Mal ətinin qiyməti 15 manat olacaq? - Nazirlikdən açıqlama

Son günlər Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. Belə ki, hazırda ölkənin bir çox şəhərlərində mal ətinin 1 kiloqramı 11 manat, 11 manat 50 qəpiyə satılır. Halbuki mal əti elə bu yaxınlarda bahalaşaraq 10 manat olmuşdu. Lakin bunun son olmadığını, mal ətinin ilinin sonunadək bahalaşmaqda davam edəcəyini, bir müddət sonra 15 manat olacağını iddia edənlər də var.

Qeyd edək ki, bir müddət əvvəl bu mövzularla bağlı aparılan araşdırmalarda mal ətinin bahalaşması yemin qiymətinin artması ilə əlaqələndirilirdi. Bildirilirdi ki, dollar bahalaşdığı üçün xaricdən idxal olunan yem məhsullarının qiyməti də artır. Heyvandarlıqla məşğul olanlar çəkdikləri xərci çıxara bilmək üçün mal ətinin qiymətini artırırlar.

Mal ətinin 1 kiloqramının qiymətinin 6 manatdan 10 manatadək bahalaşmasını bununla əsaslandırmaq olar, lakin qəribədir ki, son vaxtlar dollar ucuzlaşsa da, mal əti yenidən bahalaşıb.

Bir neçə il əvvəl ölkədə taxılçılığın inkişafı məqsədi ilə özəl pilot taxılçılıq təsərrüfatları yaradılarkən yüzlərlə kiçik heyvandarlıq təsərrüfatları ləğv olunub. Hazırda isə pambıqçılığın inkişafı məqsədi ilə bir neçə rayonun ərazisində qış otlaq sahələrində fəaliyyət göstərən böyük heyvandarlıq təsərrüfatları bu yerlərdən çıxarılır. Heyvandarlıqla məşğul olan bəzilərinə isə aprel ayınadək vaxt verilib və bildirilib ki, bu müddətədək əraziləri boşaltmaq üçün tədbir görməlidirlər. Qeyd edək ki, bu təsərrüfatlar ölkənin ətə olan tələbatının ödənilməsində böyük rol oynayırlar...

Ekspertlər bu fikirdədirlər ki, ölkənin iqtisadi siyasətini həyata keçirən qurumlar verilən göstərişləri yerinə yetirərkən bir sahənin inkişafı üçün başqa bir sahəni iflic vəziyyətə salmamalıdırlar. Belə davam edəcəyi təqdirdə, ətin qiymətinin bahalaşması qaçılmaz olacaq.

Nazirlik: "Ətin qiyməti bahalaşmayıb"

Bəs Kənd Təsərrüfatı Nazirliyində bu məsələ ilə bağlı nə düşünürlər? "Yeniavaz.com" saytının suallarını qurumun mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev cavablandırdı.

Murtuzəli Hacıyev deyir ki, Kənd Təsərrüfatı Nazirliyi bazara müdaxilə eləmir: "Ölkəmizdə bazar iqtisadiyyatıdır. Bütün növ kənd təsərrüfatı məhsullarının qiymətləri liberallaşıb. Biz qiymətlərə müdaxilə eləmirik. Qiymətlər enə və qalxa bilər. Məsələn, yumurtanın qiyməti 17-20 qəpiyədək bahalaşmışdı, artıq düşüb 10-11 qəpiyə. Ətin qiymətinin bahalaşması ilə bağlı bizdə fakt yoxdur. Harada bahalaşıb? Hazırda mal ətinin 1 kiloqramının qiyməti 9,50-10 manatdır. Mən özüm bazar günü ət almışam, qiymət 10 manat idi".

Bu açıqlamadan sonra Murtuzəli müəllim nazirliyin heyvandarlıq şöbəsi ilə də əlaqə saxladı. Lakin oradan da mal ətinin son 1 həftədə bahalaşmadığını bildirdilər.

"Ola bilər ki, 1-2 yerdə ətin qiyməti 11 manat olsun, ancaq ümumi olaraq mal ətinin qiymətində bahalaşma yoxdur. Bu həftənin şənbə və bazar günləri mən özüm yarmarkalarda olmuşam. Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi yarmarkada mal-qoyun ətinin qiyməti stabildir - 7-8 manat arasında dəyişir. Bizim heyvandarlıq şöbəsindən də soruşdum, son vaxtlar mal ətinin qiymətinin bahalaşması ilə bağlı bir fakt yoxdur. Qiymətlər 9,50-10 manat civarında dəyişir. Mövsümlə də bağlı ola bilər. Yəni yazqabağı ola bilər ki, qiymət qalxsın və ya düşsün. Əgər mal ətinin qiyməti bahalaşırsa, yenə deyirəm - bazardır, mövsümlə bağlı görürsən qiymətlər dəyişir. Qiymətlər sərbəstdir, biz nazirlik olaraq ona necə müdaxilə edək? Mövsümün hansısa dövründə qiymətlər qalxır da, enir də. Götürün yumurtanı. Yumurta niyə ucuzlaşıb?".

Otlaq sahələrində pambıq əkilməsinin heyvandarlığa təsirinə gəlincə, Murtuzəli Hacıyev bununla razılaşmadı: "Mən deməzdim ki, bunun hər hansı təsiri var. Mövsümlə bağlıdır. İstehsalda da artım var, heyvanların baş sayında da artım var. Yəni elə bir əsas yoxdur".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top