Regionun ən "bahalı" internetindən kim istifadə edir? - CƏDVƏL

Azərbaycanda internet tarifləri ucuzdur, yoxsa baha? Bu suala cavab tapmaq üçün internetin təqdim etdiyi imkanlardan faydalanmaq qərarına gəldik. Ölkəmizdə internet qiymətlərinin hansı səviyyədə olduğunu daha dəqiq təsəvvür etmək üçün region ölkələrindəki mövcud qiymətlərə nəzər salmaq kifayət edər.

"Yeniavaz.com" xəbər verir ki, Azərbaycanla eyni regionda yerləşən və zəngin təbii sərvətlərə sahib olan Qazaxıstanda internet xidmətlərini təqdim edən "Kazaktelekom" şirkəti 30 mbit/s sürətli limitsiz internet (ADSL-Asimmetrik Rəqəmli Abunə Xətti) üçün ayda 3 min 830 tengə (11,5 dollar) tələb edir.

Regionun başqa bir ölkəsi Belarusda qiymətlər Qazaxıstanla müqayisədə bahadır. Bu ölkənin "TCM" şirkətinə 10 mbit/s sürətli limitsiz internet xidmətləri üçün ayda 24,5 Belarus rublu (12,5 dollar) istəyir.

Şimal qonşumuz Rusiyanın "Beeline"şirkətində 60 mbit/s sürətli limitsiz internetin aylıq tarifi 650 rubla (10,8 dollar) bərabərdir.

Bədnam qonşumuz Ermənistanda da internet xidmətlərini Rusiyanın eyni adlı şirkəti - "Beeline" təqdim edir. Ancaq bu ölkədə tariflər Rusiyadan fərqlidir. Ermənistanda "Beeline" şirkətinin təqdim etdiyi 10 mbit/s sürətli limitsiz internetin aylıq tarifi 8000 drama (16,3 dollar) bərabərdir.

Digər qonşumuz Gürcüstanda internet tarifləri Ermənistandan ucuzdur. Gürcüstanın "Caucasus Network" şirkəti 10 mbit/s sürətli limitsiz interneti 27 lariyə (10,2 dollar) təklif edir.

Qardaş ölkə Türkiyədə isə "Türkcell" şirkəti 25 mbit/s sürətli limitsiz interneti 69 lirədən (18,1 dollar) təqdim edir.

Azərbaycana gəldikdə isə qeyd edək ki, ölkənin aparıcı şirkətlərindən olan "Baktelekom"a (Bakı Telefon Rabitəsi İstehsalat Birliyi) 10 mbit/s sürətli limitsiz internet xidməti üçün ayda 50 manat (27,7 dollar) ödəmək lazımdır.

DİGƏR XƏBƏRLƏR

Top