​“Əlinə keçəni oxuyan adamın beyni tezliklə min cür xırdavat anbarına çevrilər”

Budəfəki müsahibimiz yazıçı, publisist, tərcüməçi, ssenariçi Nəriman Əbdülrəhmanlıdır.

Qısa arayış: 1958-ci il iyunun 3-də Gürcüstan Respublikası Qaraçöp mahalının Düzəyrəm kəndində anadan olub. 1975-ci ildə Düzəyrəm kənd orta məktəbini, 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib. 1983-cü ildə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun nəzdində kinossenari kursunda təhsil alıb. 1980-ci ildən “Daşkəsən”, “Sovet Gürcüstanı” qəzetlərində, “Kino” qəzeti və “Yeni filmlər” jurnalı redaksiyasında, C.Cabbarlı “Azərbaycanfilm” kinostudiyasının “Yaddaş” sənədli filmlər studiyasında, Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, Müdafıə Nazirliyinin kino-telestudiyasında, “Hərbi bilik” jurnalında, “Lider” televiziyasında, “Ulduz” jurnalında, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində, “Qanun”, “Adiloğlu” nəşriyyatlarında müxtəlif vəzifələrdə işləyib, BSU-nun yaradıcılıq fakültəsində nəsr kursunu aparıb.

N. Əbdülrəhmanlının ilk publisistik yazıları 80-ci illərdə çap olunub. 80-ci illərdə hekayələri, 90-cı illərdə povestləri, 2000-ci illərdə romanları işıq üzü görüb. 80-ci illərin axırlarından kinopublisistika və kino tarixi ilə ciddi məşğul olub, 4 cildlik “Azərbaycan kino sənəti tarixi” monoqrafiyasını yazmaqla yanaşı, qələmə aldığı ssenarilər üzrə bədii və sənədli kinofilmlər çəkilib, 2001-2003-cü illərdə isə “Lider” televiziyasında silsilə sənədli filmlərin yaradılmasında iştirak edib. O 1991-1993-cü illərdə “Gümüş Aypara” Beynəlxalq Aşqabat kinofestivalının Azərbaycan üzrə icraçı direktoru kimi fəaliyyət göstərib. N.Əbdülrəhmanlı 80-ci illərdən folklor araşdırmaları aparmaqla yanaşı, bir çox aşıq və şairlərin yaradıcılığını toplayıb, kitab halında nəşr etdirib, onlarla kitabın tərtibçısi və redaktoru olub. Eyni zamanda 80-ci illərdən bədii tərcüməylə ciddi və ardıcıl məşğul olur, gürcü, rus və türk dillərindən dünya ədəbiyyatı nümunələrini dilimizə çevirib. 2006-cı ildə yaradıcılığına görə Beynəlxalq Sənət Mükafatına, 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” - “Şans” mükafaına layiq görülüb. “Yalqız” romanı 2010-ci ildə Milli Kitab Mükafatının ilk onluğuna daxil olub, “Yolçu” romanı isə 2001-ci ildə üçüncü mükafata layiq görülüb. Əsərləri türk, rus və ingilis dillərinə tərcümə olunub. N. Əbdülrəhmanlı istefada olan mayor, Qarabağ müharibəsinin veteranıdır. O 1998-ci ildən AYB-nin uzvü, 2004-2014-cü illərdə AYB İdarə Heyətinin üzvü olub. 2014-cü ildə AYB sıralarını tərk edib.

- Ədəbiyyatda böyük həcmli əsər yazıb millətə sevdirmək çətindir. Üç il öncə “Yolçu” əsəriniz çap olundu. Özünüz yazdıqlarınızla kifayətlənə bilirsinizmi?

- “Yolçu” biri kiçik həcmli olmaqla beşinci romanım idi. Ötən il də “Qurban” romanım işıq üzü gördü.Mənə görə, əsər “millətə sevdirmək” üçün yazılmır. Hər əsərin öz oxucuları və bədii səviyyəsindən asılı olaraq, ədəbiyyatda yaşamaq şansı var. Ona görə də yazdıqlarımın taleyindən heç də nigaran deyiləm. Əlbəttə, yazdıqlarımla kifayətlənmək, qələmi yerə qoymaq fikrində deyiləm. Bir neçə mövzu var ki, yaxın illərdə üzə çıxarmaq ümidindəyəm.

- Yazdıqlarınıza tez-tez qayıdıb redaktə edirsiniz, yoxsa ilk variantda nə yazırsınız, elə o da qalır?

- Mənim yazı üslubum bir qədər fərqlidir. Hər hansı əsərimə tam hazır olmamış masa arxasında əyləşmirəm. Oxucuya çatdıracaqlarım beynimdə tam hazır olandan sonra yazı prosesi başlayır. Adətən yazdıqlarımın ciddi redaktəyə ehtiyacı olmur, az qala birnəfəsə yazıram. Ola bilsin ki, bəzi ifadələri dəyişdirim, ya çıxarım, amma ciddi redaktə ilə heç vaxt məşğul olmuram.

- Az hallarda internet mediasında çap olunursunuz, bunun səbəbi vaxt çatışmazlığıdır, yoxsa əsərlərinizi redaktorlara etibar etmirsiniz?

- Mən təbiətimə görə, kağıza daha çox etibar eləyirəm. Görünür, uzun illərdən bəri yaranmış vərdişlə əlaqədardır. Az qala əlli ildir ki, oxuyub-yazıram. Hətta əsərlərimi hələ də əllə, kağıza yazıram. Elə bil, düşüncələrimi qələmlə kağız arasındakı təmasda daha yaxşı ifadə eləyirəm. İndiyə kimi də kitabları ancaq kağız variantda oxumağı sevirəm. Kompüterdə ancaq kiçik həcmli yazıları oxuya bilirəm. Bədii yazılarımın internet mediada az görünməsinin səbəbi də bəlkə elə budur. Aydındır ki, internet medianın imkanları qələm adamı üçün böyük imkanlar yaradır. Bununla belə, hələ ki, intuisiyama tabe oluram.

- İllərlə çap olunan ədəbiyyata olan bir yazıçıya “Nə vaxtdan yazırsınız” - sualını vermək düz sayılmazdı. Ancaq maraqlıdır, Nəriman Əbdülrəhmanlı özünü ədəbiyyatdan başqa hansı sahədə görür?

- 80-ci illərin axırı 90-cı illərin əvvəllərində kino, 2000-ci illərin əvvəllərində televiziyada çalışmışam. Ancaq onda da ədəbiyyatdan uzaq düşməmişəm, yəni bədii yaradıcılığımla yanaşı ssenarilər qələmə almışam. Elə indi də kinodramaturgiyanı ədəbiyyatın spesifik bir sahəsi sayıram. Bununla yanaşı, Azərbaycan kino tarixi ilə bağlı araşdırmalarım var. Daha konkret deyəndə isə mən nasir və tərcüməçiyəm, nəsr əsərlərimi yaza-yaza dünya ədəbiyyatından tərcümələr eləyirəm. O tərcümələrdən 40-dan çoxu artıq kitab halında nəşr olunub, 20-yə yaxını isə çapını gözləyir. Amma yəqin ki, ədəbiyyat adamı olmasaydım, arxivdə, həm də ədəbiyyat arxivində işləmək istərdim. Üzə çıxarılmamış əsərlər, sənədlər, əlyazmalar məni həmişə maraqlandırıb.

- Deyirlər, əsərləriniz çətin başa düşülür, qəliz yazırsınız. Bu belədirmi?

- Məncə, bu ənənəvi ədəbiyyata alışmış oxucuların fikridi. Belə oxucuları ancaq mövzu və əhvalat maraqlandırır, dastan formasında, “dedim, dedi” şəklində yazılmış əsərləri daha asan qavrayırlar. Ədəbiyyat isə təkcə mövzudan və əhvalatdan ibarət deyil, həm də yazıçının özünəməxsus üslubu, nəfəsi, intonasiyasının məcmusudur. Bu mənada yazdıqlarımın “qəliz” adlandırılmasından heç də narahat deyiləm. Əksinə, öz üslubu, nəfəsi olmayan yazıçı sayılmadığıma görə, məmnunam.

- Sizə görə mütaliə etmək necədir, elə əlinə keçən kitabları oxumaq, yoxsa...?

- Məncə, mütaliə seçim əsasında olmalıdır. Yəni əlinə keçəni oxuyan adamın beyni tezliklə min cür xırdavat anbarına çevrilər, təbii ki, bunun da onun özünə heç bir xeyri olmaz, uzaqbaşı “hər şeydən bir az” başı çıxan adama çevrilər. Seçim əsasında aparılan sistemli mütaliə isə ədəbi zövqün formalaşmasına xidmət eləyir. Mən uzun illərdir ki, ən azı, tələbəlik illərindən sistemli mütaliəyə üstünlük vermişəm. İndi də şəxsi kitabxanamda ancaq mənə lazım olan, oxuduğum və ya oxuyacağım kitablar toplanıb. Sistemimdən kənar kitabları isə dövrü olaraq ayırır, istəyənlərə hədiyyə verirəm.

- Tez-tez Türkiyə yazarlarının əsərlərini dilimizə tərcümə edirsiniz? Bunlar içərisində Nobel mükafatçısı Orxan Pamuk da var. Hətta keçən il Pamuk sizə məktub da ünvanlamışdı. Bəs bizim dildən türkcəyə çevirdiyinz əsər varmı?

- İndiyəcən Türkyə yazıçılarının 20 kitabını Azərbaycan türkcəsinə çevirmişəm. Nəcib Fazil Qısakürəyin, Ahmet Hamdi Tanpınarın, İsgəndər Palanın, Əlif Şəfəqin, Ahmet Ümitin, Gül İrepoğlunun... əsərlərini dilmizə çevirmişəm. O cümlədən də Orxan Pamukun “Mənim adım Qırmızı” və “Qara kitab” romanlarını dilimizdə oxuculara çatdırmışam, Pamukla Bakıda və İstanbulda görüşmüşəm. Ötən il də “Könül elçisi” romanım xalqımızın və ədəbiyyatımızın böyük dostu Fəthi Gədiklinin tərcüməsində İstanbulda işıq üzü gördü. Azərbaycan türkcəsindən Anadolu türkcəsinə tərcümə isə mənim bacardığım iş deyil, yəni bununla peşəkar səviyyədə məşğul ola bilmərəm.

- İnternetdə belə bir xəbər var idi ki, Belarusiyanın Minsk şəhərində keçirilən “Rodnoy dom” (“Doğma ev”) ədəbi müsabiqəsində adınız səkkizliyə düşüb. Belə ədəbi mükafatlar bizim yazıçıları xaricə tanıdırmı?

- “Sozvuçiye” saytı MDB ölkələrini, rusdilli ədəbiyyatı təbliğ edir. Mən müsabiqədən gec xəbər tutduğuma görə, “İşıqsızlıq” adlı hekayəmi lap son gündə göndərdim. Hətta müsabiqəyə buraxılacağına da ümidim yox idi, çünki vaxt limiti bitənəcən ünvana çatmaya bilərdi. Ona görə də tezliklə unutdum. Qısa siyahı elan olunanda isə nəticəni, səhv eləmirəmsə, Cəlil Cavanşir xəbər verdi. Qaliblər bir neçə gün sonra açıqlanacaq. Qısa siyahıya düşənlər isə nəticədən asılı olmayaraq diplom alacaqlar.

- Həmin səkkizlikdə imzası çox da məşhur olmayanlar da var. Bu mükafat ümümiyyətlə, necə verilir, bu mükafat haqqında danışardınız.

- Kamran Nəzirli və Nərmin Kamalın imzaları Azərbaycan oxucusuna kifayət qədər tanışdır. Elşən Məmmədlini isə, sözün düzü, mən də tanımıram. Müsabiqəyə təqdim elədiyi hekayəni oxudum, məncə, səkkizliyə düşməyə layiqdir. Hər halda, 8 ölkə adasında nəsrdə (poeziya və digər nominasiyada təmsilçimiz yoxdu) səkkiz iddiaçının dördünün Azərbaycandan olması, ürəkacandı. Həmin səkkiz iddiaçıdan üç nəfəri mükafata layiq görüləcək, digərləri isə, dediyim kimi, diplom alacaq.

Söhbətləşdi: Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top