaldıra bilmir: “Xahişim odur ki, oğlumu əməliyyat etsinlər, çünki vəziyyəti getdikcə ağırlaşır. Çağrış məntəqəsində oğlumu yoxlamayıblar. Onu göndəriblər xəstəxanaya. Orda isə deyiblər ki, heç bir xəstəliyin yoxdur, get sənə yaxşı xidmət arzulayırıq. Mən Baran hərbi komissarlığına müraciət etdim ki, mənə göndəriş versinlər oğlumu aparım ödənişsiz əməliyyat etdirim. Ordan mənə rədd cavabı verdilər. Dedilər ki, qoy getsin xidmət eləsin hər şey yaxşıdır. Bundan sonra halı daha da çətinləşdi və onu gətirdilər “Muratsan” xəstəxanasına. Lakin 10 gündən sonra yenidən Qarabağa göndərdilər”.

Hərbi komissar: “Orduya çağırılanların çoxu sağlam deyil”

Armavir rayonunun Zartong kəndinin sakini, miliyyətçə yezidi olan Alik Mahmudyanın da ürəyində xəstəliyinin olmasına baxmayaraq onu orduya aparılar. Bu barədə "Sincar” Yezidilərinin Milli Birliyinə Mahmudyanın valideyinləri müraciət ediblər. Valideyinlər hərbi komissarlığa müraciət ediblər ki, övladları xidmət etməyə yarasızdır. Lakin hərbi komissar Muradyanın valideynlərini telefonda təhqir edib. “Sincar” Yezidilərinin Milli Birliyinin nümayəndəsi Baris Muraz həmin hərbi komissara zəng edərək bildirib ki, çağırışçının sağlamlığı imkan vermir ki, o orduya çağırılsın. Lakin hərbi komissar bildirib ki, orduya çağırılanların çoxu sağlam deyil: “Nə edə bilərik əgər gənc çağrılıbsa orduya xidmətə, deməli orduya lazımdır”.

Ermənistan ordusunun zabitləri yezidi əsgərlərə qarşı alçaldıcı hərəkətlər edirlər

Dağlıq Qarabağda yerləşən Ermənistanın Silahlı bölmələrinin mövqelərindən birində yezidi millətindən olan əsgər Teymur Sloyan öz şəxsi silahı ilə dəstə komandiri, kiçik çavuş Kamo Hovanesyana atəş açaraq onu öldürüb. Bundan sonra Sloyan silahı ilə özünü də öldürüb. Hadisə ilə bağlı cinayət işi açılıb. Araşdırmalar nəticəsində bəlli olub ki, çavuş Hovanesyan hadisədən bir neçə gün qabaq Sloyana qarşı milli zəmində təhqir və alçaldıcı addımlar atıb.

İrəvanda yaşayan yezidi: “Keçəcəm Türkiyə tərəfə"

Bu yaxınlarda İrəvanın Silikyan məhələsinin sakinləri, milliyətcə yezidi olan Şirin Aliyanın və onun xanımı Tərlan Sadayanın üzərinə quldurlar basqın ediblər. Basqın edənlərin şəxsiyyəti bilinsə də onları həbs etmirlər. Yezidi icmasının nümayəndələri bu səbəbdən İrəvanda President iqamətgahı qarşısında etiraz aksiyası keçiriblər. Onlar tələb edirlər ki, cinayətkarlar həbs olunsunlar. Etirazçılardan biri bildirir ki, bizi it yerinə qoymurlar: “Nə zaman gedirik polisə qapıları bağlayırlar üzümüzə. Bu cinayət nə zamana qədər bağlı qalacaq. Əgər bir ermənini talan etsəydilər dərhal cinayətkarı həbs edərdilər. Əgər cinayətkarlar həbs olunmasa mən gedib sərhəddə dayanacam, ya keçəcəm Türkiyə tərəfə, ya da çadırımı gətirib burada quracam”.

Milliyyətcə yezidi olan “Zaqros” qəzetinin redaktoru Alixan Mamein isə deyir ki, bu işin arxasında milli azlıqlara qarşı aparılan diskriminasiya siyasəti durur: “Bu çox aydın bir işdir. Çünki cinayətkarların şəkilləri var. Lakin bu istiqamətdə bir iş görülmür. Əgər bir erməninin evinə girib 1000 dram aparsalar, səhərisi gün dərhal cinayətkarı aşkar edirlər. Bizə qarşı isə əksinədir”.

Milliyyətcə yezidi olan vətəndaşın evini əlindən alıblar

Kotayk rayonunn Kotayk kəndinin sakini milliyyətcə yezidi olan Hnar Xaloyan şikayət edərək bildirir ki, kənd soveti tanımadığı bir şəxslə birlikdə saxta sənədlər hazırlayıb və məni öz evimdən çıxarıblar: “Polisdən isə mənə dedilər ki, səsini çıxarma. Hər kəsə bəllidir ki, milli azlıqlara qarşı Ermənistanda ciddi təzyiqlər var. Nə etmək olar problemləri demək üçün. Ermənilər son illərdə çox dəyişiblər. Yezidilər Ermənistanda uzun illərdir yaşayır. Tək bir şey deyə bilərəm ki, son dövürlər bizə qarşı təzyiqlər daha da artıb. Mənim artıq 4 ildir ki, evim yoxdur. Əgər mənə heç kim kömək etməsə onda mən əlimdən alınmış evi yandıracam”.

Qanunsuz həbs edilən yezidi gəncin anası fəryad edir: “Yezidilərə qarşı soyqırıma son qoyun”.

Ermənistanda polislər tərəfindən miliyyətcə yezidi olan 18 yaşlı Kərəm Amoyan mütəşəkkil cinayətdə iştirak ittihamıyla həbs olunub. Kərəmin anası Karine Amoyan bildir ki, onun oğluna qarşı şər atıblar: “Cinayəti törədənlər yuxarıların adamları olduğundan və oğlum yezidi olduğu üçün onu qurban seçiblər”. Bu günlərdə Karine Amoyan İrəvanda Bağramyan və Demirçyan küçələrinin kəsişməsində özünü Prezidentin avtomobilinin altına atmağa cəhd edib. K. Amoyan bildirir ki, o artıq belə qərara gəlib ki, Prezidentin iqamətgahı qarşısında benzini üstünə töküb yandırsın: “Oğlumun başında ağır qüsur olduğuna görə o bu gün ağrılar içindədir. Bu torpaqlar yezidilərin deyil, biz burda zülm çəkirik. Qoy yezidiləri qovsunlar, biz gedək təslim olaq türklərə. Mənim uşağımdan başqa mənim heç kimim yoxdur. Oğlumun vəziyyəti günü-gündən ağırlaşır heç bir köməklik etmirlər. Bəs mən nə üçün bu ölkədə qalmalıyam”. Polislər isə K.Amoyanı lağa qoyaraq bildiriblər ki, sən yaxşı olar ki, yuxarıda durub qışqırasan, onda Prezident səni daha yaxşı görər.

K. Amoyan bildirir ki, bu ölkədə hər zaman etnik qruplara qarşı hörmətsizlik olub və bunu hər yerdə hiss ediblər: “Bu yaxınlarda bir yezidi qadın övladının öldürülməsinə görə özünü yandırmadımı. Mənim qohumlarımı Eçmiədzində güllələyib öldürmədilərmi. Abovyanda yezidi ailəsindən dörd nəfəri öldürmədilərmi. Mən bütün beynalxalq təşkilatlara və Avropa ölkələrinə müraciət edəcəm. Bəsdir bizi təhqir etdiniz. Yezidilərə qarşı soyqırıma son qoyun”.

Yezidilər

DİGƏR XƏBƏRLƏR

Top