27 ildir ki R. Behbudovun adını daşıyır

Rəşid Behbudov adına 2 saylı onbirillik Uşaq Musiqi Məktəbi bu il 85 illik yubileyini qeyd edir. Sabah Azərbaycan Dövlət Filarmoniyasında məktəbin şagirdləri yubiley münasibətilə geniş konsert proqramı ilə çıxış edəcəklər. Kollektiv Xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Simfonik Orkestri ilə bir səhnəni bölüşəcək. Proqramda A.Rzayev, T.Quliyev, F.Mendelson, E.Qriq, C.Rossini, V.A.Motsart və digər bəstəkarların əsərləri səslənəcək.

Qeyd edək ki, arxiv sənədlərindən alınan məlumatlara görə, Bakı şəhərində ilk tədris müəssisələri-1 və 2 saylı musiqi məktəbləri 1931-ci ildə açılıb. 2 nömrəli məktəbdə L.Yeqerova, R.Siroviç, R.Gelman, M.Rudolf kimi dövrün tanınmış müəllimləri dərs deyib. İlk illərdə Azərbaycan Dövlət Filarmoniyasının binasında yerləşən məktəb 1 sentyabr 1940-cı il tarixdən müstəqil fəaliyyət göstərib. Ötən illər ərzində məktəbdə tanınmış musiqiçilər nəsli yetişib. Xalq artistləri Musa Mirzəyev, Zöhrab Adıgözəlzadə, Şəfiqə Eyvazova, əməkdar incəsənət xadimləri - musiqişünaslar İmruz Əfəndiyeva, Zemfira Qafarova, Həcər Babayeva, bəstəkarlar Azər Dadaşov, Gövhər Həsənzadə, Əməkdar artist Adil Gəray və başqaları bu təhsil ocağının yetirmələridir. Həmçinin dirijor Əyyub Quliyev, əməkdar artistlər Elnur Əhmədov, xanəndə Fərqanə Qasımova, pianoçu Nigar Məlikova, skripkaçı Vadim Sandler də məktəbin tanınan məzunları sırasındadır.

1990-cı il fevralın 9-da 2 saylı uşaq musiqi məktəbinə görkəmli müğənni, dünya şöhrətli sənətkar Rəşid Behbudovun adı verilib. 2006-cı ildən etibarən 2 saylı uşaq musiqi məktəbi Onbirillik tədris müəssisəsinə çevrilib.

DİGƏR XƏBƏRLƏR

Top