Ölkə iqtisadiyyatında azalma davam edib

Yola saldığımız 2016-cı ildə ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 59 milyard 987,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,8% az ümumi daxili məhsul (ÜDM) istehsal edilib. "Yeniavaz.com" Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, azalmanın əsas səbəbi tikinti sektorunda əlavə dəyərin 2015-ci ilə nisbətən 27,6% azalması olub.

Eyni zamanda bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər istehsalı 4,5%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,6%, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 1,5%, sənayedə 0,4 %, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində isə 0,1% artıb.

Keçən il sənayedə 22 milyard 434,5 milyon manatlıq, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 6 milyard 152,2 milyon manatlıq, tikintidə 6 milyard 4,4 milyon manatlıq, nəqliyyat və anbar təsərrüfatı sahələrində 4 milyard 102,4 milyon manatlıq, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 3 milyard 369,6 milyon manatlıq, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 1 milyard 436,3 milyon manatlıq, informasiya və rabitə sahələrində 1 milyard 60,2 milyon manatlıq əlavə dəyər yaradılıb.

ÜDM–in 10 milyard 836,9 milyon manatı iqtisadiyyatın digər sahələrində istehsal edilib, məhsula və idxala xalis vergilər 4 milyard 591,2 milyon manat təşkil edib. Yola saldığımız ildə ümumi daxili məhsulun 39 milyard 403,1 milyon manatı, yəni 65,7%-i iqtisadiyyatın qeyri-neft sahələrinin, 34,3%-i (20 milyard 584,6 milyon manatı) isə neft-qaz sektorunun payına düşüb. Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən dəyəri 6 milyard 223,8 manat olub.

Məlumat üçün bildirək ki, 1997-ci ildən sonra Azərbaycanda ÜDM istehsalı davamlı olaraq artıb. Ötən il istisna olmaqla 2000-ci ildən sonra Azərbaycanda ÜDM istehsalı yalnız 2009-cu ilin yanvar ayında azalıb. Həmin ay ÜDM istehsalı 2,6% həddində aşağı düşüb. Beləliklə 2009-cu ilin yanvar ayı istisna olmaqla bu ilin əvvəlinə kimi ÜDM istehsalı heç vaxt azalmayıb. Yalnız bu ilin əvvəlindən başlayaraq ÜDM istehsalı aşağı düşür. Belə ki, ÜDM istehsalı cari ilin yanvar ayında 3,3%, fevral ayında 3,2%, mart ayında 3,5%, aprel ayında 4,5%, may ayında 4,2%, iyun ayında 3,4%, iyul ayında 3%, avqust ayında 3,1%, sentyabr ayında 3,9%, oktyabr ayında 3,7%, noyabr ayında 3,9% və nəhayət ötən ay 3,8% həddində azalıb. Xatırladaq ki, ən yüksək iqtisadi artım 2006-cı ilin fevral ayında qeydə alınıb - 48,1%.

DİGƏR XƏBƏRLƏR

Top