Dünyada korrupsiya səviyyəsi: Türkiyə gerilədi, Azərbaycan irəlilədi - İNFOQRAFİKA

Azərbaycan 2016-cı il üçün "Korrupsiya Qavrama İndeksi -2016"ya görə, 30 balla 176 ölkə arasında 123-cü sırada yer alıb. "Yeniavaz.com" Beynəlxalq Şəffaflıq Təşkilatının milli bölməsi olan Şəffaflıq Azərbaycan Təşkilatına istinadən bildirir ki, reytinq 0-100 ballıq qiymətləndirmə şkalası əsasında hazırlanıb, 100 bal olduqca təmiz, 0 bal isə olduqca yüksək korrupsiyalaşma səviyyəsini göstərir. Təşkilatdan bildirilib ki, illər üzrə müqayisə apara bilmək üçün ölkələrin yeri deyil, xalı daha vacib əhəmiyyət kəsb edir: "2015-ci ildə Azərbaycan 29 balla 168 ölkə sırasında 119-cu yeri tutmuşdu. Azərbaycanın 2016 KQİ-də mövqeyi əvvəlki illə müqayisədə bir bal yüksəlib. 2016 KQİ-nin hazırlanmasında ümumilikdə 13 fərqli hesabatdan istifadə edilib. Bu hesabatlar anti-korrupsiya siyasətinin səmərəliliyinə təsir göstərən bir sıra siyasi, iqtisadi və sosial xarakterli meyarlar üzrə ölkələrin mövqeyini qiymətləndirir".

Türkiyə korrupsiyanın səviyyəsinə görə, son 6 ildə 12 pillə, İran isə 4 pillə geriləyib

Məlumat üçün qeyd edək ki, ayrı-ayrı ölkələrdə korrupsiyanın səviyyəsini öyrənən və bu sahədə böyük təcrübəyə malik olan Beynəlxalq Şəffaflıq Təşkilatının sonuncu hesabatında ölkəmizdə korrupsiyanın hələ də yüksək səviyyədə olduğu göstərilsə də, eyni zamanda həmin hesabatda göstərilir ki, Azərbaycan korrupsiya ilə mübarizə sahəsində region ölkələri arasında ən yaxşı nəticəyə sahib olub. Son 6 ildə (2011-2016-cı illər) korrupsiyanın səviyyəsinə görə Azərbaycan mövqeyini 28 pillə yaxşılaşdırıb. Belə ki, 6 il əvvəl 2011-ci ildə Azərbaycan korrupsiyanın səviyyəsinə görə 182 ölkə arasında 151-ci yerdə olduğu halda, ötən il 123-cü sıraya yüksəlib. Müqayisə üçün bildirək ki, 2011-2016-cı illərdə region ölkələrinin heç birində korrupsiyanın səviyyəsində bu həddə azalma qeydə alınmayıb. Hətta bəzi ölkələrdə korrupsiyanın səviyyəsi bir qədər də pisləşib. Məsələn, son 6 ildə Türkiyədə və İranda korrupsiyanın səviyyəsi artıb. Türkiyə korrupsiyanın səviyyəsinə görə, son 6 ildə 12 pillə, İran isə 4 pillə geriləyiblər. Azərbaycandan sonra korrupsiya ilə mübarizədə ən yüksək irəlliləyiş Gürcüstanda qeydə alınıb. Beynəlxalq Şəffaflıq Təşkilatının hesabatında Gürcüstan öz mövqeyini 20 pillə yüksəldib. Bunlardan başqa Ermənistan mövqeyini 16 pillə, Rusiya isə 17 pillə yaxşılaşdıra bilib.

MDB və region ölkələri arasında ən yaxşı vəziyyət Gürcüstanda qeydə alınıb

Sıralamadakı mövqeyə gəldikdə isə qeyd edək ki, MDB və region ölkələri arasında ən yaxşı vəziyyət Gürcüstanda qeydə alınıb. Gürcüstanda ötən il korrupsiyanın səviyyəsinə görə 177 ölkə arasında 44-cü sırada qərarlaşıb. Türkiyə bu hesabatda Gürcüstanda 31 pillə geridədir - 75 yer. Digər MDB və region ölkələri isə korrupsiya səviyyəsinə görə belə sıralanıblar: Belarus 79-cu yer, Ermənistan 116-cı yer, Rusiya 132-ci yer, Qazaxıstan 131-ci yer, İran isə 133-cü yer, Ukrayna 134-cü yer, Qırğızıstan 136-ci yer, Tacikistan 151-ci yer, Türkmənistan 154-cü yer, Özbəkistan 156-cı yer.

Azərbaycanın 2016-cı ildəki hesabatda mövqeyi yaxşılaşıb

Şəffaflıq Azərbaycan Təşkilatından verilən məlumatda həmşinin qeyd olunur ki, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin səmərəliliyinin və hesabatlılığının artırılması istiqamətində həyata keçirilən islahatlar nəticəsində Azərbaycanın 2016-cı ildəki hesabatda mövqeyi yaxşılaşıb: "Hökumət 2016-cı ildə sahibkarlıq fəaliyyətinə əngəl törədən, o cümlədən korrupsiya halları üçün zəmin yaradan bir sıra problemlərin aradan qaldırılması üçün tədbirlər həyata keçirsə də, bu sahədə islahatların miqyasının genişləndirilməsinə ehtiyac var. İqtisadi sferada aparılan islahatlar Azərbaycanın indeksdəki yerinə ümumilikdə müsbət təsir etsə də, ölkəmizin hesabatdakı mövqeyinin daha da irəliləməsi üçün yaxşı idarəçiliyin iki istiqaməti – demokratik idarəetmə və qanunun aliliyi sahələrində islahatların genişləndirilməsinə zərurət var".

ASAN xidmətin fəaliyyəti dövlət orqanları arasında rəqabəti meydana çıxarıb

Şəffaflıq Azərbaycan Təşkilatının məlumatında həmçinin qeyd olunur ki, bir pəncərə prinsipi əsasında 112 dövlət xidmətinin həyata keçirilməsini təşkil edən ASAN xidmət mərkəzləri yüksək standartlara cavab verən fəaliyyətini davam etdirərək bu xidmətlərin göstərilməsi prosesini daha da təkmilləşdirib: "ASAN xidmətin fəaliyyəti dövlət orqanları arasında rəqabətin meydana çıxmasına şərait yaradaraq xidmət istifadəçilərinin məmnuniyyətini hədəf alan, daha yaxşı idarəetmə siyasətinin və praktikasının formalaşmasına imkan verib. Paralel olaraq, hökumət dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin sayını və keyfiyyətini daha da artıraraq məmurla vətəndaş arasında təması azaldıb".

Korrupsiyanın ən aşağı səviyyədə olduğu ölkə - Yeni Zellandiya

Dünyada korrupsiyanın ən aşağı səviyyədə olduğu ölkələr Yeni Zelandiya və Danimarka hesab olunur. Korrupsiyanın ən aşağı səviyyədə olduğu ölkələrin ilk onluğuna Yeni Zelandiya, Danimarka, Finlandiya, İsveç, İsveçrə, Norveç, Sinqapur, Hollandiya, Kanada daxildir.. Ən pis vəziyyət isə Somali, Cənubi Sudan, Şimali Koreya, Suriya, Sudan, Yəmən, Liviya, Əfqanıstan, Qvineya Bisau, İraq və Venesuelada qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top