Təhsil üzrə ekspert: "Bu birinci yox, onbirinci məsələdir"

"Yeniavaz.com" xəbər saytı olaraq şəhərə çıxıb vətəndaşlar arasında sorğu keçiririk. Son sorğumuzda, əsasən gənclərdən və orta məktəbin yuxarı sinif şagirdlərindən soruşduq ki, işğal olunmuş rayonlarımız hansılardır? Quba, Ağsu, Xaçmaz və s. rayonların işğal altında olduğunu deyənlərin də iştirak elədiyi sorğuda nəticə heç də ürəkaçan olmadı. Suallarımızdan biri də "20 Yanvar" faciəsi haqda idi. Bu sorğuda da cavablar insanı dəhşətə gətirirdi.

İşğal olunmuş torpaqlarımız, son tariximiz haqda mövzular orta məktəb dərsliklərində var. Bundan əlavə bu haqda həmişə televiziyada, radioda, mətbuatda yetərincə məlumat verilir. Bütün bunlara baxmayaraq gənclərin əksəriyyətinin bunu bilməməsi nəyin göstəricisidir? Bunun səbəbi nədir? Bu suallarımıza cavab tapmaq üçün Təhsil Şurasının sədri Əjdər Ağayevə müraciət elədik. "Yeniavaz.com"a açıqlama verən təhsil üzrə ekspertin sözlərinə görə, bunun birinci səbəbi ümumtəhsil məktəblərində təlim işlərinin lazımi səviyyədə olmamasıdır: "Eyni zamanda tərbiyəvi işlərin, tədbirlərin sistematik keçirilməməsidir. Digər bir səbəbi isə dərsliklərdə bu hadisələrlə bağlı mətnlərin azlığıdır. Tədris prosesində müəllimlərin dərsdə bu faciələr haqda danışmamasıdır. Başqa səbəb ailələrdə uşaqlara bu haqda məlumatların verilməməsidir. Uşaq məktəbə gələnə qədər eşidir, bilir, öyrənir, məktəbə gələndən sonra biliyini daha da gücləndirir. Bizim ailələrin də bir hissəsi ehtiyac dalınca qaçır deyə güzəranını təmin eləməyə çalışır. Səhər işə gedib, axşam gec gələn valideyn övladı ilə danışmağa vaxt tapmır. Varlı ailələrdə də istirahətdən, əyləncədən vaxt tapıb uşaqla söhbət eləməyə vaxt tapılmır. Nə varsa yenə də mətbuatda var, televiziyada var, kitabda, qəzetlərdə var. Milli televiziyalara baxanların, kitab, qəzet oxuyanların sayı azdır. Ali məktəblərdə başları qarışıb ayrı-ayrı mövzular üzrə tədrisə, bizim itirilmiş torpaqlarımızla bağlı söhbətlər getmir. Orta məktəblərdə isə ümumiyyətlə ümumtəhsil səviyyəsi ancaq repititorluqla, testlə məşğul olmaqdır. Bu birinci yox, onbirinci məsələdir. Əsas olan tariximizi bilməkdir. Bəzi şeylər gənclərdə, vətəndaş mövqeyinin formalaşmasına mane olur".

Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top