“Təhlükə ilə üzləşən türk dilləri» dördcildliyi çap olunub

Qazaxıstanın paytaxtı Astanada, Milli Akademik Kitabxanada sıradan çıxmaq təhlükəsi ilə üzləşən türk dilləri ilə bağlı 4 cildlik böyük ensklopedik nəşrin təqdimatı olub. 12 Fevral "Beynəlxalq Ana Dili Günü" ərəfəsində oxuculara təqdim edilən "Təhlükə ilə üzləşən Türk Dilləri" kitabı zəngin ensklopedik məzmunu və nəfis tərtibatı ilə diqqət çəkir. Kitab Beynəlxalq Türk Akademiyası (TWESCO) və Xoca Əhməd Yesevi Beynəlxalq Qazax-Türk Universiteti tərəfindən hazırlanıb. Tanınmış dövlət xadimləri, beynəlxalq təşkilat rəhbərləri, diplomatik missiya nümayəndələri, görkəmli türkoloq alimlərin qatıldığı toplantıda Azərbaycan, Qazaxıstan, Türkiyə və Qırğızıstanın ortaq beynəlxalq təşkilatı olan Beynəlxalq Türk Akademiyasının Monqolustanın Şiveet-Ulan bölgəsində apardığı arxeoloji tədqiqatların nəticələri və Aral gölünün ekoloji vəziyyəti ilə bağlı film də təqdim edilib. Beynəlalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali qeyd edib ki, kitabı hazırlamaqda başlıca məqsəd ölü dillər sırasına girməkdə olan bir çox türk dillərini araşdıraraq, mədəni irsi tanıtmaq və dəstəkləmək, keçmişdən dərs və ibrət götürmək, gələcəyə hesablanan geniş elmi layihələri inkişaf etdirməkdir. Onun sözlərinə görə, ensiklopedik səciyyə daşıyan “Təhlükə ilə üzləşən Türk Dilləri" kitabı BMT və UNESCO-nun “Son səsləri itirmədən” layihəsi çərçivəsində həyata keçirilib. Bu işdə dünyanın müxtəlif ölkələrindən ekspertlər iştirak edib. Beynəlxalq Türk Akademiyası Türk dünyası və Avrasiyanın türk xalqları ilə bağlı fəaliyyətini davam etdirmək və daha da gücləndirmək niyyətindədir. Əhməd Yesevi Beynəlxalq Qazax-Türk Universiteti İdarə Heyətinin sədri Musa Yıldız isə layihəyə 2011-ci ildə başlandığını və təxminən 6 il davam etdiyini vurğulayıb. Layihədə dünyanın 26 ölkəsindən 130 elm adamı iştirak edib, ümumilikdə 132 elmi-tədqiqat əhatə olunub. Kitabın hazırlanmasında dünyanın müxtəlif ölkələrindən universitetləri və elm mərkəzlərini təmsil edən alimlər iştirak etdiyindən burda toplanan məlumatlar, tədqiqat metodları, elmi istiqamətlər və fikirlər də fərqlidir. Bu da çaxcildliyin məzmun baxımından daha da zəngin olmasına gətirib çıxarıb. Kitabın əsas yazarlarından biri, layihənin koordinatoru, professor Süer Eker isə qeyd edib ki, layihə çərçivəsində 60-a qədər türk dilini tədqiq edilib. Türk dilləri ailəsinə aid və ictimaiyyətə məlum olan demək olar ki, bütün dillər araşdırılıb. O, işin bununla bitmədiyini, sıradan çıxmaqda olan dillərin, minlərcə ilin mirasının qorunması və gələcək nəsillərə kiçik bir örnək də olsa saxlanması məqsədi ilə bu istiqamətdə fəaliyyəti davam etdirəcəkkərini, çalışmaların gələcəkdə daha da əhatəli və çoxyönlü olacağını qeyd edib.
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov türkdilli dövlətləri birləşdirən beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Türk Akademiyasının bu istiqamətdə tədqiqatlarının önəmini qeyd edərək, Azərbaycan tərəfinin dəstəyini ifadə etdi. Məlumat üçün bildirək ki, 2010-ci ildə UNESCO "İtməkdə olan Dünya Dillərinin Atlasını" nəşr edib. Məhv olmaq təhlükəsi ilə üzləşən 2500 dil və ləhcə əks olunduğu həmin atlasda təəssüf ki, xeyli sayda türk dilləri də yer alıb.

DİGƏR XƏBƏRLƏR

Top