Qorbaçov yanvar hadisələrinə görə məhkəməyə çağırılıb

SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov 1991-ci ilin yanvar hadisələri haqqında iş üzrə şahid qismində Vilnüs dairə məhkəməsinə çağırılıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu həmin proses üzrə hakimlər kollegiyasının sədri Aynora Korneliya Matsyaviçene deyib. Onun sözlərinə görə, çağırış dekabrın 28-də təqdim edilib: “Çağırış Moskvadakı Qorbaçov Fondu ünvanı üzrə qəbul edilib. Litvanın hakim instansiyası tərəfindən həmin fakt haqqında bildiriş alınıb. Alınmış kağızda Qorbaçovun imzası var”. Hakim M. Qorbaçovun prosesdə iştirak etmək məqsədilə Litvaya gəlməsinə və ya videokonfrans formatında ifadə verməsinə razılıq verib-verməməsini bildirməyib. Xatırladaq ki, məhkəmənin 26 il əvvəl baş vermiş yanvar hadisələri haqqında işi Litvanın məhkəmə sistemi tarixində ən böyük iş hesab edilir. 1991-ci ilin yanvarında siyasi ikihakimiyyətlik dövründə və silahın tətbiqi ilə baş vermiş toqquşmalarda Vilnüsdə 14 nəfər ölmüşdü. Bu il yanvarın 9-da məhkəmə xəsarət alanların sorğusuna başlayıb. İş üzrə ittiham edilənlərin siyahısında 60-dən çox şəxs var, onların arasında SSRİ-nin keçmiş müdafiə naziri Dmitri Yazov, “Alfa” qrupunun eks komandiri Mixail Qlovatov da var.

DİGƏR XƏBƏRLƏR

Top