Taleh Yüzbəyov: "Azərbaycanda tamaşaçıların zövqü korlanıb" - FOTO - VİDEO

Çox qısa vaxt ərzində əsasən "Ceyhun" adlı videosu ilə tanınan Taleh Yüzbəyovu redaksiyamıza dəvət elədik. Bizə qədər bir neçə dəfə müxtəlif saytlara müsahibə verən Yüzbəyovla bir çox mövzularda danışdıq. Taleh bəyin ixtisası teatr və kino aktyorluğudur, amma başqa sahədə çalışır. O da sosial şəbəkədə məşhurlaşan gənclərdən biridir. Qısa videolar çəkərək insanları güldürür və bunun nəticəsində minlərlə insan tərəfindən izlənilir. "Yeniavaz.com" saytının bugünkü qonağı Taleh Yüzbəyovdur.

- Sizi tanıyanlar çoxdu, bu say getdikcə artır. Amma yenə də tanımayanlar üçün qısa olaraq özünüzü təqdim eləyərdiniz?

- Bakı şəhərində anadan olmuşam. Binəqədi rayon 143 saylı orta məktəbi bitirmişəm. İncəsənət Universitetini teatr və kino aktyoru ixtisasını bitirmişəm. 2008-ci ildə Universitetin 3-cü kursundan Azərbaycan Dövlət Pantomima teatrında işləməyə başlamışam. Ondan əvvəl Milli Dram teatrında işləmişəm, amma orada sırf kütləvi səhnələr üzrə aktyor olmuşam. Tələbə idik, kütləvi səhnələrə çıxırdıq. Əslində isə mənim ilk səhnəyə çıxmağım məktəb vaxtına düşür. Uşaq vaxtı çox utancaq olmuşam. Məktəb vaxtı mənə verilən tamaşalarda oynaya bilmirdim, utanırdım, sonra mənə rol vermirdilər. Həm də fikirləşmirdim ki, mən gələcəkdə aktyor olacam. Daha doğrusu uşaqlığımın lap əvvəlində fikirləşirdim, ortalarda fikirləşmədim, bir də lap axırda qərar verdim ki, mən aktyor olacam.

Həyatımın ən gözəl illəri Pantomima teatrında işlədiyim dövrlərə düşüb. Bir aktyor üçün məncə Pantomima teatrı çox əlverişli bir yer idi. Çünki, bizə orda hər cür yaradıcı azadlıq verilmişdi. Biz orda öz potensialımızı hər formada kəşf edə bilirdik.

2011-ci ildən mobil operatorların birində işləyirəm. Hal-hazırda həm oranın işçisiyəm, həm də belə sərbəst fəaliyyət göstərirəm. Özüm videolar çəkirəm, bir sıra reklamlarda oynamışam. Bir filmdə çəkilmişəm. Gələcəkdə bir film və serial təklifi də var.

- Universitetə qəbul olanda qabiliyyət imtahanını necə keçib?

- Mənim qabiliyyət imtahanım həyatımın ən pis anlarında biri olub. Uşaq vaxtı aktyor və rejissor olmaq istəyirdim. Sonra o arzum yadımdan çıxdı. Uşaq vaxtı çoxda fikirləşmirdim ki, mən böyüyəndə nə olacam. Orta məktəbin son siniflərində mən artıq fikirləşdim ki, mən jurnalist olacam. Sonra özümə sual verdim ki niyə jurnalist? Nələrisə demək, yazmaq istəyirəm. Həmçinin məşhur insanlarla görüşmək istəyirəm. Sonra bir müddət keçəndən sonra dedim ki, gəl elə aktyor olum, məşhur insan mən olum, məndən müsahibə alsınlar (gülür). Evdə aktyor olmaq istədiyimi dedim, narazılıq oldu. İstəmirdilər, nəslimizdə mütrif olmayıb, mən də dedim, olmayıbsa, olacaq. Kimsə başlamalı idi buna, həmişə birinci dəfə olur.

Gəldim İncəsənət Universitetini tapdım, heç bilmirdim hadadı. Nə lazımdı? Şeir, monoloq, təmsil, etüd demək lazımdı. Əslində isə belədir, əgər bura daxil olmaq istəyirsənsə əvvəlcədən qabiliyyət imtahanına hazırlaşmalısan. Qabiliyyət imtahanı necədir? Birinci və ikinci turlar var. İlk turda bir nəfərin qarşısında imtahan verirsən. Sevimli aktrisamız var idi, birinci imtahanı o götürürdü. Çox acıdil adam idi. İmtahana girdim danışdım elədim, aktrisa mənə baxdı ki, ay bala, sən bura niyə gəlmisən? Sənin istedadın yoxdur axı, niyə burda başqasının yerini tutmalısan? Get Politexnikdə oxu, nəbilim get başqa yerlərdə oxu - dedi. Əlbətdə heç kəsə belə sözlərin deyilməsini arzulamaram eşitsin (gülür). Çox pis sındım. Doğrusu belə bir şey gözləmirdim. Çıxdım, öz-özümə söz verdim ki, mən bu instituta qəbul olacam. Getdim araşdırdım, qabiliyyətsiz nə var? Teatrşünaslıqla, kinoşünaslığı yazdım. Daxil oldum teatrşünaslığa. Amma fikrim ordaydı, gedib aktyorlara həsrətlə baxırdım. Birinci kursdan sonra imtahan verdim keçdim, teatr və kino aktyorluğu fakültəsinə daxil oldum.

- Video çəkməyə başlayanda ilk məqsədiniz nə idi? Aktyorluq qabiliyyəti belə bir iş tələb edirdi, yoxsa insanları güldürərək düşündürmək istəyi?

- Əslində video çəkməyə məqsədsiz başlamışam. İlk dəfə MAG verilişində işləyəndə sujetlər çəkirdim. İndiki videoların cücərtisi olan videolar çəkirdim. Səhifəmdə sadəcə şəkillər, məlumatlar paylaşırdım. Bir gün çəkdiyim "Ceyhun" videosu hər şeyi tamam dəyişdi. Bu videodan sonra sırf video çəkməyə həvəsləndim (gülür). Videonu nəyə görə çəkirəm? Videolar mənim statuslarımdı. Kimsə fikrini yazaraq bildirir, karikatura ilə bildirir, hər kəsin bir ifadə vasitəsi var. Nə isə mənə toxunanda, gülməli gələndə sırf bu formada daha aydın çatdıra bilirəm. Həmçinin videolar indi mənim üçün eskiz rolu oynayır. Gələcəkdə böyük işlər görmək üçün indi təcrübə yığıram. Hələki sərbəstəm, pul xərcləmirəm, müəyyən sınaqlar edirəm.

- Qısa vaxt ərzində xeyli tanınıb sevildiniz, bunu gözləyirdiniz?

- Yenə deyirəm, açığı təsadüf nəticəsində olub. Bəzən bir təsadüf insanın həyatını dəyişə bilir. Bəli, gözləmirdim. Amma deməzdim o qədər də məşhuram. Çünki, səhifəmdəki izləyici sayına baxsanız bu işlə məşğul olan insanlardan geridə olduğumu görərsiz. Müəyyən bir kütlə var ki, özümə məxsus, öz yaşıdım və yaxud dünya baxışımız eyni olan insanlara maraqlıyam. Əlbətdəki hamının xoşuna gəlmək olmaz.

- Sovet dönəmində "Mozalan" adlı satirik kinojurnal var idi, insanları güldürərək düşündürürdü. "Mozalan"da bir məsələ işlənirdisə tezliklə o problem öz həllini tapırdı. Sizin kimi videobloggerlər qısa videolarla o boşluğu doldura bilirmi?

- "Mozalan" satirik kinojurnalı tam peşəkar heyət işi idi. Orda professional rejjisorlar, ssenaristlər var idi, onların əməyinin nəticəsində belə şeylər ərsəyə gəlirdi. Bir növ daha kütləvi idi. O vaxt indiki kimi çoxlu televiziya kanalları yox idi. Biz özfəaliyyət sayılırıq, amma "Mozalan" dövlət sifarişi hesabına çəkilirdi. Kinostudiya işi idi. O dövrün qaymaqları bu işlə məşğul olurdu. "Mozalan"da hansısa problem işlənirdisə əlbətdəki bunu hamı görürdü, həmçinin də o vaxtki vəzifəli şəxslər. Bu təsir edirdi. Amma indi bizdə fərqlidi. Çünki, indi alternativlər çoxdu. Həmçinin biz o qədər peşəkar deyilik. Mənim çəkdiyim videoların mövzuları fərdi problemlərdi. İnsan paxıldısa, rüşvətxordusa, yalançıdırsa, mənfəətpərəsdirsə, görməmişdirsə və s. bu sadəcə müəyyən çatışmamazlıqları deməkdi. Səhifəmdə də örtük şəklində yazılıb ki, "Aktyor dövrünün güzgüsüdür". Mən insanlara özlərini göstərirəm. Mənim heç kəsi dəyişmək fikrim yoxdu, heç kəsə ağıl vermək fikrim yoxdu. Sadəcə olaraq, səni özünə göstərirəm, bax, kənardan necə görünürsən. O adam özünə götürüb nəticə çıxarsa, nə əla.

O ki qaldı mövzulara, bir vətəndaş kimi hansısa məsələyə bir vətəndaş kimi öz mövqeyimi bildirirəm. Göstəririk ki, bu narahatlıq insanlara necə təsir edir.

- Elə bir mövzu varmı ki, onu ürəyinizdə çəkmək istəyi olsa da çəkə bilmirsiz. Çəkə bilməməyinizin səbəbi nədir?

- Əslində demək olar ki, istədiyim hər mövzuda video çəkmişəm. "Həkim" videosu var ki, neçə vaxtdır çəkə bilmirəm. Ard-arda da belə etiraz tipli videolarda çəkmək istəmirəm. Ona görə ki, istəmirəm mən məhz o cür tanınım. Çox etiraz eləmək biraz deyingənlik kimi çıxır. Mən istəmirəm ki, insanlar arasında müxalif bir insan kimi tanınım. Mənim üçün önəmli olan odur ki, insan gərək ədalətli olsun, düz danışsın. Deməyə məcbur deyil, amma deyirsə gərək düzünü desin. Biz hər hansı bir qərar olanda dövləti qınayırıq, qərarlara etiraz edirik, amma dövlət yaxşı işlər görəndə onu görməməzlikdən gəlmək də ədalətsizlikdi. Məsələn, mən etirazımı eləmişəm, qaz, işıq videoları ilə öz münasibətimi, vətəndaş mövqeyimi bildirmişəm. Amma məsələn, ASAN-xidmətin açılmağına necə etiraz edim? Bunu da dövlət eləyib. Çox xoşum gəlir bu xidmətin işindən. Əvvəl sənəd almaqlar yadıma düşür, çörək növbələri kimi növbədə dayanıb əziyyət çəkirdik. İndi gedib qısa müddət ərzində işlərimizi həll eləyə bilirik. Əgər etiraz edirsənsə gərək müsbət şeyləri də deyəsən, yoxsa riyakarlıq olar. Dərnəgül yolunun açılmasına mən necə pis deyim? Mən hər gün içə o yolla gedirəm və o yol mənim işimi çox rahatlaşdırıb. Mən sırf etiraz eləyən adam deyiləm. Sadəcə olaraq bugün nə baş verirsə ona öz mövqeyimi bildirirəm. Xoşdursa, xoş, pisdirsə pis münasibət bildirirəm.

- Sizin kimi digər belə video çəkənlərdə var, onları izləyirsinizmi?

- Hə, əlbətdə izləyirəm. Qarşıma çıxdıqca çoxunu "follow"edirəm. Mənə maraqlıdır görəsən necə yanaşmalar var. Çünki, mən bu işdə birinci deyiləm, axırıncı da olmayacam. Mən ortadan qoşulmuşam. Hamısına baxıram, demirəm hamısını bəyənirəm, gülməli olana gülürəm, fərqi yoxdur kim çəkib.

- Siz başqa sahədə çalışırsınız. Yəqin ki, incəsənətdə elə də gəlir yoxdu deyə başqa sahəyə yönəlmisiniz. Əgər çəkdiyiniz bu videolardan ciddi gəlir əldə eləsəydiniz, nələr çəkərdiniz, indiki videolardan nə fərqi olardı?

- Bəli, incəsənətdən pula görə ayrılmışam. Ümumiyyətlə incəsənətdə gəlir çox dəyişkəndi. Elə ola bilər ki, sən bir günə bir aylıq maaş qazana bilərsən. Ola bilər ki neçə ay heçnə qazanmayasan. Yəni, stabil deyil. Nəyəsə çəkilib pulunu alırsan və ola bilər ki uzun müddət heç nəyə çəkilmədin. Mən də teatrda işləyirdim, teatr maaşı elə də çox deyil. Ona görə başqa sahəyə ofis işi alındı, işləyirəm. 5 ildi başqa sahədə olsamda bu istək içimdə ölməyib. Deməli elə-belə istək olmayıb. Bizi institutda müəllimlər danlayırdı ki, siz əsgərliyə getməmək üçün daxil olanlarsız siz (gülür). Mən ona görə Universitetə daxil olmamışam, doğurdan incəsənəti sevirəm. Sırf öz işimlə pul qazansam, bir anda fikirləşmərəm. Düzdü indi işlədiyim işdə mənim sahəm olmasada öz insanlarımı tapmışam. Maraq dairəmdə olan insanlar, dostlar tapmışam özümə. Xoşbəxtəm ki həmin insanları tapmışam, videolarda da onlar mənə kömək edirlər, görürsünüz ki, necə istedadlı insanlardı, heç də məndən geri qalmırlar. Məndən də yaxşı oynayırlar.

Bilsəm ki, mən mütəmadi gəlir qazana bilirəm, əlbətdə indiki işimdən çıxıb ancaq öz peşəmlə məşğul olaram. Amma bu formatı dəyişmək istəmirəm. Əgər feysbukda video paylaşacamsa telefonla çəkəcəm. Ümumiyyətlə isə yaxşı büdcə olarsa qısa filmlər çəkərəm. Təkcə gülməli yox, ümumiyyətlə film. Ola bilər ki, məni insanlar güldürən aktyor kimi tanısın, amma əslində elə deyil. Teatrda olanda mənim nömrələrim belə olurdu: gülməli başlayırdı arada qırılırdı sonu ağlamalı bitə bilərdi. Öz karyerama aktyor və rejissor kimi davam eləmək istəyirəm.

- Bizə yaxın olan ölkələrdə də filmlər çəkilir və milyonlarla insan izləyir. Aramızdakı fərq nədir, büdcə yoxsa başqa səbəb?

- Büdcə tapmaq olur. Məsələn, Türkiyədə Rəcəb İvedikin uğuru nədədir? Türklər əylənməyi sevən millətdi. Həm Türkiyə bazarı böyükdü. Türkiyə tamaşaçısının sayı ilə Azərbaycan tamaşaçısının sayı eyni deyil. Bundan əlavə onlarda bu sistem artıq oturub. Onlarda kino işi relsə düşüb, onlar hər il kino istehsal edirlər. Rəcəb İvedikin öz fanatları var, 10-cu seriyaya qədər çəksədə gedəcək. Çünki, bu obraz tamaşaçıya yaxındı. Həm də əsas məsələ onlar bizdən daha çox peşəkardılar. Biz peşəkar deyilik. Azərbaycan kinosu hal-hazırda peşəkarlıqda çox geri qalır. İrandan, Türkiyədən, Gürcüstandan, Rusiyadan da əlbətdəki geri qalır, hələ Xəzər dənizindən də geri qalır (gülür). Yəni hər tərəfli kino məsələsində geri qalırıq.

Bizim kino ənənəmiz olub. 90-cı illərdə sovet dağıldı, müharibə yaşadıq, çətin günlərimiz oldu. Kinostudiyanın bütün pavilyonlarını anbar, restoran elədilər, satdılar. Kino işçiləri mənim kimi pul qazanmaq üçün hərəsi bir sahəyə getdi. Qalan fədakarlar oldu, müəyyən qədər kinonu saxladılar. O ənənə qırılıb, həmçinin İncəsənət Universiteti kino üçün kadr yetişdirmir. Azərbaycan kinosu indi türk, rus kinolarının arasında qalıb. Bəziləri türk stilində, bəziləri ruslara meyilli çəkir. İran kinosunun öz ənənəsi var. Onlar artıq yollarını tutublar. Nə çəksələr bilirsənki bu İran kinosudur. Çünki, vaxtilə oradakı insanlar kino ənənəsini qoydular. Xalqın hər hansısa sahəsini bir adam dəyişə bilir. Nə vaxtsa bir fədr yetişir, o nə isə edir. O bir növ cığır açır onun arxasınca başqa insanlarda gəlir. Sonra başqa insan yetişir başqa yol yaradır. Bizim indi problemimiz odur ki, belə ənənəmiz yoxdur. Keçmiş kinolarımız var, amma onu daşıyacaq insanlarımız yoxdur. İndi o peşəkarlıq yoxdur, o ssenariləri yazanlarımız yoxdur. Var, amma barmaqla sayılacaq qədərdi. Bundan əlavə tamaşaçıların zövqü korlanıb. İnsanlar kino çəkirlər, ciddi filmlərimiz arada olur amma kinotertrda qala bilmir. Komediyaya baxırlar, amma normal filmlərə baxmırlar. Korlanıblar (gülür). Zövqləri korlanıb, özlərini deyə bilmərəm. Onu geri qaytarmaq çox çətin olacaq.

O vaxt KVN var idi, müəyyən müddət öz tamaşaçısını formalaşdırdı. Ondan sonra "Bu şəhərdə" çıxdı və zövq yaradıldı. Sonra başladı başqa-başqa şeylər çıxdı. Hər üzdə olan bir şey insanların zövqünü dəyişir. Hər gələn insan güclü, yaradıcı insandırsa o insanların zövqünü dəyişə bilir. Mən demirəm insanlar gülməsin. Gülmək bir ehtiyacdır. Bizim də gülməyə ehtiyacımız var. Mən bura müsahibə üçün gəlmişəmsə demək ki, mən güldürərək tanınmışam. Fikir verin 90-cı illər ən çətin illər idi, "Parniz Baku" yarandı. Arif Quliyevin ən gözəl vaxtları idi. Afaq Bəşirqızı var idi. "Bəxt üzüyü" filmi çıxdı. Telman Adıgözəlov, Qorxmaz Əlili və s. bir növ ən çətin vaxtlarda insanların üzünü güldürürdülər. Yaxşı dövr olanda da başqa sahələr inkişaf edir. Ard-arda yaxşı filmlərimiz çıxsa. məncə insanların zövqü təzdən formalaşacaq. Əsas odur ənənəmiz yaransın.

Rasim Məmmədli

Taleh Yüzbəyov: "Azərbaycanda tamaşaçıların zövqü korlanıb"

DİGƏR XƏBƏRLƏR

Top