Cəlil Məmmədquluzadənin əsərləri Litva dilində nəşr olunub

Görkəmli Azərbaycan yazıçısı, böyük demokrat ədib Cəlil Məmmədquluzadənin əsərləri XX əsr ərzində ana dilindən başqa, yalnız rus və fars dillərində kitab halında nəşr edilib. Ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra yazıçının əsərlərinin dünya ölkələrində nəşr edilməsi sahəsində mühüm addımlar atılmaqdadır. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Cəlil Məmmədquluzadənin dram və nəsr əsərlərindən, publisistik məqalələrindən seçmələr tədqiqatçının ön sözü və təqdim etdiyi fotomateriallarla birlikdə Rusiyada (1999), Pakistanda (2004), Misir Ərəb Respublikasında (2008), Macarıstanda (2012) və Gürcüstanda (2016) kitab halında çap edilərək həmin ölkələrin ictimaiyyətinə çatdırılıb. Bu günlərdə isə Cəlil Məmmədquluzadənin "Nigarançılıq" adlı daha bir kitabı Litva Respublikasının paytaxtı Vilnüs şəhərində nəşr edilib. Bu barədə saytımıza AMEA-dan məlumat verilib. Kitaba görkəmli yazıçının "Danabaş kəndinin əhvalatları" povestindən bir parça, "Poçt qutusu", "Kişmiş oyunu", "Dəllək", "Pirverdinin xoruzu", "Fatma xala", "Qurbanəli bəy", "Quzu", "Nigarançılıq", "Konsulun arvadı", "Xanın təsbehi", "Qəssab", "Zırrama", "Rus qızı", "Saqqallı uşaq", "Buz", "Hamballar", "Bəlkə də qaytardılar", "İki ər" hekayələri, "Niyə məni döyürsünüz" felyetonu və "Kamança" pyesi daxil edilib. Kitabın ideya müəllifi və ön sözün müəllifi akademik İsa Həbibbəylidir.

Cəlil Məmmədquluzadənin əsərlərini Litva dilinə Litva Dövlət mükafatı laureatı, Yazıçılar İttifaqının üzvü, professor İrena Aleksaite və Litvada yaşayan tanınmış ədəbiyyatşünas, publisist və tərcüməçi Mahir Həmzəyev tərcümə ediblər.

Qeyd edək ki, Litvada nəşr olunan "Nigarançılıq" toplusu Cəlil Məmmədquluzadənin Baltikyanı ölkələrdə çıxan ilk kitabıdır.

Kitabın tərcüməsi və nəşri Azərbaycan Respublikasının Litva Respublikasındakı Səfirliyinin dəstəyi ilə həyata keçirilib.

Hazırda akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsini dünyanın 25 dilində müqəddimə, fotolar və illüstrasiyalarla birlikdə çapa hazırlayır.

Qvami Məhəbbətoğlu

DİGƏR XƏBƏRLƏR

Top