"Test üsulu artıq özünü doğrultmur" deyən ekspertdən daha bir AÇIQLAMA

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayevin "Test üsulu artıq özünü doğrultmur" açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. Yeniavaz.com xəbər verir ki, Əjdər müəllimin bu fikirlərinə sərt münasibət bildirənlərdən biri də tanınmış hüquqşünas Aslan İsmayılov olub: "Azərbaycanı növbəti faciəyə hazırlayırlar. Əjdər Ağayev ali məktəblərə test üsulu ilə qəbul qaydalarının ləğvinin tərəfdarı olduğunu bildirib. Hesab edirəm ki, bu, təsadüfi deyil. Sadəcə xalqın nəbzini yoxlamaq istəyirlər. Son illər məhz testlə qəbul qaydaları ali məktəblərə qəbulu, Azərbaycanı başdan ayağa bürümüş korrupsiyadan kənarda saxlaya bilib. Məhz bu qaydalara görə kasıbların balaları öz savadlarına, bacarıqlarına görə varlıların balaları ilə ədalətli rəqabətə girə bildikləri yeganə məkan idi. Hərçənd ki, bu qaydalar ola-ola da vəzifəli, varlı balaları Dağıstan, Ukrayna və s. yerlərdə pulla aldıqları diplomlar vasitəsi ilə, rüşvət hesabına sonradan Azərbaycan Universitetlərində özlərinə diplom ala bilirdilər. Məhz buna görə bəzi fakültələrə 100 nəfər testlə qəbul olduğu halda, diplom alanların sayı yekunda 150-ni aşırdı. İndi bu sahəni də məhv etməklə imkansızları, müalicədən məhrum etdikləri kimi savad almaqdan da məhrum etmək istəyirlər. Təklif olunan "vineqret qaydaları" ancaq rüşvət almaq imkanlarını genişləndirir. Bunu hamı diqqətdə saxlamalı və bu biabırçılığın baş verməsinə yol verilməməlidir".

Yeniavaz.com-un xəbərinə görə, Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev sosial şəbəkədəki səhifəsində hüquqşünasın ittihamlarına münasibət bildirib: "Hörmət bəslədiyim Aslan İsmayılov fikirlərinə birtərəfli yanaşdığına görə mənimlə əks mövqedə olduğunu bildirir. Mən korrupsiyaların və hər hansı neqativ halların yeni mərhələdə imkansız olacağını düşünürəm. Tədrislə məşğul olan müəllim kimi test imtahanı ilə ali məktəblərə qəbul olan tələbələrin yazı savadının azlığını, şifahi nitqinin zəifliyini və əhatəli biliyə malik olmadığını görürəm. Test imtahanı şagirdlərin sağlamlığına da, intellektual inkişafına da mənfi təsir göstərir. Bəllidir ki, məktəblərin çoxunda cədvəllə qurulan dərslər səthi keçilir, vaxt itirilir, şagirdlər yorulur və bundan sonra ikinci növbədə ciddi repetitorluq məşğələləri başlayır. Şagird evə gələrkən o qədər yorğun olur ki, yeməkdən də imtina edir (mən faktlara söykənirəm). Əgər qəbulda test imtahanı olmasa və məktəblərdə tədrisin səviyyəsi normallaşsa, eyni zamanda, şagirdlər yazılı və şifahi imtahan verəcəklərini bilsələr, onlar mahiyyətə vararaq təfəkkürlərini inkişaf etdirərlər, yaddaşlarını yox.

Ali məktəblərin birində birinci kurslarla keçirilmiş eksperiment test imtahanlarının mənfi nəticələrini üzə çıxarıb. Yəni onlar testlə imtahan verərkən yaddaşları hesabına yüksək qiymət alıblar, lakin həmin testlərdəki sualların yazılı və şifahi izahı tələb olunarkən, onlar lazımi nailiyyət qazana bilməyiblər. Düşünürəm: nə üçün biz neqativ hallar törədənləri sıradan çıxarmırıq, onların varlığı xatirinə faydalı işlərdən qaçırıq. Mən düşünürəm ki, hansı müəssisədə korrupsiya halı varsa, o müəssisəni ləğv etmək yox, korrupsiyanı aradan qaldırmaq lazımdır. Eləcə də, imtahan prosesini insanın yüksəlməsi xatirinə təşkil etməliyik. Mən qəbul imtahanlarında yazılı imtahanın, şifahi imtahanın olması ilə yanaşı, üçüncü mərhələdə testdən də istifadə edilməsini bildirmişəm. Bunları tətbiq edərkən məsələyə mexaniki yanaşmadan yox, hüquqi, əxlaqi, mənəvi və pedaqoji baxımdan şəffaflığı təmin edən yanaşmaların olmasını nəzərdə tutmuşam. Test əgər qəbulda korrupsiyaya müəyyən dərəcədə yol verməyibsə, şagirdlərin ümumi, hərtərəfli hazırlığına ziyan vurub. Bir çox qabaqcıl ölkələr qəbul imtahanlarında mənim təklif etdiyim yanaşmadan istifadə edirlər - məsələn, Estoniyada. O ki qaldı Aslan İsmayılovun "xalqın nəbzini yoxlamaq istəyirlər" ifadəsinə, bu fikrin test məsələsinə qətiyyən dəxli yoxdur. Gəlin, yaxşı işləri genişləndirək, korrupsiya və neqativ hallar törədənlərə qarşı mübarizəni gücləndirək, əgər onlar kiməsə bəllidirsə".

DİGƏR XƏBƏRLƏR

Top