Ədəbiyyat olsun, amma həqiqi ədəbiyyat

Əli Çərkəzoğlu

Son illərdə ölkəmizdə sözə, şeirə hörmət xeyli azalıb. Bir vaxtlar bu məmləkətdə az qala iki adamdan biri yazırdı. İndi heç iki adamdan biri oxumur. Hələ bu gənc nəslin ədəbiyyata, şeirə münasibəti isə daha acınacaqlıdır. Çoxları şeir adı eşidən kimi ağız büzür. Gənc yazarların yazıları isə, sadəcə, uğursuz eksperiment təsiri bağışlayır.

Mən yaltaq, məddah ədəbiyyatı sevmirəm və mənfəət məqsədilə yazılmış hər şeyin itib-batacağına inanıram. Əməlli-başlı yaza bilməyən adamların "seçilmiş əsərlər" adı altında cild-cild kitablar çıxarmasını isə qəzəb və təəssüflə izləyirəm. Mənə görə, bütün bunlar hələ düşüncələrdə davam edən köhnə xəstəlikdir. 40-50 il yazırlar və sən bütün yazdıqlarını çevirib, bircə bənd, bircə misra tapa bilmirsən ki, hisslərinlə həmahəng olsun, duyğularına tərcümanlıq etsin, ürəkdən "oxxay" deyəsən.

Hərdən də müəllifini bilmədiyin, tarixin hansısa mərhələsində unudulmuş bir könül əhlinin bircə misrəsının eşidib dəli olursan və ədəbiyyatın nə qədər gözəl, dəruni, lətif bir iş olduğuna bütün varlığınla inanırsan. "Tükəndi nəqdi-ömrüm, dildə sərmayəm bir ah qaldı." Bu misranı, yəqin ki, çoxumuz Tatlısəsin dilindən eşitmişik. Doğrudur, qəzəlin növbəti beytlərində naşı əllər işlədiyini, bu möhtəşəm ədəbiyyat nümunəsinin necə təhrif və təhqir olunduğunu anlamaq könül əhli üçün heç də çətin deyil, ammu bu bircə misranın yükü adamı yerindən oynatmaq üçün yetərlidir. Vaqif Bayatlı demişkən, əlini qoyursən bu bircə misranın üstünə və deyirsən: Ədəbiyyat budur! İnternetdə bir xeyli araşdırıb qəzəlin ona yaxın fərqli variantlarına rast gəldim. Müəllif haqqında isə ətraflı bilgi tapa bilmədim, sadəcə, adının Rıfat olduğunu öyrəndim. Qəzəlin məqtəsi, yəni son beyti belədir:

Bu Rıfat varını yaran yolunda eylədi yağma,

Əlində sayə bir kəşkül, başında bir külah qaldı.

Bir məsələ də var ki, son onilliklərdə klassik ədəbiyyat və əruz vəzni ilə maraqlananların sayı sürətlə azaldığından bu cür möhtəşəm ədəbi nümunələri əlifbadan əlifbaya köçürülərkən ciddi qüsurlara yol verilir. Şeiri oxuyursan və əmin olursan ki, orda nəsə yerində deyil, çünki əruz vəznində bircə hərf yerindən sürüşəndə bütün sistem pozulur və bu xəta diqqəti çəkir.

Fani dünyanın səfası bir quru qovğa imiş,

Doğruca bir insan olmaq hər şeyə övla imiş!

Bu beyt əslində ömür adlı qovğanın, həyat adlı yolun hər qarışına işıq salır. Bu dünyada zövq, səfa üçün nə qədər çalışıb çırpınsan, hamısı boş, mənasız zəhmətdən başqa bir şey deyil. Sən doğru-düzgün adam olmağa çalış, yalan danışma, haram yemə, başqasının haqqını tapdama, heç bir şeydən də əndişələnmə. "Doğruca bir insan olmaq"- əslində hər birimizin ən böyük borcumuz budur və siz bu ifadəni kifayət qədər aça, genişləndirə bilərsiniz.

Şərq şeirinin şəriksiz ustadı Füzulinin, deyilənə görə, Sultan Süleymana ünvanladığı bu iki misranı tarixin bütün dövrlərində bütün haqlılar, bütün haqsız sultanlara yönəldə bilər. Görün həqiqət nə qədər də sərt, nə qədər də dəqiq və duyğulu bir üslubla ifadə olunub:

Ey olub sültan, deyən: Dünyada məndən qeyri yox,

Sən səni bayquş bil, dünyanı bir viranə tut.

Bu cür misralar əslində nə qədər sadə, bəsit görünsələr də, sən onun işığında axtardığın həqiqəti tapa və rahat ola bilirsən. Ədəbiyyat dediyin də elə budur.

Şeir dediyin əslində qəlbin ehtiyacıdır, yəni yaşadığın hansısa məqamda o deyim sənin təsəllin olur, onunla könlünə bir rahatlıq gəlir. Məşhur bir misal var. Deyirlər ki, bir padşah üçük düzəltdirir və hər kəsdən soruşur ki, o üzüyün qağına nə yazdırsa, hər zaman onu oxuyub təsəlli tapa bilər. Fərqli deyimlər səslənir, nəhayət ağıllı bir adam "by da keçər" yazmağı təklif edir və bu təklifini də onunla əsaslandırır ki, qəmli zamanında oxuyub təsəlli taparsan, kefinin çağ vaxrında da baxıb özünü ələ alarsan. Padşah otəklif qəbul edir və deyilənin doğru olduğunu da görür.

Yaxşı şeir əslində o "bu da keçər" kimidir. Kim nə boyda yazır-yazsın, onsuz da indiki gənclik uzun şey oxumur, daha doğrusu, uzun şey oxumağa səbri çatmır. Ona görə də roman, povest bazarı xeyli kasadlaşıb. İndikilər status yazır, status oxuyurlar. Yəni deyəcəyin fikri bir cümlə halına sal, mən də başa düşüm ki, sən nə demək istəyirsən, yoxsa mənim macalım yoxdur, sənin sicilləmə yazıların arasında boğulub qalım.

İndiki gənclik karyera qurmaq üçün ən çox ingilis dili və kompyuter haqqında düşünür, sanki düşünmürlər, onların əvəzinə kompyuter düşünür. İndi rəqəmlərlə düşünürlər, hiss, duyğu muzey eksponatları kimidir onların nəzərində. Amma insan bu cür hissləri, səmimi duyğuları ilə insandır, rəqəmləri isə maşınlar daha dəqiq və sürətlə hesablaya bilir.

Bizə ədəbiyyət lazımdır, amma həqiqi ədəbiyyat. Şair xalq olmaq fəlakətdir, altından torpağını namusun kimi çəkib alacaqlar. Cild-cild kitabları ocağa töküb yandırmaq lazımdır, özü də yazarlarının gözü qarşısında. Səfeh şeir yazanları hansı yollasa cəzalandırmaq lazımdır. Bütün ədəbiyyatımızı, bütün şeirlərimizi sıxıb bir-iki kitab halına gətirmək və mənəvi atmosferimizi hər cür çirkabdan, tullantıdan təmizləmək lazımdır, nəsil-nəsil şairlərin adını bircə qələmlə silmək lazımdır. Bəli, bütün bunlar lazımdır, amma bütün bunlarla yanaşı, bizə ədəbiyyat da lazımdır, kövrələndə, ürəyin qübar eliyəndə bir misranın dizinə baş qoyub ağlamaq, axtardığın bir mətləbin mabədini ən qısa və kəsə yolla öyrənmək üçün lazımdır. Bir diqqət eləyin, adamın içini nə qədər də dəqiqliyi ilə təsvir edir:

Duman, gəl-get bu dağlardan,

Bağlar təzə bar eyləsin,

Nə gözlərim səni görsün,

Nə könlüm qübar eyləsin.

Vəssalam, bu gözəl nümunədən sonra daha nə deyəsən axı?!

DİGƏR XƏBƏRLƏR

Top