Türkiyəyə indiyədək 44 mlrd. kubmetrə yaxın "Şahdəniz" qazı nəql edilib

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından işlənmənin əvvəlindən 2017-ci il yanvarın 1-dək 78,4 mlrd. kubmetr qaz və 19,6 mln. ton kondensat çıxarılıb. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə “Respublika” qəzetinə müsahibəsində bildirib. O qeyd edib ki, 2017-ci il yanvarın 1-dək “Şahdəniz-1” layihəsi üzrə Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstana 5,9 mlrd. kubmetr, Türkiyəyə isə 43,8 mlrd. kubmetr qaz verilib. “Hazırda “Şahdəniz” yatağında 8 işləyən quyudan gündə orta hesabla 29,5 mln. kubmetr qaz və 6,5 min ton kondensat hasil olunur. Hazırda Cənubi Qafqaz Boru Kəməri ilə hər gün orta hesabla Gürcüstana 4 mln. kubmetr və Türkiyəyə 18,5 mln. kubmetr qaz nəql edilir", - deyə X.Yusifzadə bildirib.


Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qazın nəqli üçün inşa edilmiş kəmərdir. Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Kəmər Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib. Bu boru kəməri 2006-cı ilin sonunda istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə "Şahdəniz-1" qazını çatdırır. "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Layihədə BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6.7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

DİGƏR XƏBƏRLƏR

Top