Nazim Hikmətin sevdiyi xanımlar: Nüzhət, Pirayə, Münəvvər, Vera...

Nazim Hikmət və Nüzhət

Nüzhətlə Nazim uşaqlıqdan dost olublar. Moskvada tələbə olduqları vaxt evlənirlər. Nüzhətin ailəsi onun Nazimlə evlənməsini yanlışlıq adlandırır və Moskvaya məktublar yazırlar. Məktubda Nazimi - hər sözü ilə, hərəkəti ilə, hətta saçları ilə bərbərin darağına üsyan etmiş bir adam adlandırıb onunla xoşbəxt ola bilməyəcəyini bildirirlər. Bir müddət sonra Nüzhətin səhhətində problemlər yaranır və Türkiyəyə qayıdır. Müalicə olduğu müddətdə bir daha Nazimin yanına qayıtmayacağını düşünür. Ailəsinin təkidi ilə ayrılmağa qərar verir. Moskvada evləndikləri və heç bir qanuni nikahları olmadığı üçün problem yaşamadan boşanırlar. Nazim Hikmət bu qərardan çox məyus olur. Ayrıldıqdan sonra şair ona şeir də həsr edir.

Nazim Hikmət və Pirayə

Nazim Hikmət sonradan bacısının rəfiqəsi Pirayə ilə tanış olur. Şair Pirayə ilə tanış olanda, Pirayə xanımın bir oğlu və bir qızı var idi. 1935-ci ildə Pirayə ilə evlənib İstanbulda yaşamağı qərara alırlar. Bu evlilik heç kimdən xəbərsiz baş tutur. Nazim Hikmət həbs olunduğu vaxt Pirayəyə şeirlər həsr edir. Məktubların birində Pirayəyə xitabən belə yazır:

Saat dörddür, hələ də yoxsan.

Saat beş yoxsan

Altı, yeddi, ertəsi gün və bəlkə də kim bilir.

Həbsxana həyətində bir bağçamız vardı.

İsti divar dibində, on beş adam qədərdi

Gələrdin, oturardıq yenə sənlə yan-yana.

Məktubun sonunda şair ondan yazdığı şeirləri oxumağı xahiş edir: "Yazdıqlarım möhtəşəm olmasa da, yalan da yoxdur. Səni yalansız necə sevirəmsə, yazdıqlarım da elədir".

Nazim Hikmət durmadan Pirayəyə şeir yazır, amma hər sevginin bir sonu var. 1938-ci ildə Bursa həbsxanasında yatarkən dayısının qızı Münəvvərə aşiq olur. Nazim Münəvvəri həbsxanaya onun ziyarətinə gələrkən görmüşdü. Bir gün Nazim həbsxanadan Pirayəyə məktub yazır və hər şeyi açıq-aşkar bildirir. Pirayə bunu ürəyində saxlayır, heç kimə demir. Münəvvər bir uşaqlı evli qadın idi. Şair, Münəvvər ərindən ayrılmaz deyə narahatlıq keçirir. Ancaq ona aşiq olduğunu bilir. Bir gün Nazim həyat yoldaşı Pirayəyə məktub yazır: "Yer üzündə heç bir insan heç bir insana mənim sənə etdiyim qədər pislik etməyib. Buna baxmayaraq gəl. Sənə "gəl" deyəcək qədər üzsüz və alçağam, mən belə biriyəm. Ancaq sən yenə gəl. Mənə nifrət etsən belə, məni bir daha tənha buraxma!" Və Pirayə Nazimi bağışlayır. Nazim yenidən ona şeirlər yazıb göndərir.

Nazim düşünür ki, onu bağışlayarlar və həbsdən azad olunar. Bu düşüncədə ikən Münəvvərlə yenidən görüşür. Pirayə bunu bilir. Nazim həbsdən çıxacağını yazır. Pirayə xəstəxanaya gedib Nazim Hikmətin həbsdən çıxandan sonra evinə gedə biləcək vəziyyətdə olduğunu bildirir. Qapı açılanda Nazim Hikmət bacısı ilə Münəvvəri görür. O vaxt otaqda Pirayə də olur və otağı tərk edir. Bununla da Pirayə və Nazim Hikmətin görüşü sona çatır. 1930-cu ildə başlayan sevgi 1950-ci ildə bitir. Bu illər Nazimin həyatının çox hissəsinin həbsdə keçməsi ilə yadda qalır. Pirayə xanım heç vaxt Nazimi tərk etməmiş, iyirmi il ərzində hər an yanında olmuşdu. Nazimdən boşanandan sonra heç bir qəzetə bir kəlmə də danışmadı və ölənə qədər bir daha evlənmədi. Ona yazılan kitablar, şeirlər Nazimin həyatında kədərli bir an kimi qalır.

Nazim Hikmət və Münəvvər

1946-cı ildə yenidən Bursa həbsxanasında yatarkən dayısı qızı Münəvvər onu ziyarətə gəlir. Münəvvər öz gözəlliyi ilə Nazim Hikməti özünə aşiq edə bilir. Beləliklə, Nazim Münəvvərlə evlənməyı qərara alır. "Sən əsirliyim və hürriyyətimsən, Sən məmləkətimsən", - deyə şair ona şeirlər yazır. Münəvvər evli və bir uşaq anasıdır. Lakin buna baxmayaraq, şair onu sevir. O vaxtlar Nazim həbsdən çıxa bilmir. Münəvvər isə ərini boşanmağa razı sala bilmir. Sonra Nazimə gizli məktub göndərir. 1950-ci ildə Nazim azadlığa buraxılır və Münəvvərlə evlənir. Onların bir oğlu da olur. Bir müddətdən sonra Nazim Türkiyədən uzaqlaşır. Arvadına, oğluna məktub yazır. Oğluna yazdığı məktubda: "Mən ananın üzünü güldürə bilmədim, sən ananı sevindir, üzünü güldür", - deyə qeyd edir. Münəvvər oğlunu götürüb Nazimin yanına gedir. Ancaq o vaxta kimi Nazim yeni bir qadına vurulur və o, Münəvvərə bunu açıqlayır.

Nazim Hikmət və Vera

Saçları sarı, dolğun sifətli qadın olan Veraya şair "Saman sarısı" şeirini 1961-ci ildə yazır. O vaxt Nazim Hikmətdən otuz yaş kiçik olan Veranın beş illik evlilikdən bir uşağı var idi. İlk tanış olduğu gündən Nazim Veraya aşiq olur və tez-tez ona zəng edir. Sonda Veranın qəlbinə girməyi bacarır. Şairin sonrakı şeirləri artıq Vera üçün yazılır. Getdiyi hər yerdən, ölkədən Veraya zəng edir. Şair ən son şeirini də Veraya həsr edir. 1963-cü ildə Nazim Hikmət vəfat edir. Vera Nazimdən sonra evlənmir və 2001-ci ildə Moskvada dünyasını dəyişir.

Tərcümə etdi: Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top