Erməni vəkillər Lapşinə kömək edəcəklər

Ermənistanlı vəkillər Belarus Baş Prokurorluğunun Azərbaycana ekstradisiyasına qərar verdiyi bloqger Aleksandr Lapşinə peşəkar kömək edəcəklər. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Ermənistan Vəkillər Palatasının sədri Ara Zoqrabyan deyib. O qeyd edib ki, bu barədə qərar hələ A.Lapşinin vəkillərinə təqdim edilməyib: “Ermənistan Vəkillər Palatasının formalaşdırdığı işçi qrup bu məsələ üzrə işləyir və imkanları çərçivəsində peşəkar kömək göstərəcək”.

Xatırladaq ki, A. Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu onun barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və Lapşin beynəlxalq axtarışa verilib. A. Lapşinin Rusiya, İsrail və Ukrayna vətəndaşlığı var.

DİGƏR XƏBƏRLƏR

Top